Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi 2–6 dekabr 2025-ci il tarixlərində Vaşinqtonda Beynəlxalq Demokrat İttifaqının (İDU) təşkil etdiyi “İDU Forum-2025” tədbirində iştirak edib.
Moderator.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin qatıldığı forumda bir sıra ölkələrin partiya rəhbərləri, dövlət və hökumət başçıları, nazirlər, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamenti üzvləri, nüfuzlu beyin mərkəzlərinin təmsilçiləri və aparıcı media qurumları, eləcə də “Google” şirkətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə AMİP-i partiya sədri, millət vəkili Arzuxan Əlizadə, sədr müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə və Qadın Təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil edib.
Forum yekunlaşandan sonrakı gün Beynəlxalq Demokrat İtiifaqının növbəti İcraçı Toplantısı keçirilib. Yalnız BDİ-nin üzvü olan partiya rəhbərlərinin iştirak etdiyi toplantıda BDİ rəhbər strukturlarının ötən dövr ərzində fəaliyyətləri ilə bağlı ənənəvi hesabatı, həmçinin üzv ölkələrin məlumatları dinlənilib, üzvlüyə qəbul üçün edilən müraciətlərə baxılıb.
İcraçı Toplantının gündəliyinə AMİP-in təqdim etdiyi Qətnamə layihəsi də daxil edilib. Qətnamə layihəsində Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun bacarıqsızlığı, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi və bununla da regionda dayanıqlı sülh və sabitliyə nail olunması, bu kontekstdə yeni reallıqların bərqərar olması fonunda Ermənistanın da suverenlik əldə etmək imkanlarının yaranması, Zəngəzur dəhlizinin açılmasının, eləcə də tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün mövcud əngəllərin aradan qaldırılmasının vacibliyi və digər məsələlər əks olunub. BDİ sədri Stiven Harper tərəfindən toplantı iştirakçılarının diqqətinə çatdırılan qətnamə layihəsi yalnız EPP-ni təmsil edən bir nümayəndənin bitərəf qalması, digər nümayəndələrin isə hər birinin lehinə səs verməsi ilə qəbul olunub.
AMİP tərəfindən təqdim olunan Qətnamənin qəbulu ilə Beynəlxalq Demokrat İttifaqı (İDU) növbəti dəfə Cənubi Qafqazda Azərbaycanın sülh səylərinə dəstəyini ifadə etmişdir.

Qətnamədən əsas məqamlar:
– BDİ Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda razılaşdırılmış sülh müqaviləsini regionun inkişafı üçün mühüm addım kimi qəbul edir.
– “Beynəlxalq sülh və rifah naminə “Tramp marşrutu (TRIPP)” adlanan Zəngəzur kommunikasiya xəttinin açılmasının siyasi və iqtisadi baxımdan əhəmiyyətli olacağı bildirilir.
– Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin sülh üçün mühüm təşəbbüs olduğu qeyd olunur.
– Böyük sülh müqaviləsinin imzalanmasına mane olan səbəblərin tezliklə aradan qaldırılacağına ümid ifadə edilir.
– Bu prosesin nəticəsində Rusiyanın region ölkələrini siyasi və iqtisadi təsir altında saxlamaq imkanlarının azalacağı vurğulanır.
– Qarabağ probleminin həlli digər postsovet məkanında da Moskvanın yaratdığı etnik münaqişələrin aradan qaldırılması üçün stimul sayılır.