Pensiya yaşına çatmadan yığılan kapitaldan istifadə edə bilərik? - AÇIQLAMA
377
11:59, Bu gün

Pensiya yaşına çatmadan yığılan kapitaldan istifadə edə bilərik? - AÇIQLAMA

Azərbaycanda minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 46080 manat pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur. Lakin həmin kapitalı daha erkən yada doldurmuş onlarla insan olmasına baxmayaraq onlar kapitallarını istifadə edə bilmirlər, bu kapital onlara verilmir.
 
Bəs maraqlıdır, insan vəfat etdikdən sonra onun pensiya kapitalı hara köçürülür? Pensiya yaşına çatmadan o məbləğdən istifadə edə bilərikmi? Bunun üçün mexanizm varmı?
 
Moderator.az xəbər verir ki. iqtisadçı Eldəniz Əmirov Lent.az-a bildirib ki, işləyən insanların sosial sığorta ödənişləri ilə formalaşan pensiya kapitalları hazırda pensiyaçıların pensiyasına ayrılır:

“Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin pensiya vermək üçün lazım olan vəsaitdən az olduğunu, yəni faktiki olaraq gərəkli maliyyə vəsaitinin çatmadığını qeyd etmişdim. Bu isə bəzi şəxslər tərəfindən birmənalı qarşılanmamışdı. Lakin bir neçə ay əvvəl dediyim fikri daha dəqiq şəkildə ötən həftə Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Anar Əliyev Milli Məclisdə çıxışında bildirdi ki, bu gün istənilən şəxsin ödədiyi sığorta haqqı 1,1 milyon əmək pensiyaçısının pensiyasının maliyyələşdirilməsinə yönəlir. Dövlət Vergi Xidməti ilə birgə ay ərzində topladığımız sosial sığorta haqları elə həmin ay pensiyaların ödənilməsinə yönəlir.

Bu onu göstərir ki, DSMF-nin debitor borcu kifayət qədər böyükdür. Toplanan sosial sığorta haqları fondda saxlanılmır, əksinə dərhal pensiyaçılara verilir. Odur ki, fondun gəlirləri ilə xərcləri arasında yaranan fərq əsasən dövlət büdcəsi hesabına qarşılanır.

2026-cı ildə DSMF-nin büdcəsi 8 milyard 483 milyon manat səviyyəsində proqnozlaşdırılıb, əhaliyə ödənişlər 8 milyard 196 milyon manat nəzərdə tutulub ki, bunun da 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 204 milyon manatı isə müavinətlərin payına düşür. Amma fondon gəlirlərinin yalnız 79 faizini isə dövlət sosial sığorta haqları tutur. Yəni bu o deməkdir ki, bir il ərzində məcburi dövlət sosial sığorta haqlarından toplanan vəsait il ərzində fondun gəlirlərinin 79 faizini, (təxminən 6,6 milyard manat) təşkil edir.

Göründüyü kimi, işləyən insanlardan toplanan sosial sığorta haqları pensiyaçıların pensiyalarını verməyə belə, kifayət etmir. Buna görə də 2026-cı ilin dövlət büdcəsindən 1,7 milyard manat məhz DSMF-yə köçürüləcək. Halbuki 2025-ci ildə bu köçürülümə 1,2 milyard manat olmuşdu. Deməli, qarşıdakı ildə builkindən 500 milyon manat çox vəsait ayrılmalı olacaq. Bu isə o deməkdir ki, fondun gəlirləri ödənişləri tam qarşılamır və bu fərq ildən-ilə böyüyür.

Belə mühitdə insanların pensiya kapitalının özlərinə verilməsi necə mümkün ola bilər? Bu yalnız o halda mümkün ola bilər ki, onların yığılan kapitallarına toxunulmasın. Əgər dövlət sosial sığorta haqları ödəyən insanın pensiya kapitalına toxunulursa, o vəfat etdikdən sonra pulu necə qaytarılacaq?

Sual yaranır: "Bəs kapitaldan istifadə olunmursa, onda bu günkü pensiyaçıların pensiyası haradan verilsin?"

Bu sualın iki cavabı var: Ya işləyən şəxslərin sosial sığorta haqları pensiyaçılara veriləcək, hazırda bu metoddan istifadə olunur. Digər halda isə insanların pensiya kapitalına toxunmadan dövlət büdcəsindən 1,7 milyard yox, ümumi pensiyaçılar üçün gərəkli olan bütün məbləğ fonda köçürülməlidir. Bu isə çox böyük rəqəm olduğundan, faktiki olaraq real görünmür. Əgər belə bir hal olarsa, onda ya büdcə kəsri fantastik dərəcədə artacaq, ya da büdcədə digər xərclər azaldıla bilər.

Üçüncü variant da var, bunun da əsasında iqtisadi inkişafın daha da sürətlənməsidir. Məhz inkişaf etmiş ölkələrdə bu üçüncü variant özünün daha dayanıqlı olduğunu təsdiq etmişdir.”, - E.Əmirov fikrini yekunlaşdırıb.

Link kopyalandı!
Son xəbərlər