Bizi sosial şəbəkələrdən izləyin:
“Aşıq Ələsgərin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda qoyulan heykəli nəzarətsiz qalıb. Belə ki, oradakı şam ağaclardan birinin qozasının şirəsi tamamilə heykəlin üstünə axıb tökülüb. Nəticədə heykəl yararsız hala düşüb. 10 gün olar ki, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etmişəm. Hələ də problemi həll etməyiblər. Hətta orada qoca bir şam ağacı var. O da bir gün qırılıb heykəlin üstünə düşə bilər və nəticədə heykəl qırıla bilər”.
Bunu Moderator.az-a açıqlamasında Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli bildirib.
O daha sonra əlavə edib:
“Orada yolun kənarında iki ağacın yeri dəyişdirilməlidir. Rəşid Behbudov küçəsindən qalxanda həmin ağaclar heykəlin qarşısını kəsir, heykəl görünmür. Heykəl ora qoyulub ki, Rəşid Behbudov küçəsindən də, Bakıxanov küçəsindən gələnlər də onu görsün. Ya həmin 3 ağac oradan çıxarılıb başqa yerdə əkilsin, ya da ümumiyyətlə onları kəsmək lazımdır. O ağacların yerinə harada desələr 30 ağac əkərəm. Həmin ağacların yerinə oturacaq qoymaq olar, gül-çiçək əkmək olar. Çünki yaşlı adam gəlir, oturmağa yer yoxdur. Parkın içində o tərəflərdə oturacaq var, amma heykəllin yaxınlığında yoxdur. Bəlkə 2 yaşlı, ahıl insan gəldi, harada otursunlar? Xahiş edirəm, bu mövzunu aidiyyatı qurumlar diqqətdə saxlasınlar”.