Bəzi şəxslərə müxtəlif səbəblərdən cərimələr tətbiq edilsə də, onlar bu cərimələri vaxtında ödəməyiblər. Məsələn, karantin dövründə yazılan cərimələr hələ də çox adam tərəfindən ödənilməyib. Bəs bu və digər ödənilməmiş cərimələr şəxslərin ölkədən çıxışına məhdudiyyət yarada bilər?
Moderator.az xəbər verir ki, hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, inzibati qaydada cərimə edilmiş fiziki şəxslərin, eləcə də hüquqi şəxslərin vəzifəli şəxslərinin ölkədən çıxışına qadağa qoyula bilər:

“Bu, “İcra haqqında” Qanunun 84.1-ci maddəsinə əsasən tətbiq olunur. Cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə, icra məmuru borclu şəxsin (və ya inzibati tənbehə məruz qalmış şəxsin) ölkədən çıxışının məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verir və məhkəmə həmin təqdimat əsasında qərardad qəbul edir”.