Əmək Məcəlləsinə dəyişikliklər - işəgötürənləri və işçiləri hansı yeniliklər gözləyir?
179
11:55, Bu gün

Əmək Məcəlləsinə dəyişikliklər - işəgötürənləri və işçiləri hansı yeniliklər gözləyir?

Əkrəm Həsənov deyir ki, sahibkar istədiyi vaxt işçini səbəb göstərmədən işdən azad etməlidir, yalnız... 

“1999-cu ildən etibarən Əmək Məcəlləsinə yüzlərlə maddə üzrə dəyişiklik edilib. Lakin kəmiyyət baxımından ümumilikdə 18 qanun üzrə 178 maddədə 457 dəyişikliyi özündə ehtiva edir. Bu qanunların 8-i birbaşa Əmək və Sosial Siyasət Komitəsinin qanunvericilik arealına aid olan, digərləri isə dolayısı yolla komitəyə aid olan məsələlərdir. Ümumilikdə 154 maddə üzrə 457 dəyişikliyin 420-si sırf Əmək Məcəlləsinə aid olan məsələlərdir ki, bu da faiz nisbətində 92 faizə bərabərdir”. Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü plenar iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri qeyd edib ki, komitənin qanunvericilik sahəsinə aid olan məsələlərdə “Həmkarlar İttifaqları haqqında” Qanunda 6, “Sosial sığorta haqqında” Qanunda 1, “Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda 2, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda 1, “İşsizlikdən sığorta haqqında” Qanunda və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda 4, “Məşğulluq haqqında” Qanunda isə 2 dəyişiklik nəzərdə tutulub. 17 qanunda təsbit olunması nəzərdə tutulan dəyişikliklər məhz Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanıb və uyğunlaşdırma xarakterlidir".

Ekspertlərin fikrincə, mövcud Əmək Məcəlləsi həm işəgötürən, həm də işçi üçün real problemlər yaradır.

Əmək Məcəlləsində əsas dəyişilməli olan hansı qanunlardır? İşçilərin və işəgötürənlərin hüququ baxımından nələr dəyişəcək?

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanın Əmək Məcəlləsi sovet təfəkküründən doğan bir sənəddir. Sosialist dövlətinin əmək məcəlləsi modelinə əsaslanır. Fəlsəfəsi də bundan ibarətdir. Mən bunu ümumilikdə deyirəm, çünki orada hərdən hansısa xırda məsələləri dəyişirlər, amma mahiyyət dəyişmir. Yəni hazırkı qanunvericilik guya ki, işçini müdafiə edir. Amma çox sərt tələblər var: işdən azad etmə qaydaları, iş vaxtı ilə bağlı məsələlər - hamısı çox sərtdir. Yəni işəgötürən üçün sərt tələblər nəzərdə tutulub. İşçini işdən çıxarmağın əsasları sərtdir, elə-belə çıxarmaq olmaz. Sanki dövlət işçisidir. Amma təfəkkür dəyişməlidir axı. Azərbaycan artıq 30 ildən çoxdur ki, bazar iqtisadiyyatı yolu ilə gedir. İşəgötürənlərin çoxu artıq dövlət qurumu deyil, sahibkarlardır. Sahibkar da tamamilə öz biznes strategiyasına uyğun olaraq istəyir ki, işçiləri dəyişsin, yeni top-menecerlər təyin etsin, onlar da öz komandalarını gətirsin. Amma işçini işdən çıxarmaq olmur. Guya ki, bu, işçinin xeyrinə olan məsələdir - amma əslində yox. Bu halda nə baş verir? İşəgötürən başlayır min cür fənd düşünməyə. Bu işçini çıxarmaq üçün ona ilişir, işçidən nə isə qüsur axtarmağa başlayır, onu qorxudur ki, "öz ərizənlə çıx", çünki qanundakı sərtlik səbəbindən başqa yolu yoxdur. Yaxud çalışır ki, işçi hansısa pozuntu etsin, ya nə isə açıqlasın ki, guya işçi tələblərə cavab vermir. Və ya ixtisar etsin. Amma ixtisar etmək də hər vəzifədə mümkün olmur, ağır prosedurdur".

Vəkil bəzi ölkələrin təcrübəsindən danışıb: “İşəgötürən işçini heç bir səbəb göstərmədən də işdən azad edə bilər. Amma kompensasiya verməlidir. Əvvəlcə sosial müdaxilənin adından şikayət edirlər, sonra həmin adla gəlib sahibkardan rüşvət alırlar. Bu da həm sahibkara ziyan edir, həm də işçiyə. Yaxud məsələ məhkəməyə düşür, məhkəmədə də sahibkardan pul alırlar ki, qərarı onun xeyrinə çıxarsın və s. Bu, lazım olmayan bir vəziyyətdir. Deməli, bu məcəllə artıq dövrün tələblərinə cavab vermir. Elə etmək lazımdır ki, həm sahibkarın, həm də işçinin maraqları nəzərə alınsın. Sahibkar işçi ilə işləmək istəmirsə, qanunda yazılsın ki, məsələn, 6 aylıq və ya 1 illik maaşını versin və işçini azad etsin. Bu, işçi üçün də yaxşıdır - əsəbləri korlanmır, kompensasiyasını alır, gedib özünə yeni iş axtarır. Sahibkar üçün də yaxşıdır, çünki sahibkarlıq fəaliyyəti ilə rahat məşğul ola bilir. Əsas məsələ budur, bizim Əmək Məcəlləsində çeviklik yoxdur”.

Əkrəm Həsənovun sözlərinə görə,  Əmək Məcəlləsində yazılıb ki, işəgötürən yalnız müəyyən hallarda müddətli əmək müqaviləsi bağlaya bilər: “Halbuki sağlam məntiqə görə, işəgötürən, ümumiyyətlə, müddətli əmək müqaviləsi bağlaya bilməlidir. Yalnız bir qayda qalmalıdır ki, əgər işçi 5 il işləyibsə, 5 ildən sonra həmin müqavilə artıq avtomatik olaraq müddətsizə çevrilsin. Amma hazırkı yanaşma düzgün deyil. Məntiqlə müqavilələr bir qayda olaraq müddətsiz bağlanmalıdır. Bütün sivil dünyada da belədir. Əks halda, işçi tamamilə işəgötürəndən asılı vəziyyətdə qalır. Xüsusi hallar olmalıdır: məsələn, işin mahiyyəti müvəqqəti xarakterlidirsə, o zaman müddətli müqavilə bağlanmalıdır. Amma bu gün vəziyyət belədir - hamı bu problemi bilir, lakin heç kəs buna əncam çəkmir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər