Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının yuxarı olmasıdır. Xatırladaq ki, pensiya yaşının yüksəldilməsi prosesi 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliklərlə start götürüb. Həmin dəyişikliklərə əsasən, pensiya yaşı hər il 6 ay artırılmaqla tənzimlənməli idi. Kişilərlə bağlı artım prosesi 2021-ci ildə tamamlanıb və hazırda kişilər 65 yaşda pensiya hüququ əldə edirlər. Qadınlarda isə proses 60 yaşdan başlayıb və daha uzun müddət davam etdiyindən yalnız 2027-ci ildə qadınların da pensiya yaşı 65-ə çatacaq. Bununla da mövcud artım mərhələsi yekunlaşacaq.
Məlum olduğu kimi, bir sıra ölkələrdə pensiya yaşı 67-dir. Azərbaycanda isə hazırda müəyyən edilmiş 65 yaş həddi kifayət qədər yüksək hesab olunur. Ekspertlər bildirirlər ki, ölkədə orta ömür uzunluğu nisbətən aşağıdır və buna görə də gözlənilən pensiya dövrü qısadır.
Bəs Azərbaycanda pensiya yaşının 65-dən 60-a endirilməsi mümkündürmü? Yoxsa əksinə, gələcəkdə daha da artacaq?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Müsavat”a danışıb. İqtisadçı qeyd edib ki, dünya təcrübəsində pensiya yaşının müəyyən edilməsi zamanı bir sıra faktorlar nəzərə alınır: “Buraya orta ömür müddəti, əhalinin sağlamlıq səviyyəsi, əmək qabiliyyətli dövrün uzunluğu daxildir. Paralel olaraq son illərdə orta ömrün artması fonunda fiskal məsələlər də gündəmə gəlib. Yəni pensiya sisteminin maliyyə dayanıqlılığı problemləri ortaya çıxır. Çünki pensiya alanların yaşı artır, təbii artım sürəti aşağı düşür, doğum sayı azalır. Bu isə pensiya alanların sayı ilə əmək bazarında aktiv çalışanların sayı arasındakı nisbətin dəyişməsinə gətirib çıxarır. Dünya təcrübəsində qəbul olunmuş orta göstərici təxminən 1 pensiyaçıya 3 işləyənin olmasıdır. Lakin məsələn, Azərbaycan təcrübəsində bu rəqəm təxminən 1,6 nəfərdir. Hazırda ölkədə təxminən 1 milyon 100 min pensiyaçı var, 1 milyon 780 minə yaxın da muzdla çalışan şəxs fəaliyyət göstərir. Faktiki olaraq sığorta ödəyənlərin sayı bu qədərdir. Bu kimi faktorların fonunda hökumətlər öz prioritetlərini müəyyən edirlər. Maliyyə sıxıntıları olan ölkələrdə fiskal məsələlər daha çox önə çıxır, maliyyə dayanıqlılığı güclü olan ölkələrdə isə prioritetlər artıq demoqrafik siyasət və sosial rifah parametrləri əsasında müəyyən edilir və pensiya yaşı da bu çərçivədə müzakirə olunur”.
Rəşad Həsənov bildirir ki, digər ölkələrdə pensiya yaşı ilə orta ömür arasında təxminən 14-15 il fərq olur. Azərbaycanda isə orta ömür təxminən 74 ildir və əgər bu fərqi 14-15 il götürdükdə o zaman pensiya yaşının təxminən 60 olması zərurəti formalaşır.
Ekspert deyib: “Lakin kişilərdə artıq pensiya yaşı 65-dir, qadınlarda isə 2027-ci ildə 65 yaşa çatdırılacaq. Hökumətin 2006-cı ildə təsdiq etdiyi göstəriciyə əsasən gözlənilən pensiya dövrü 12 ildir, yəni 144 ay. Biz bunu rifah səviyyəsi daha yüksək olan ölkələrdəki vəziyyətlə müqayisə edəndə fərq daha da kəskin görünür. Azərbaycanda 65 yaşla 74 yaş arasındakı fərqə baxanda, orta hesabla bir nəfər 9 il pensiya alır. Yəni gözlənilən pensiya dövrü 9 ildir. Kişilərdə isə bu göstərici, ümumiyyətlə, daha aşağıdır - təxminən 6-6,4 il. Məsələn, Yaponiyada orta ömür 89 ilə yaxındır, pensiya yaşı 67-dir. Kanadada orta ömür 88 il olsa da, pensiya yaşı 66-dır. Fərqlər göstərir ki, bəzi ölkələrdə orta ömür ilə pensiya yaşı arasında 22 ilə qədər fərq mövcuddur. Azərbaycanda isə bu fərq çox kiçikdir.
Eyni zamanda əmək şəraiti, insanların sağlamlıq səviyyəsi və əmək qabiliyyətinin real vəziyyətinə baxanda da Azərbaycan üzrə durum çox ürəkaçan deyil. Bir yaponun, almanın, kanadalının 65 yaşında əmək bazarında göstərdiyi performansla azərbaycanlının 65 yaşında göstərdiyi performans eyni deyil. Üstəlik, həmin ölkələrdə əmək şəraiti daha yüngüldür, bizdə isə fiziki əməyin payı daha böyükdür. Yaş artdıqca insanların əmək bazarında aktiv qalması daha da çətinləşir. Bütün bu faktorları nəzərə alsaq, ən optimal variant - gender fərqi nəzərə alınmadan - Azərbaycanda orta pensiya yaşının 60 olmasıdır. Yəni 65 yaş kifayət qədər yüksək göstəricidir. Bu, pensiyaya çıxma əlçatanlığını azaldır və sistem üzrə göstəriciləri pisləşdirir".
Rəşad Həsənovun fikrincə, pensiya yaşının 60-a endirilməsi mümkündür, lakin burada əsas məsələ maliyyə dayanıqlılığıdır: “Azərbaycanda 5 milyon 100 min yetkin insanın təxminən 4 milyonunun əmək müqaviləsi olmalı idi. Hazırda 1 milyon 780 minə yaxın insanın əmək müqaviləsi var, 2 milyon 200 min adamın əmək müqaviləsi rəsmiləşməyib.
Əgər bu istiqamətdə fundamental islahatlar aparılsa, əmək bazarının leqallaşdırılması təmin edilsə, pensiya sisteminin gəlir hissəsi əhəmiyyətli dərəcədə arta bilər. Bu isə Azərbaycanda daha loyal pensiya sisteminin qurulmasına və pensiya yaşının 60-a endirilməsinə real imkan yaradar. Bu gün qərar qəbul edənlər iddia edirlər ki, sistem özünü təmin etmir, dövlət büdcəsindən transfertlər ayrılır və sair. Amma bu, vətəndaşın günahı deyil. Bu, hökumətin son 35 ildə həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi olaraq ortaya çıxan məsələdir. Bu problemi dəyişmək və həll etmək vətəndaşın deyil, dövlətin əlindədir.
Beləliklə, bəli, pensiya yaş həddini aşağı salmaq olar, lakin hökumətin real olaraq buna gedəcəyi gözlənilmir. Əksinə, pensiya yaşının artırılması məsələsi də gündəmdədir".