Bizi sosial şəbəkələrdən izləyin:
“Məmməd Səid Ordubadi mənim anamı “balaca Məhsəti” adlandırırdı. Məhsəti Gəncəvi kimi şairənin adını bədnam işlərdə hallandırmaq düzgün deyil. Mən həmin filmi izləməmişəm. Həqiqətənmi belə bir film çəkilib? Ümumiyyətlə Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi haqda çox şayiələr yayırlar. İndiki zəmanədə nə desən olar. Mən özüm haqda bəzən elə sözlər eşidirəm ki, matım quruyur. Dildə sümük yoxdur, kim nə istəyirsə onu da danışır. Hər deyilən sözə inanmaq olmaz”.
Bunu Moderator.az-a açıqlamasında ilk qadın xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.
O daha sonra gənc şair Qabil Ədalətin “şairlər yer üzünün ən bədbəxt insanlarıdır” sözünə münasibət bildirib:
“Nəinki şairlər, elə rəssamlar da o gündədir. Mən Sabir bağının yanında yaşayıram. Bəzən Nizami küçəsindən keçəndə rəssamlara ürəyim ağrıyır. Milyonda bir adam ola bilər ki, onların çəkdiyi şəkilləri alsın. Rəssamlar, şairlər, bəstəkarlar yer adamları yox, göy adamlarıdır. Onlar tamamilə başqa həyat yaşayırlar. Əlbəttə ki, onlar bizim aləmimizdə bədbəxtdirlər. Amma öz aləmlərində onlardan xoşbəxti yoxdur. Ulu Öndər Heydər Əliyev anama zəng edib deyirdi ki, Mirvari xanım nə istəyirsiz? O deyirdi ki, mənə heç nə lazım deyil, təki vətənim xoşbəxt olsun. Bizim evdə Allahın bir lüsturu, parketi də yox idi. Halbuki anam nə istəsəydi onu da verərdilər. Məsələ bunda deyil. Onlar bu kimi şeylərə meşşan kimi baxırdılar. Anamın bir şeiri var, məzmunu belədir ki, “qulağıma brilliant sırğa taxdım, nə boyum yekəlmədi, nə də başqa bir şey olmadı”. İndiki cavanları bədbəxt edənlər belə şeylərdir. Qızı ərə verir, oğlan evinə deyir ki, filan şeyləri gətirməlisən. Cövdət Hacıyev mənim bibim Əminə Dilbazinin həyat yoldaşı idi. Mən bir dəfə gedib oturdum onun yanında.. Gördüm necə çalışır, səs-küy salır. Bu musiqi ilə yaşayırdı. Biri hündürmərtəbəli binalar tikir, biri də mənəviyyatını zəngin saxlamaq istəyir. Əslində dünyanın ən bədbəxt insanları poeziyanı, rəssamlığı, bəstəkarlığı başa düşməyənlərdir. Bir insan ki, Nizamini, Füzulini, Sabiri tanımır, siz nə qoyub, nə axtarırsınız? İndiki zamanda savadlılar da çoxdur, savadsızlar da. Biz elm adamı olmuşuq. Telefon sənə verilməyib ki, sən kitab oxuma! Biz kitab oxumuşuq. Bu yaşımdan sonra istəsəm də texnikanı öyrənə bilmərəm”, - deyə o bildirib.
