“Mehmed: Fetihler sultanı” serialı sosial mediada müzakirə yaradıb. Buna səbəb layihədə Azərbaycanın ilk diplomat qadını, Uzun Həsənin anası Sara Xatunu canlandıran aktrisa olub. Belə ki, Sara Xatun üçün aktrisa Selma Güneri ilə razılaşma əldə edilib. Günerinin botoksları istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi izləyicilər bu rol üçün azərbaycanlı aktrisanın daha uyğun olacağını yazıb.
Moderator.az-a açıqlama verən əməkdar artist Gülşad Baxşıyeva deyir ki, tarixi filmlərdə çəkilən aktrisalar botokssuz olmalıdır:
“Mən bu aktrisanı tanımıram. Botoks edirlər, dodaqları şişirdirlər, gözləri dartdırırlar. Bu əsasən daha çox müğənnilərdə olur. Ona görə də onlar bir-birlərinə oxşayırlar. Ümumiyyətlə aktrisalar botoks etdirməməlidirlər. Başqa prodesurlar var ki, dərini daha cavan saxlayır, qırışları yox edir. Botoks çox eybəcərdir. Həm də sifətin cizgiləri itir. Ona görə aktrisaya botoks etmək yaramaz. O dəqiqə hiss olunur. İllah ki, filmdə.. Kamera gəlib onun üzünü, gözünü tutur, hər şey görünür. Bu aktrisa qədim əsrdə yaşamış bir xatunu oynayır. Yenə müasir bir qadını oynasaydı, müasir film olsaydı zəmanəsinə uyğun ola bilərdi ki, botoks etsin. O da əgər rejissor tələb edirsə”, - deyə sənətkar bildirib.
Gülşad Baxşıyeva bildirib ki, serialda Azərbaycanın ilk diplomat qadını Sara Xatunu elə azərbaycanlı aktrisa canlandırsa yaxşıdır:
“Bizdə yetərincə aktrisalar var. Akademik Milli Dram teatrında Münəvvər Əliyeva var. Çox gözəl və möhtəşəm aktrisadır. Sifət quruluşu da gözəldir. Bakı Bələdiyyə teatrında Hüsniyyə Mürvətova var. Ümumiyyətlə yaşlı obrazdırsa bu rolu Firəngiz Mütəllimova da, Bəsti Cəfərova da, Laləzar Mustafayeva da, bir az cavandırsa Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı da oynaya bilər. Ümumiyyətlə Akademik Milli Dram teatrında cavan da olsalar, çox gözəl aktrisalar var. Həm istedad, həm də gözəllik baxımından.. Milli Gənc Tamaşaçılar teatrında Kəmalə Müzəffər var. Çox gözəl sifəti var. Aktrisadılar da bunlar. Niyə çəkilə bilməzlər? Türkiyədə demirəm, ümumiyyətlə ölkəmizdə niyə çəkilə bilməzlər? Türkiyədə insanların sayı 80, bizdə isə 10 milyondur. Bölgə teatrlarımızda da aktrisalar çoxdur. Sadəcə onları görmək lazımdır. İndiki dövrü bir kənara qoysaq, keçmişdə də bizim həqiqətən gözəl aktrisalarımız olub. Hökümə Qurbanova, Barat Şəkinskaya, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Amaliya Pənahova.. Amaliya xanım sağ olsaydı bu rolu o da oynaya bilərdi. Niyə də yox? Düzdür, onda da botoks var idi, amma olmayan dövrləri də olub da”, - deyə aktrisa bildirib.