232
15:06, Bu gün

"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub - FOTOLAR

Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Neft" bədii filminin ABŞ-nin kino sənayesinin mərkəzi - Hollivudun yerləşdiyi Los-Anceles şəhərində təqdimatı keçirilib. Film şəhərin kino mütəxəssislərin toplaşdığı tanınmış məkanlarından biri olan "Ross House"da Hollivudun film sənayesi nümayəndələri üçün nümayiş etdirilib. 100-dən çox qonağın iştirak etdiyi tədbirdə nümayişdən sonra filmin rejissoru Zaur Qasımlı ilə sual-cavab sessiyası təşkil olunub.
 
Moderator.az xəbər verir ki, bu tədbir "Tağıyev" filminin beynəlxalq səviyyədə tanıdılması və Azərbaycan kinosunun dünyada daha geniş auditoriyaya çatdırılması üçün atılmış növbəti uğurlu addımdır.
 
Məlumat üçün deyək ki, "Tağıyev: Neft" filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının ("Oscar") mükafatlarına "Ən Yaxşı Beynəlxalq Bədii Film" kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib. Kino Sənəti və Elmləri Akademiyası ("Oscar") "Ən Yaxşı Beynəlxalq Bədii Film" kateqoriyası üzrə qısa siyahını 2025-ci il dekabrın 16-da, əsas nominasiyaları isə 2026-cı il yanvarın 15-də elan edəcək. Mükafatlandırma mərasimi isə 2026-cı il martın 15-də Los-Anceles şəhərində baş tutacaq.
 
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. "Tağıyev: Neft" filmi güclü yaradıcı komandanın birgə əməyinin nəticəsidir. Baş prodüser Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operator Vladimir Artemyev, rəssam Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkar Etibar Əsədli filmin uğurunda mühüm rol oynayıblar.
 
Filmdəki tarixi obrazları Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, peşəkar aktyor heyəti canlandırıb.
Link kopyalandı!
Son xəbərlər