469
14:40, Bu gün

"Hörümçək toru" əməliyyatı: Rusiyanın dərinliyində gizli dron zərbələri necə həyata keçirilib?" - "The Wall Street Journal"

 
"Gizli logistika, uydurulmuş "əfsanə" və qaçış planı haqqında yeni təfərrüatlar..."
 
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müasir müharibə tarixinin ən iddialı gizli əməliyyatlarından birini - Rusiyanın dörd hərbi hava limanına eyni anda dron hücumunu əvvəllər məlum olmayan dərəcədə geniş hazırlıq və maskalanma ilə həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
"Damın altında dronlar var..."
 
Nəşr yazır ki, "Hörümçək toru" adlı bu xüsusi əməliyyat nəticəsində onlarla Rusiya hərbi təyyarəsi məhv edilib və ya sıradan çıxarılıb. Hər şey o zaman dramatikləşib ki, Rusiyada yük maşını sürücüsü panika içində logistika meneceri Artyom Timofeyeva zəng edərək qışqırıb: "Damın altında dronlar var!". O isə özünü heç nə bilmirmiş kimi aparıb,  halbuki Timofeyev UTX-in Rusiyadakı əsas bağlantılarından biri olub. UTX dərhal sürücüyə inanılacaq "əfsanə" uydurub: guya bunlar heyvan izləmə sistemi üçün ov kabinələridir. Sürücü qısa müddət sonra damı yenidən bağlayıb və əməliyyat davam edib.
 
"Hörümçək toru"nun gizli mexanizmi
UTX yüzlərlə dron və səkkiz xüsusi yığma kabinəni Rusiyaya gizli şəkildə daşımaq üçün mürəkkəb logistika şəbəkəsi qurub. Kabinələr kiçik evlərə bənzədilib, günəş panelləri və qoşulma sistemləri ilə təchiz edilib. Dronlara xüsusi rabitə modulları quraşdırılıb ki, idarəetmə birbaşa Kiyevdən mümkün olsun. Mayın sonunda beş yük maşını Rusiyanın müxtəlif istiqamətlərinə yollanıb. 1 iyun gecəsi həmin kabinələrdən 100-dən çox dron havaya qalxıb və eyni anda dörd hərbi hava limanına zərbə endirib. UTX-in hesablamasına görə, 41 təyyarə zədələnib və ya vurulub, bir neçəsi tamamilə məhv edilib.
 
Əməliyyatın mərkəzində olan ailə
Artyom və Yekaterina Timofeyevlər 2014-cü ildən sonra Rusiya iqtisadi böhranı dönəmində ora köçmüş ukraynalılardır. Dil, sənədlər və məişət uyğunluğu onlara xüsusi şəbəkə yaratmağa imkan verib. Əməliyyatdan əvvəl Lvovdə poliqrafdan keçən cütlük Çelyabinskdə gizli anbar, sürücülər və bütün logistikanı idarə edən strukturu qurub. Zərbə ərəfəsində isə onlar artıq Rusiyadan qaçıb - Qazaxıstan sərhədini "səyahət" adı ilə keçərək, özləri ilə yalnız ən dəyərli əşyaları və hətta pişik və iti də götürüb.
 
Zərbənin nəticəsi və UTX üçün dönüş nöqtəsi
 
"Hörümçək toru" əməliyyatı UTX-in nüfuzunu yüksəldən ən mühüm addımlardan biri kimi qiymətləndirilir. Vasıl Malyukun rəhbərliyi altında qurum postsovet modelindən çıxaraq mürəkkəb, yüksək texnologiyalı əməliyyatlar həyata keçirən xüsusi xidmətə çevrilib - Kerç körpüsünün partladılması, yüksək rütbəli rus generallarının zərərsizləşdirilməsi və digər diversiyalar bunun təsdiqidir.
 
1 iyun hücumunda "Belaya", "Dyagilevo", "Olenya" və "İvanovo" hava limanları vurulub. Hədəf alınan 41 təyyarə, o cümlədən Tu-95, Tu-22M3, Tu-160 və A-50 kimi ən mühüm bombardmançı və kəşfiyyat platformaları Rusiya HHM və strateji aviasiyasının təxminən üçdə birinə bərabərdir. Bu əməliyyat bir daha göstərib ki, Ukraynanın xüsusi xidmətləri artıq təkcə müdafiəylə kifayətlənmir, həm də Rusiyanın dərin arxa cəbhəsində yüksək dəqiqlikli diversiyalar həyata keçirə bilir.
Link kopyalandı!
Son xəbərlər