Şirkət qurumun müxtəlif təyinatlı ehtiyat hissələrinin və xidmətlərin göstərilməsi üzrə iri məbləğli sifarişlərini yerinə yetirib. Təkcə 2020-ci ildə “BakuBus” bu şirkətə 5 müqavilə bağlayıb:
Elektrik komponentləri üçün 429.029,38 AZN, isitmə, kompressor və pnevmatik sistemlərin ehtiyat hissələri üçün 415.171,86 AZN, karkas detallarının alınması üçün 470.583,53 AZN, ön asqı sistemləri üçün 621.457,52 AZN, soyutma sisteminə aid ehtiyat hissələri üçün 1.363.414,01 AZN ödəniş edib.
2019-cu ildə isə “Aztech and Tegeta Motors” ilə “İveco” avtobusları üçün texniki xidmət ehtiyat hissələrinin alınması üçün 1.200.102,07, sürtkü materiallarının alınması ilə bağlı 335.946, eyni markalı avtobuslara təkərlərin alınması üçün 600.000 manatlıq müqavilələr imzalanıb.
“Aktiv Qrup” MMC ilə bağlanan müqavilələr
“BakuBus” MMC-nin digər “daimi” tərəfdaşı “Aktiv Qrup” MMC-dir. Bu şirkətlə müxtəlif illərdə yüksək məbləğli müqavilələr imzalanıb. 2020-ci ildə “İveco” markalı avtobuslara texniki baxış və müntəzəm xidmət göstərilməsinə tələb olunan əyləc qəliblərinin satınalınması üçün MMC ilə 286.032 AZN, “İveco” markalı avtobuslara texniki baxış və müntəzəm xidmət göstərilməsinə tələb olunan şamlar və başlıqların satınalınması üçün 543.862 AZN, nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan akkumulyatorların satınalınması üçün isə 126.142,59 AZN dəyərində müqavilələr imzalanıb. Məsələ bununla bitməyib.
“İveco” markalı avtobuslara tələb olunan hava yastıqlarının satınalınması üçün 27.845,64 AZN manat vəsait xərclənib. 2019-cu ildə isə həmin markalı avtobuslara tələb olunan akkumulyatorların alınması üçün isə "Aktiv Qrup" MMC-yə 155.750,56 AZN manat ödənilib.

Başqa şirkətlərlə bağlanan çoxsaylı razılaşmalar
“BakuBus”ın ənənəvi tender qaliblərinin siyahısı bununla məhdudlaşmır. “AZ-TEX-IMPORT” MMC də dövlətin milyonluq layihələrindən pay alır. 2020-ci ildə “AZ-TEX-IMPORT” MMC ilə imzalanan daha bir müqavilə çərçivəsində “İveco” və “Neoplan” ehtiyat hissələrinin alınmasına 6.869.236,83 AZN, əlavə ehtiyat hissələrinin alınmasına isə 2.888.493,69 AZN xərclənib.
2021-ci ildə “AZ-TEX-IMPORT” MMC-yə işlənmiş qaz borularının izolyasiya örtükləri üçün 116.958,48 manat ödənilib.
2021-ci ildə "BakuBus" dezinfeksiya ləvazimatlarının alınmasına 259.497,95 manat xərcləyib. Bunun üçün “Ecomedi” MMC ilə müqavilə imzalayıb. “IVEKA” MMC-yə azqiymətli ehtiyat hissələrinin alınması üçün 374.994,86 manat ödəyib.
2021-ci ildə "BakuBus" MMC informasiya texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması üzrə də tender keçirilib. Qiymətləndirmələrə əsasən, tenderin qalibi “R.İ.S.K.” QSC olub və şirkətə 212.400 AZN ödənilib.
2021-ci ildə təmizlik xidmətləri üçün “MİNT SERVICES” MMC-yə ödənilən vəsait isə daha fantastikdir - 1.925.763,09 manat.
Həmin il xüsusi geyim formalarının alınması üçün “Sear Supply” MMC ilə 505.686,05 manatlıq müqavilə bağlanıb.
2024–2025-ci illərdə müqavilələrin dəyəri daha da artıb
Qurum bu il “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə elektrik enerjisi ilə işləyən avtobuslar (BYD) üçün elektrik dolum stansiyalarının satın alınması və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılması ilə bağlı 1 milyon 193 min 451 manat dəyərində müqavilə imzalayıb. Satınalma bir mənbədən reallaşdırılıb.
"Karcher" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Albalılıq avtobus parkında yerləşən yuma məntəqəsi üçün portal tipli yuyucu avadanlığın alınması və quraşdırılmasının satın alınması üçün 436.000 manat dəyərində müqavilə imzalanıb.
Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində tikiləcək yeni avtobus parkının tikinti işlərinin satın alınması ilə bağlı "Bakıyaşayıştikinti" MMC-yə isə 12 milyon 922 min 360 manat ödənilib.
200 ədəd elektrik şəhər avtobuslarının və əlaqəli xidmətlərin təchizatı və çatdırılması üçün "Azerbaijan Energy Automotive Factory" MMC ilə 101 milyon 973 min 616 dəyərində müqavilə imzalanıb.
Diqqəti çəkən bu il bağlanan müqavilələrin bir mənbədən olmasıdır. Yəni "BakuBus" özünü ən sərfəli təklifi verən şirkəti seçmək əziyyətinə salmayıb.

2024-cü ildə xərclənən milyonlar
Ötən il Bakı şəhəri üçün 160 ədəd elektrik avtobusu və onun şarj aparatlarının satın alınması ilə bağlı “BYD Auto İndustry Co., Ltd” ilə 86 milyon 962 min 437 manat dəyərində müqavilə imzalanıb. Beləliklə, "BakuBus" bu şirkətə 1 avtobus üçün orta hesabla 543 min 515 manat ödəniş edib.
"Byd Auto Industry Co., Ltd" avtomobil istehsalı ilə məşğul olan Çin şirkətidir və onun mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə Van Çuanfu tərəfindən təsis edilib.
Hazırda "BYD"nin Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində olmaqla ümumilikdə dörd istehsal mərkəzi fəaliyyət göstərir.
Bundan başqa, "BakuBus" MMC Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0.4 kv daxili elektrik sisteminin qurulması işləri üçün “Bakelektro” ASC-yə 15 milyon 67 min 184 manat ödəyib.
Yeri gəlmişkən, Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə 3 layihə üzrə “BakuBus” MMC-yə 99,98 milyon manat ayrıldığını qeyd edib. Söhbət təkcə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılan vəsaitlərdən gedir. MMC ötən il digər mənbələrdən də milyonlarla vəsait alıb.
Hesablamalara əsasən, 2015-ci ildən 2022-ci ilə qədər “BakuBus”a və onun idarə olunmasına, avtobus bazasının yaradılmasına 1 milyarda yaxın vəsait xərclənib.