"Avropanın qərarı yaxınlaşır, lakin beynəlxalq mövqelər parçalanıb..."
G7 ölkələri Ukraynanın maliyyələşdirilməsi üçün Rusiya dövlət aktivlərinin tam həcmdə istifadəsini istisna etmir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Onlayn görüşdə maliyyə nazirləri, eləcə də BVF və Dünya Bankının rəhbərləri Kiyevin bərpası və yeni kredit proqramları barədə müzakirə aparıb. BVF-in 8,2 milyard dollarlıq dördillik dəstək mexanizmi müsbət qarşılanıb. Lakin əsas debat yenə də həmin aktivlərin taleyi ətrafında cəmlənib.
Aİ-də yekun razılıq gözlənilir, Böyük Britaniya nikbindir
"The Times" yazır ki, London yaxın günlərdə 100 milyard funt sterlinqədək dəyəri olan dondurulmuş aktivlərin Ukraynaya yönəldilməsi barədə Avropa qərarının elan ediləcəyinə ümidlidir. Britaniya baş naziri Starmer, Zelenski və Fransa-Almaniya liderləri ilə danışıqlarda bu vəsaitin həm müharibənin davamına, həm də sülh sonrası bərpaya xidmət edə biləcəyini vurğulayıb.
Lakin əsas maneə yenə Belçikadır. "Euroclear"-də saxlanılan böyük aktiv paketinə görə rəsmi Brüssel daha geniş beynəlxalq dəstək tələb edir. Aİ daxilində çoxluq səsverməsi mexanizmi də aktiv şəkildə müzakirə olunur.
Beynəlxalq birlik tam formalaşmır
"Politico" yazır ki, Tokio 30 milyard dollarlıq rus aktivlərini Ukrayna üçün istifadə etməyə hazır olmadığını açıqlayıb. Səbəb kimi hüquqi məhdudiyyətlər göstərilsə də, bəzi ekspertlər bunun Vaşinqtonla mövqelərin uyğunlaşdırılması ilə bağlı olduğunu deyir.
ABŞ prezidenti Tramp aktivlərin bir hissəsini Rusiyaya qaytarmaq, digər hissəsini isə Ukrayna üçün investisiya aləti kimi istifadə etmək variantını irəli sürür. Bu rədd cavabı isə Aİ-nin geniş beynəlxalq koalisiya yaratmaq planını çətinləşdirib və Belçikanın risklərini artırıb.
"Bu vəsaitsiz Ukrayna tab gətirə bilməz"
Ukrayna prezidenti bildirib ki, Rusiyanın dondurulmuş aktivləri bərpa və müdafiə üçün həyati əhəmiyyət daşıyır.
Zelenski Avropa liderləri ilə Brüsseldə görüşə hazırlaşdığını bildirərək vurğulayıb: əsas məsələ Aİ daxilində yekdil qərarın verilməsidir. Onun sözlərinə görə, "bu pul olmadan Ukraynanın davam etməsi mümkün deyil" və çıxarılacaq qərar Avropanın siyasi birliyindən asılıdır.
Böyük məbləğ, böyük siyasi risk
G7-nin ümumi bəyanatı aktivlərin tam dəyərinin istifadəsinə açıq qapı qoysa da, qlobal razılıq hələ formalaşmayıb. Aİ isə 18 dekabr sammitinə qədər vahid qərar çıxarmağa çalışır. Rusiyanın dondurulmuş aktivləri indi təkcə maliyyə aləti deyil, həm də sülh danışıqlarında Qərbin azsaylı "kozırlarından" biri hesab olunur.