Bizi sosial şəbəkələrdən izləyin:
Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbiri ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən möhtəşəm hadisə kimi diqqət çəkir. “Mara’ee” sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir. Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda, regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.
Bu mötəbər platformada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram festivalın ən parlaq məqamlarına çevrilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Moderator.az-a verilən məlumata görə, səhnədə yüksək ustalıqla çıxış edən süvarilər, zəriflik və səhnə mədəniyyəti ilə seçilən orkestr, eləcə də milli koloritin bütün detallarını yaşadan rəqs qrupları vahid konsepsiya şəklində hazırlanıb, estetik və dinamik bir kompozisiya olaraq böyük maraq doğurub. Bu çıxışlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən xüsusi kollektivlərinin peşəkarlığını və ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil etmək missiyasını əks etdirib.
Bir-birini tamamlayan səhnə nömrələri öz məzmunu, enerjisi və emosional təsiri ilə tədbirin ən uzun və ən yaddaqalan proqramlarından biri kimi qiymətləndirilib.
Builki festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə da iştirak edərək Azərbaycan nümayəndə heyətinə xüsusi təşəkkürünü bildirmiş və proqramdan aldığı müsbət təəssüratlarını ifadə edib.
Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki uğurlu təqdimatı ölkəmizin mədəniyyətinin, peşəkar kollektivlərinin və milli dəyərlərinin beynəlxalq arenada yüksəksəviyyədə təbliğinə daha bir töhfə verib.