Bizi sosial şəbəkələrdən izləyin:
“Oktyabr ayında məni Aztv-dən çəkilişə çağırdılar. Tarix muzeyində çəkilişimiz baş tutdu. Rejissor dedi ki, milyonçu Hacı Zeynalabdin Tağıyevin dilənçi qızı Sona xanım rolunu oynayacaqsan. Dedim ki, baş üstə. Oynadım, çox yaxşı da qarşılandı. Noyabr ayında efirə getdi. Bundan əvvəl isə sentyabr ayında bir ana roluna çəkilmişdim. Qısametrajlı film idi. Düzü seriallara bir o qədər həvəs də etmirəm. Artıq 78 yaşım var. Haldan düşməmişəm, işləyə bilirəm. Amma insanıq da. Bir də görürsən təzyiqim qalxır. Mən niyə camaatı avara qoyum ki? Desinlər ki, “dayanın, Sovqatın təzyiqi qalxıb”. Bu sözü eşitmək istəmirəm. Tofiq Tağızadə də məni çəkib. Şəkidə də çəkilmişəm, Bakıda da. Elə gün olurdu ki, bir gündə iki çəkilişə gedirdim. Bu qisməti Allah açmışdı mənə. Ev tikən günlərim idi, mənə pul lazım idi”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının qocaman aktrisası Sovqat Səmədova deyib.
O daha sonra əlavə edib:
“Mənə bir neçə rejissor demişdi ki, indi təbii nənə tapmaq çətindir. Hamısı cavan görünsünlər deyə qısa geyinir, estetik əməliyyat etdirir, boyanırlar. 78 yaşım var, amma gəlin köçəndə üzümə kosmetika vurmuşam. Sünilikdən həmişə qaçmışam. Bir estetik əməliyyatım yoxdur. Özümə bər-bəzək vurub viddən çıxaran deyiləm. Mən belə yaşamışam. Sadəlikdən, təmizlikdən xoşum gəlir. Süni bəzək insanı cilddən də çıxarır. Şəhərə çıxırsan, hamının burnu, dodağı, üzü eynidir. Kimisə kimsədən seçmək olmur. Bu nə viddir? Nə sifətdir? Adam var ki, səliqə səhmanla özünə əl gəzdirir. Bəziləri də var ki, sanki üzünə suvaq vurub. İnsanın üzündə neçə rəng olar? Məndə ayağımın dırnağından başımın tükünə qədər süni heç nə tapa bilməzsiniz. Sadəlik gözəllikdir. Mən yalnız öz teatrımızdan danışa bilərəm. Bizim Bakı Uşaq və Gənclər Teatrının qızları gözəl və sadədirlər. Aktrisa simasını oynadığı obrazın xarakterinə görə dəyişə bilər. O da tamaşa vaxtı qrimlə.. Bizdə öz əndazəsindən çıxan aktrisa yoxdur”.

Aktrisa bildirib ki, Bakı Uşaq və Gənclər teatrında gənclərlə çiyin-çiyinə çalışır:
“40 il Şəki Dövlət Dram Teatrında çalışmışam. 15 ildir ki, Bakı Uşaq və Gənclər Teatrında çalışıram. Orada iki nəfər övladım, qalanları nəvəm yaşındadırlar.. O qədər sevgi və hörmət görürəm ki.. Direktorumuz İntiqam Soltan mənə övladım qədər əzizdir və elə qayğımı çəkir ki.. Allah məni bu qoca yaşımda teatrın qayğısı ilə mükafatlandırıb. Elə həvəslə səhnəyə çıxıram ki.. Bir problemimiz var, o da binamızın olmamasıdır. Çox istərdik ki, bina problemimiz həll olunsun. Qaraçuxurdakı mədəniyyət evinə gəlib-getmək çətindir. Şəxsən mən 3 avtobus dəyişirəm. Çətindir, bunun yayı var, qışı var. Qışda bir otaqda, soyuqda məşq edirik. Ümid edirəm ki, nazirlik bu problemləri tez bir zamanda həll edəcək”, - deyə sənətkar bildirib.