Bizi sosial şəbəkələrdən izləyin:
““Qız atası” serialının yayımı 12 il sonra dayandırıldı. Sonuncu 439-cu seriya efirə getdi. Tamaşaçılar sevirdilər, izləyirdilər. Mən 1 il fasilə etdim, əməliyyata getdim. Qayıtdım, 3-4 seriyaya çəkildim və serial bağlandı. “Santa barbara” serialı da uzun illər davam etdi. Amma o insanları bezdirirdi, bu bezdirmir. Camaat mənfi şeylərdən bezib, hər kəs komediya istəyir. Tamaşaçının o qədər problemi var ki, o artıq bezib. Evdə problem, çöldə problem və gəlib efirdə problemə baxmaq istəmir. İstəyir ki, könlünü şad edən nələrəsə baxsın, izləsin. Hamı canının rahatlığını istəyir”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Hicran Nəsirova deyib.
O daha sonra əlavə edib:
“O qədər boş-boş seriallar çəkilir ki... Nə baxıram, nə də bəyənirəm. Ötən ilin yay ayında bir neçə seriala dəvət gəldi, amma səhhətimlə bağlı qəbul etmədim. Heç kimi yarıyolda qoymaq istəmirəm. Canıma arxayın deyiləm. Bir də görürsən heç nə etmək istəmirəm. Ürəyim istəyir çəkilim, işləyim amma hər şey məndən asılı deyil”.
Əməkdar artist bildirib ki, Şəfiqə Məmmədovanın adından ona yalan sözlər deyilib:
“Şəfiqə xanım məni imtahanda görmüşdü. Heç tanımırdı da. Mən də o vaxt aktrisa olmaq üçün imtahan verirdim. Adil İsgəndərov məni seçmişdi. Demişdilər ki, Şəfiqə xanım səni imtahandan kəsmək istəyib. Guya məni bəyənməyib. Bəlkə də o sözdən heç Şəfiqə xanımın xəbəri yox idi. Mənim də elə bir xasiyyətim yoxdur ki, gedib deyim niyə demisən? Bu söhbəti uzun illər sonra dedilər. Artıq mən də tanınmış aktrisa idim. Bəlkə də ara vurmaq üçün demişdilər. Mən hər zaman söz-söhbətlərdən qaçmışam. Şəfiqə xanım indi də məni çox istəyir, görüşürük, hər dəfə də kompliment deyir”, - deyə sənətkar bildirib.