Sabah “Qarabağ” 10-cu xalını qazana biləcəkmi?
Sabah Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının Liqa Mərhələsində növbəti uğurunu qazanmaq üçün ən vacib oyunlarından birini keçirəcək. Rəqib Hollandiyanın ad-sanlı klublarından sayılan “Ayaks”dır. Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
Bu oyun hazırda 7 xalla 35 klub arasında 15-ci sırada yern alan “Köhlən atlar” üçün ilk 24-lüyü təmin etmək baxımından həyatı vacib oyun kimi də qəbul olunur. Heç-heçə Ağdam klubunu qane edə bilməz, yalnız qələbə ölkə futbolunun ən böyük tarixi uğurunu qazanmaq üçün yetərlidir.
Doğrudur, sırada hələ “Ayaks”dan sonra daha iki oyunumuz var. Bunlar alman klubu “Ayntraxt Frankfurt” və “Liverpul”la keçirəcəyimiz oyunlardır. Almanları Bakıda qəbul edəcəyik, ingilislərlə isə səfərdə oynayacağıq. Demək, bu işi sabaha qoymaz olmaz...
“Ayaks” Liqa Mərhələsində mübarizə aparan 36 klub sırasında 0 xalla sonuncu yerdə qərarlaşıb. Demək olar ki, hollandların şansları yoxdur. Bundan yararlanmaq üçün Qurban Qurbanovun yetirmələri hər şeyi etməlidir. Sırada qalan oyunlardan “Liverpul”dan səfərdə xal almaq şansları etiraf edək ki, yoxdur. “Frankfurt” oyunu isə finala bərabər oyun olacaq, hər iki tərəf üçün. Çünki almanların da ilk 24-lüyə düşmək şansları ağdamlılardan elə də az deyil.
Bir sözlə, Avropada bütün oyunlarını Azərbaycan futbolu adına yeni yazılacaq tarixə çevirən “Qarabağ” doğma azarkeşləri önündə bu şansı əldən buraxmamalıdır. Şaxtalı-soyuq havada stadion tam olaraq dolacaq. Artıq biletlərin tükənməsi bunu deməyə əsas verir. Sözün həqiqi mənasında əsl futbol axşamı azarkeşləri gözləyir.

Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a bildirib ki, rəqibin xalı olmasa da, asan təslim olmayacaq, əksinə, Bakıda meydana qələbə üçün çıxacaq: ""Ayaks"ın pley-offa adlamaq üçün heç nəzəri şansı da yoxdur. Ekspertlər artıq bununla bağlı hesablama aparıblar və məlum olub ki, qrup mərhələsini adlamaq üçün minimum 10 xal lazım olacaq. “Ayaks” xalı olmayan yeganə komandadır və ekspertlərə görə, son 3 oyunda qalib gəlsə belə, artıq şansını itirib. Ancaq bu o demək deyil ki, “Ayaks”la oyun “Qarabağ” üçün asan olacaq. Yox, əksinə, çətin oyun gözləyirəm.
Birincisi, “Ayaks”ın üzərində artıq heç bir təzyiq yoxdur, Bakıda çox rahat olacaqlar. Amma “Qarabağ” böyük təzyiq altındadır. “Ayaks”dan fərqli olaraq “Qarabağ”ın pley-offa adlamaq üçün böyük şansı var. Ancaq Niderland nəhənginə məğlubiyyət işi çətinləşdirə bilər.
Ona görə də Qurban Qurbanovun komandası Bakıda “Ayaks”a qalib gəlməyi hədəfləyib. Elə azarkeşlər də bunu tələb edirlər. Bu da əlavə təzyiq yaradır.
İkincisi, “Ayaks” şansını itirsə də, ad-sanına görə Bakıda ləyaqətlə mübarizə aparacaq. Belə komandalar heç vaxt heç bir oyuna barmaqarası baxmırlar.
Ola bilsin ki, “Ayaks”ın baş məşqçisi rotasiyaya əl atsın. Çünki indi komanda üçün əsas hədəf Niderland çempionatıdır. Amma yadda saxlamaq lazımdır ki, “Ayaks” kimi komandalarda əsas və əvəzedici heyət olmur.
Böyük komandaların ehtiyatdan meydana çıxanları da oyun keyfiyyətini artırmağa qadirdirlər. Rotasiya olsa belə, meydana çıxanlar yüksək səviyyəli futbolçular olacaq.
“Qarabağ” necə oynamalıdır? Bütün hallarda təşvişə düşməyə ehtiyac yoxdur. Çalışıb öz oyun sxemini diktə etmək lazımdır. Topa nəzarət edərək rəqibə təzyiq göstərməli, boşluq axtarmalı, “Ayaks”ın futbolçularını səhvə məcbur etməliyik. Və bununla yanaşı, müdafiədə diqqətli olmalıyıq. Heç şübhəsiz ki, qol imkanları olacaq. Mütləq olacaq.
Bax onlardan maksimum yararlana bilsə, “Qarabağ”ın “Ayaks”a qalib gəlməsi reallaşacaq. Bu qələbə böyük ölçüdə “Qarabağ”ın pley-offa yolunu açacaq".
İdman mütəxəssisi hesab edir ki, “Qarabağ” “Çelsi” ilə Bakıda sərf etdiyi gücdən daha artığını “Ayaks” qarşısında etməlidir: “ Məsələ niyə indi həll olunmalıdır? Çünki qarşıda iki oyun var ki, onlar artıq gələn il, 2026-cı ilin yanvarında keçiriləcək. Növbəti iki rəqib "Ayntraxt" və “Liverpul”dur. Hazırda hər ikisi yaxşı günlərini yaşamır. Ancaq yanvarda bel olmayacaq. Söhbət “böyük beşlik” ölkələrinin komandalarından gedir. Onlar gələn yanvara qədər krizisdən çıxacaqlar. Ona görə də “Qarabağ”ın da, azarkeşlərin də rahat olması üçün “Ayaks”dan 3 xal almaq lazımdır. Amma dediyim kimi, “Ayaks” 3 xalı bizə hədiyyə etməyəcək. Bəlkə də bu oyunda “Çelsi” ilə qarşılaşmada sərf ediləndən də artıq güc sərf etmək lazım olacaq. Minimum səhv, maksimum bitiricilik, səbir və əzmkarlıq - “Ayaks”la oyunda qələbə bu amillərdən asılı olacaq. “Qarabağ” böyük təcrübəyə sahibdir və güman edirəm ki, bu təzyiqin də öhdəsindən gələ biləcək".