Ən etibarlı sobalar - “səssiz qatil” fəlakəti davam edir
327
08:54, Bu gün

Ən etibarlı sobalar - “səssiz qatil” fəlakəti davam edir

Bu il də acı statistika dəyişmir: regionlarda, hətta paytaxtın mərkəzində belə zəhərlənmə halları qeydə alınır; dəm qazından ölümlərin səbəbləri açıqlandı 

Qış yaxınlaşdıqca “səssiz qatil” - dəm qazı təhlükəsi yenidən ölkənin gündəminə çevrilib. Hər mövsüm olduğu kimi, bu dəfə də acı statistika dəyişmir: regionlarda, kəndlərdə, hətta paytaxtın mərkəzində belə zəhərlənmə halları ard-arda qeydə alınır. Sanki hər kəs bilir ki, təhlükə var, amma kimsə onu ciddi qəbul etmir.

Mütəxəssislər bildirir ki, ölümə aparan əsas səbəblərdən biri illərdir evlərdə quraşdırılan və “pitiminutka” kimi tanınan su qızdırıcılarıdır. Bu cihazların düzgün quraşdırılmaması, hermetikliyin pozulması və bacaların tıxanması dəm qazının yaşayış otaqlarına dolmasına şərait yaradır. Nəticə isə məlumdur: ailələr bir gecənin içində faciə ilə üz-üzə qalır.

Uzmanların fikrincə, qış mövsümü başlamadan hər bir evdə tüstü bacaları təmizlənməli, qızdırıcı cihazlara texniki xidmət göstərilməli, ventilyasiya sistemi yoxlanmalıdır. Xüsusən hamam otaqlarında quraşdırılan su qızdırıcıları daha böyük təhlükə yaradır. Bu səbəbdən həmin cihazların ev daxilindən çıxarılaraq eyvanda və ya açıq havaya yaxın yerdə quraşdırılması tövsiyə olunur.

Bəs fəlakət niyə davam edir? Səbəb həm də bazarda yayılan keyfiyyətsiz sobalardır. Bu cihazların böyük hissəsi heç bir sertifikatlaşdırmadan keçmir, təhlükəsizlik mexanizmləri ya zəifdir, ya da ümumiyyətlə yoxdur. Mütəxəssislər xəbərdarlıq edir ki, qazla çalışan istənilən soba yalnız avtomatik söndürmə sistemi, yanğın-duman sensoru və standartlara uyğun tüstü çıxarışı olan modellərdən seçilməlidir.

Amma bütün bunlara rəğmən, faciələr baş verir. Çünki ən müasir cihaz belə, düzgün quraşdırılmadıqda öldürücü silaha çevrilir. Ona görə də mütəxəssislərin bir daha təkrarladığı mesaj dəyişmir: təhlükəsizlik xidmətinə qənaət insan həyatına qənim olur.

Bəs niyə dəm qazı ölümlərinə son qoymaq mümkün olmur? Ən etibarlı sobalar hansılardır?  

Nüsrət Qasımov

Mövzu ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov “Yeni Müsavat”a danışıb. O bildirib ki, dəm qazından zəhərlənmələrin əsas səbəbi tüstü bacalarının düzgün quraşdırılmamasıdır: “Tüstü bacası qaz yanan cihazdan çıxan tüstünü və karbon monoksidi tamamilə uzaqlaşdırmalıdır. Bunun üçün bacanın ucu damdan ən azı yarım metr hündür olmalı, üzərində isə "papaq" adlanan qoruyucu olmalıdır.

Bəzi evlərdə tüstü borusu pəncərədən çıxarılır, bəzilərində divar deşilərək boru kənara uzadılır. Bu, tamamilə səhvdir. Çünki bu halda tüstünün çıxma sürəti çox zəif, saniyədə cəmi millimetr olur. Halbuki Bakıda küləyin sürəti tez-tez 40 m/s-ni keçir. Bayırdan gələn güclü külək tüstünü geri otağa doğru itələyir və karbon monoksid evə dolur. Bu qaz tamamilə qoxusuz, rəngsiz və görünməzdir. Onu hiss etmək mümkün deyil. İnsan qazı yandırıb yatdıqda bir neçə dəqiqə ərzində zəhərlənərək həyatını itirə bilər.

Karbon monoksid yalnız qazdan deyil, neft, odun, kömür, plastik və digər maddələrin yanmasından da əmələ gəlir. Yəni bu, universal zəhərdir və təhlükəsi çox yüksəkdir.

Qaz cihazı işləyən məkanda uzun müddət oturmaq, yatmaq, istirahət etmək, hətta kitab oxumaq belə olmaz. Əgər çay dəmlənibsə, yemək bişibsə, cihaz dərhal söndürülməlidir. Mətbəxdə və qazla işləyən bütün otaqlarda pəncərə və hava dövranı daim açıq olmalıdır. Bu qaydalar mütləq şəkildə əhaliyə izah edilməli, qaz təchizatı qurumları və aidiyyəti dövlət strukturları tərəfindən davamlı maarifləndirmə aparılmalıdır".

Mütəxəssis bildirib ki, evlərdə qaz detektorlarının quraşdırılması həyati vacibdir: “Detektor sensorları metan, etan, propan kimi yanar qazların buxarlarını hiss etdikdə səs siqnalı verir. Siqnal eşidildiyi an ev sakinləri dərhal başa düşür ki, sızma var və təhlükəsizlik tədbirləri görürlər. Lakin Azərbaycanda detektorun quraşdırılması məcburi deyil. Bu, çox böyük boşluqdur. Dünyanın əksər inkişaf etmiş ölkələrində qaz detektoru məcburi şəkildə quraşdırılır və rəsmi qurumlar tərəfindən nəzarət edilir.

Zirzəmilər və yeraltı iş sahələri isə xüsusilə risklidir. Çünki küçələrin altında minlərlə kilometr qaz kəmərləri var və bu kəmərlərin istismar müddəti çox vaxt 30 ili keçir. 40-50 il nəzarətsiz qalmış kəmərlərdə sızma ehtimalı olduqca yüksəkdir. Yerin tərpənməsi və ya torpaq çökməsi də sızmanı artıran amildir. Bu səbəbdən zirzəmilərdə qazın olub-olmadığını yoxlayan detektorlar mütləq quraşdırılmalıdır.

Xatırlayırsınızsa, ötən il bir kitab mağazasında yeraltı kəmərdən sızan qazın yığılması nəticəsində güclü partlayış olmuşdu. Halbuki həmin obyektin özündə qaz sistemi yox idi. Sadəcə, mağazanın qapısını açıb işığı yandıran şəxs fərqində olmadan partlayışa səbəb olmuşdu. Bu cür hadisələr göstərir ki, nə nəzarət yetərlidir, nə də tələb olunan avadanlıqlar quraşdırılır".

Ekspert deyir ki, İran sobaları əslində təhlükəli deyil, sadəcə, standartlara uyğun quraşdırılmalıdır: “İranda qazın verilmə təzyiqi 178 milli metr su tutumuna bərabərdir.  Azərbaycanda isə optimal təzyiq 130 milli metrdir, reallıqda isə 70-80 olur. Ölkəmizdə İran sobalarının quraşdırma normalarına riayət edilmir. "Azəriqaz" İran sobalarının Azərbaycanda satışını təşkil edənlərdən servis xidmətini də tələb etməlidir. Çünki bu sobaları üçüncü şəxslərin quraşdırma ixtiyarı yoxdur. Vətəndaşlar da nasos ustalarını çağırırlar. Onlar da bu sobaların avtomatikasını pozaraq qaz keçən yerini deşib böyüdürlər və yanma prosesi pozulur. Beləcə, karbon 4 oksid əvəzinə karbon 2 oskid çıxır. Tüstü bacaları, ventilyatorlar da işləmədiyi üçün zəhərli qaz otaqdan təmizlənmir və bundan da zəhərlənmə baş verir. Hər adam qaz quraşdıra bilməz axı.  İran sobalarından istifadə qaydasına əməl edilmir, sonra da deyirlər ki, dəm qazı bizi boğdu. Sobalarda problem yoxdur, sadəcə olaraq, bizim şəbəkənin təzyiqinə uyğun olmalıdır. İrandan bu sobaları alanlar deməlidirlər ki, Azərbaycanda optimal təzyiq 130 milli metrdir, elə edən ki, soba bizdəki təzyiqlə işləyə bilsin. İndi satılan sobaların hamısı standartlara uyğundur. Sadəcə, bizim texniklər xamdır. Avtomatikası olan sobaların hamısı etibarlıdır. Bütün sobalar ildə iki dəfə - payız və yaz vaxtı yoxlanılmalıdır.  

Qaz sobalarının bacası evin damından yarım metr hündürdə quraşdırılmalıdır. Bir kub metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmayanda, yaxud həddən artıq çox olanda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır.  Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. 

Tüstü bacaları, ventilyator uzun müddətdir yiyəsizdir və heç bir qurum tərəfindən tənzimlənmir. Tüstü bacaları işinə nəzarət edən bir qurum yaradılmalıdır. Bu qurumun peşəkar işçiləri və xüsusi avadanlıqları olmalıdır. Hazırda bu işə görə heç bir qurum məsuliyyət daşımır. Qazdan baş verən ölüm hallarının əksəriyyətinə bu səbəb olur. Qaz sızması əleyhinə detektorlar mütləq şəkildə hər bir evdə quraşdırılmalıdır. Detektor problem olanda qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır. Yeni tikilən binalara detektor paylanılır, köhnələrə isə “Azəriqaz” tələb edib məcburi şəkildə quraşdırılmalıdır. Bu detektorun qiyməti 10-12 manatdır. Axı insanlar niyə bu pulu öz canlarından üstün tuturlar?"

Link kopyalandı!
Son xəbərlər