Bizi sosial şəbəkələrdən izləyin:
"ABŞ-ın dəstəyi fonunda İsrailin hərbi-davakar siyasəti regional gərginliyi artırır və beynəlxalq ictimaiyyətin sərt reaksiyasını doğurur..."
İsrailin baş naziri Binyamin Netanyahu diplomatlarla görüşündə ölkəsini "sürətli supergüc" kimi təqdim edib. O, bildirib ki, güc diplomatiyanın əsas alətidir.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
"Güc sülh gətirir" ritorikası və hərbi planlar
Netanyahu deyib: "Güclü olmalısınız. Güclü olanlarla sülh əldə edilir". O, 7 oktyabr 2023-cü il hücumundan sonra hərbi və iqtisadi gücün artdığını önə çəkərək HƏMAS, "Hizbullah" və İranın digər tərəfdarlarına qarşı mərhələli əməliyyat planını açıqlayıb. O, ABŞ administrasiyasına tam etibar etmədiyini və "Hizbullah" lideri Həsən Nasrullahın hədəflənməsini gizli saxladığını bildirib.
Qəzzadakı əməliyyatlar və girov məsələsi
Baş nazir Qəzzada qalan sonuncu girovun da geri qaytarılacağını və HƏMAS-ın silahsızlaşdırılmasının qaçılmaz olduğunu vurğulayıb. Netanyahu ölkənin hərbi sənayesinə əsaslanaraq müstəqil güc artıracağını, xaricdən silah tələblərinə cavab verəcəyini və ABŞ-la sıx əməkdaşlıq edəcəyini açıqlayıb. ABŞ prezidenti Donald Trampın İsrailin ordusu və qərar qəbuletmə sürətinə heyran olduğunu da xatırladıb.
Almaniyanın tənqidi və beynəlxalq hüquq məsələsi
Almaniya kansleri Fridrix Mers İsrailin Qəzzadakı hücumlarını "humanitar və hüquqi dilemmanı" artıran əməliyyatlar kimi qiymətləndirib. Mers vurğulayıb ki, Almaniya hər zaman İsrailin yanında olsa da, hərbi əməliyyatların beynəlxalq hüquqa uyğun aparılması şərtdir. O, həmçinin iki dövlətli həllin və HƏMASın tam silahsızlaşdırılmasının vacibliyini önə çəkib.
Netanyahu yenə müstəqil Fələstin dövlətinin yaradılmasını rədd edir və bölgədə sülhün yalnız İsrailin hərbi üstünlüyü və güc balansı ilə mümkün olduğunu vurğulayır. Onun çıxışları göstərir ki, ABŞ dəstəyi ilə birlikdə İsrailin hərbi-davakar siyasəti regional gərginliyi artırır və beynəlxalq ictimaiyyətin sərt reaksiyasını doğurur.