Ceyhun Bayramovun iranlı həmkarı ilə müzakirə etdiyi məsələlər açıqlandı - YENİLƏNİB + FOTO
1824
08 Dec 2025 | 15:56

Ceyhun Bayramovun iranlı həmkarı ilə müzakirə etdiyi məsələlər açıqlandı - YENİLƏNİB + FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Nazir Ceyhun Bayramov və nazir Seyid Abbas Əraqçi arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
 
Görüşlərdə Azərbaycan-İran ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaflar müzakirə edilib.
 
Azərbaycan və İran əlaqələrinin təməlində dövlətlərimiz arasında mehriban qonşuluq və qarşılıqlı hörmət, xalqlarımız arasında tarixi, mədəni və dini ortaq köklərin dayandığı ifadə olunub.
 
İki ölkə Prezidentlərinin arasında mövcud olan dostluq münasibətlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət daşıdığı, 2025-ci ildə İran Prezidentinin Azərbaycana səfərləri və bu çərçivədə Azərbaycan Prezidenti ilə görüşlərinin əməkdaşlıq əlaqələrimizə yeni təkan verdiyi vurğulanıb.
 
Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin, İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, Parlamentlərarası əlaqələrin, eləcə də əhatəli ikitərəfli hüquq-müqavilə bazasının əməkdaşlığımıza dayanıqlı xarakter verdiyi bildirilib.
 
Görüşlər zamanı iqtisadi-ticarət, enerji-energetika və nəqliyyat-logistika istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin iqtisadi potensialının və aramızdakı coğrafi yaxınlığın qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlverişli şərait yaratdığı vurğulanıb.
 
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində birgə fəaliyyətlərin, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni bağlantı layihələrinin regionda tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyinə inam ifadə olunub. Ağbənd-Kəlalə arasında yolun və körpünün tikintisinin yekunlaşdırılması istiqamətində səylər məmnunluqla qeyd edilib.
 
Humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunularaq, iki ölkənin Prezidentlərinin razılığı əsasında Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı marşrutları üzrə təyyarə reyslərinin artırılması xalqlarımız arasında təmasların təşviqinə töhfəsi qeyd edilib. Elm, təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
 
Beynəlxalq və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və İran arasında BMT, YUNESKO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər təşkilatlar, eləcə də 3+3, və bir sıra başqa regional platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq yüksək qiymətləndirilib.
 
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri diqqətə çatdırılıb.
 
Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi vurğulanıb.
 
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin geri qayıdışı barədə qarşı tərəfə məlumat verilib.
 
Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.
 
13:25
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Abbas Əraqçi arasında təkbətək görüş başa çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşılıb.
 
Qeyd olunub ki, daha sonra tərəflər arasında geniş tərkibli görüş də keçirilib.
 
Görüşdə Azərbaycan və İran arasında yaxşı qonşuluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq gündəliyi və perspektivləri müzakirə olunub.
 
Nazirlər siyasi məsləhətləşmələrdən tutmuş Birgə Dövlət Komissiyasına qədər mövcud olan institutlaşmış mexanizmlərin, eləcə də geniş müqavilə-hüquq bazasının iki ölkə arasında sabit və gələcəyə yönəlik münasibətlər üçün möhkəm əsas yaratdığını vurğulayıblar. Tərəflər bunun daha da gücləndirilməsinə sadiq olduqlarını bildiriblər.
 
Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi yolları, xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu çərçivədə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, eləcə də Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri müzakirə olunub.
 
Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakı–Tehran və Bakı–Təbriz arasında aviareyslərin sayının artırılması, təhsil, mədəniyyət və turizm istiqamətlərində əməkdaşlığın genişlənməsi qeyd edilib.
 
Tərəflər BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesi və ölkəmizin azad edilmiş ərazilərində post-münaqişə bərpa işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
 
12:07
 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçini qarşılayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
 
Tərəflər arasında təkbətək görüş başlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər