"Atəşkəs ərəfəsində Rusiyanın artan hava zərbələri Ukraynanı yeni böhran həddinə gətirir..."
Rusiya ordusu bir neçə gecə ardıcıl olaraq ölkənin müxtəlif bölgələrinə raket-dron hücumları həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "bild.com" nəşri yazıb.
Genişmiqyaslı gecə hücumları və enerji sisteminə zərbələr
Nəşr yazır ki, xüsusilə Kremençuq, Axırka, Çerniqov və Poltava istiqamətləri hədəfə alınıb. "Kinzal" raketlərinin tətbiqi və eyni anda yüzlərlə dronun buraxılması bir sıra enerji obyektlərinin sıradan çıxmasına, soyuq qış günlərində geniş elektrik kəsintilərinə səbəb olub.
Axırkada çoxmərtəbəli yaşayış binasına birbaşa zərbə nəticəsində yeddi nəfər yaralanıb, Çerniqovda isə zərbə qaz sızması və yanğınla müşayiət olunub. Xilasetmə xidmətləri gecə boyu çalışaraq sakinlərin bir qismini dağıntılar altından çıxarıb.
Dəmir yolu, tibbi logistika və anbarlar hədəfdə
Nəşrin hərbi mənbələrinə görə, Rusiya son həftələr hava əməliyyatlarının taktikasını dəyişib və əvvəllər toxunulmaz sayılan obyektləri - böyük dəmir yolu qovşaqlarını, logistika mərkəzlərini və tibbi təchizat bazalarını hədəfə almağa başlayıb. Fastov dəmir yolu stansiyasına və Dneprdəki "Nova Poçta"nın çeşidləmə mərkəzinə endirilən zərbələr nəticəsində on minlərlə bağlama, o cümlədən cəbhəyə göndərilən ekipman məhv edilib.
Tibbi təchizat sahəsi də hücumların hədəfinə çevrilib: noyabrdan bəri bir neçə böyük anbarda dağıntılar baş verib, yüzlərlə xəstəxana material çatışmazlığı ilə üzləşib. Enerji infrastrukturu isə hələ də əsas hədəflərdən biri olaraq qalır - bəzi ərazilər gündə 12-16 saat elektriksiz qalır.
Su anbarı, yollar və danışıqlar ərəfəsində artan təzyiq
Rusiya qüvvələrinin Peçenej su anbarının bəndini vurması Xarkov vilayətində avtomobil yollarının bağlanmasına, körpü konstruksiyalarının çaya çökməsinə səbəb olub. Bəzi marşrutlar tam bağlanıb və nəqliyyat alternativ yollara yönləndirilib.
Ukrayna KİV-ləri yazır ki, hücumların intensivləşməsi fonda ABŞ vasitəçiləri atəşkəs üzrə təzyiqi artırmağa çalışır. Mövzu hazırkı cəbhə xətti üzrə döyüşlərin dayandırılmasıdır, lakin Moskva Donbasdan Ukrayna qoşunlarının tam çıxmasını tələb edir. Kiyev isə gələcək təhlükəsizlik təminatları olmadan razılaşma ehtimalını istisna edir.
Bu arada Ukrayna tərəfi də cavab zərbələrini davam etdirir: Saratov vilayətinin Engels şəhərindəki neft emalı zavodunda gecə dronlarının vurduğu ehtimal olunan partlayışlar barədə məlumatlar yayılıb. Hava hücumları həm mülki infrastrukturu, həm də enerji və nəqliyyat sistemlərini ciddi şəkildə sarsıdır. Bu fon isə danışıqlara getməzdən əvvəl tərəflərin bir-birinə təzyiq göstərmək cəhdlərini daha da gücləndirir.