"Hazırda Rusiya-Ukrayna müharibəsində vəziyyət kifayət qədər ciddidir. Bildiyiniz kimi, sülhlə bağlı 28 maddəlik bir təklifin olduğu deyilirdi. Hətta bu təklifin ABŞ yox, Rusiya tərəfindən də irəli sürüldüyü iddia edilirdi. Bəzi ekspertlərin fikrincə, bu sənəd Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Trampın Rusiya-Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən hazırlanıb. Hazırda isə təxminən, 19 bəndlik konkret təklif qalıb və bu təkliflər, əsasən, dörd blok üzrə bölünüb. Bunlar Ukraynanın və Avropanın təhlükəsizliyi, Rusiya tərəfindən zəbt olunmuş ərazilərin Ukraynanın müəyyən formada razılığı ilə beynəlxalq səviyyədə tanınması, Avropanın təhlükəsizlik mexanizmlərinin yenidən qurulması və Rusiyanın Avropa banklarında və təşkilatlarında dondurulmuş, təxminən, 300 milyard dollarının Ukraynaya verilməsi məsələsidir".
Moderator.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında politoloq, sabiq deputat Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, bir tərəfdə Avropa və Ukrayna, digər tərəfdə isə ABŞ dayanır və Vaşinqton bu gün artıq Brüsselin təhlükəsizlik modelindən uzaqlaşmağa başlayıb:
"Tramp bir neçə gün əvvəl ABŞ-nin yeni milli təhlükəsizlik doktrinasını açıqladı. Burada əsas prioritetlər NATO-nun genişlənməsinin dayandırılması, Rusiya ilə münasibətlərin normallaşdırılması və Avropanın öz təhlükəsizliyini özünün təmin etməsi oldu. Bu da göstərir ki, Rusiya-Ukrayna müharibəsi kritik mərhələyə çatır.
Hətta Putin Hindistana səfəri zamanı bəyan etdi ki, Ukrayna Odessa şəhərini və Qara dənizə çıxışını tamamilə itirə bilər. Digər tərəfdən isə Avropanın Ukraynanı yenidən dəstəkləməsi hələ də güclüdür. Düzdür, Almaniya Kansleri Fridrix Merts çıxışında ABŞ-ni ittiham etdi, Fransa Prezidenti Emmanuel Makron Çinə üz tutdu, amma bu səfər belə gözlənildiyi kimi nəticə vermədi. Çünki Çin açıq şəkildə bildirdi ki, bu münaqişədə sülh tərəfindədir. Hazırkı mərhələdə ABŞ yalnız Baltikyanı, Şimali Avropa ölkələrinin təhlükəsizliyinə dəstək verir. Ona görə də əgər Ukraynaya dəstək azalarsa, vəziyyət daha da gərginləşəcək".
"Amma nəzərə almaq lazımdır ki, 2026-cı ildə ABŞ-də Konqresə seçki keçiriləcək. Bu seçkidə iştirak edəcək namizədlərin böyük hissəsi Ukrayna tərəfdarıdır. ABŞ ictimaiyyətinin də böyük hissəsi Ukraynanın tərəfindədir. Bu səbəbdən də ola bilsin ki, yeni ildən Tramp administrasiyası ona ediləcək təzyiqlər nəticəsində və 2026-cı ilin birinci yarısında keçirilən aralıq seçkilərə qədər fikrini dəyişsin", - deyə ekspert əlavə edib.