Trampa verilən mükafatın müəllifi azərbaycanlı imiş - FOTO
215
11:50, Bu gün

Trampa verilən mükafatın müəllifi azərbaycanlı imiş - FOTO

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb.
 
FİFA rəhbəri Canni İnfantino dövlət başçısına qurumun yeni təsis etdiyi FİFA Sülh Mükafatını təqdim edib.
 
Bununla bağlı nümayiş etdirilən videoçarxda Trampın digər münaqişələrlə yanaşı, Ermənistanla Azərbaycan arasında sülh istiqamətində gördüyü işlər və sənədin imzalanması da qeyd olunub.
 
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır.
Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir.  O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır. Əli İbadullayev də Rəssamlar ittifaqının üzvüdür.
 
 
Hündürlüyü dörd metr olan abidə hazırda Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşir.
 
1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.
 
Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə abidə BMT-yə hədiyyə verilib.
 
Qeyd edək ki, FİFA bu mükafatı ilk dəfə təsis edib və İnfantino çıxışında Trampın “sülh naminə gördüyü fövqəladə işləri” xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti “insanları birləşdirmə səyləri və dünya üzrə sülhün qorunması üçün atdığı addımlara görə” hətta Nobel Sülh Mükafatına layiq görülməli idi. “Bu addımınıza və bu yolda əldə etdiklərinizi nəzərə alaraq, siz tamamilə FİFA-nın ilk Sülh Mükafatını haqq edirsiniz”, – deyə İnfantino bildirib.
 
Donald Tramp isə çıxışında diplomatiki təşəbbüsləri sayəsində “on milyonlarla insanın həyatını xilas etdiyini”, bir çox münaqişələrin “başlamadan qarşısını aldığını” deyib. “Bu, mənim həyatımın ən böyük şərəflərindən biridir”, - ABŞ prezidenti vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər