İranda su böhranı artıq dövlət səviyyəsində etiraf olunan, siyasi və sosial sabitliyi təhdid edən ən ciddi problemlərdən birinə çevrilib. İranın enerji naziri Abbas Əliabadi qonşu ölkələrdən su idxalının planlaşdırıldığını deyib. Nazir bunu İranda geniş yayılmış quraqlıqla əlaqələndirib: “Əgər suyu münasib qiymətə satmaq istəyən bir ölkə varsa, biz onu alacağıq”.
Ciddi quraqlıq, illərlə davam edən yanlış su idarəçiliyi, həddən artıq istifadə və ekoloji fəlakətlər nəticəsində İranın su sistemi çökmüş vəziyyətə düşüb.
Son bir ildə vəziyyət daha da kəskinləşib. 2025-ci ilin mart ayında prezident Məsud Pezeşkian ölkənin quraqlıq və həddindən artıq su istehlakı səbəbindən su böhranı ilə üzləşdiyini bildirib. 2025-ci ilin iyul ayınadək vəziyyət daha kritik hala gəlib: paytaxt Tehran da daxil olmaqla, bir neçə şəhərdə su məhdudiyyətləri tətbiq edilib, bəzi ərazilərdə 48 saata qədər su olmayıb. 2025-ci ilin yayında isə bölgənin ən böyük duzlu su hövzəsi olan Urmiya gölü tamamən yoxa çıxıb. Noyabrda yağan güclü yağışlar belə qurumuş torpağın suyu qəbul etməməsi səbəbindən problemi çözə bilmədi və daha bir problem (daşqın) yaratdı.
2025-ci ilin noyabrında Tehranı təmin edən su anbarında səviyyə kritik minimuma düşüb. Pezeşkian yağış yağmazsa, paytaxtın təxliyə edilməsinin vacib ola biləcəyi barədə xəbərdarlıq edib. Həmin ayın ortalarında Tehran sakinləri su təchizatına etibar etmədikləri üçün kütləvi şəkildə şüşə qablarda su aldıqları barədə xəbər verilmişdi.
Bu fondda ortaya çıxan su idxalı məsələsi həm regionda, həm də Azərbaycanda maraq doğurur: İran Azərbaycandan su ala bilərmi? Bu, texniki və iqtisadi cəhətdən mümkündürmü?
Azərbaycanın su ehtiyatları regionun bir çox ölkəsindən fərqli olaraq transsərhəd çaylara bağlıdır və illik dəyişkənlik çox yüksəkdir. Kür-Araz hövzəsində suyun həcmi hər il azalır, iqlim dəyişikliyi fonunda şimal bölgəsində çay axınları zəifləyir, aran zonasında suya tələbat artır. Son illərdə təsərrüfat, əkinçilik və şəhər şəbəkələri üçün əlavə su layihələri həyata keçirilsə də, ölkənin özü üçün belə su resursları komfortlu səviyyədə deyil. Yay aylarında su qıtlığı epizodları Bakıda və regionlarda zaman-zaman yaşanır.
Azərbaycan üçün əsas məsələ daxili su təhlükəsizliyinin qorunmasıdır. Regiondakı iqlim dəyişiklikləri, azalmaqda olan çay axınları və strateji ehtiyatların məhdudluğu fonunda ölkənin gələcəkdə su qıtlığı yaşamaq riski də mövcuddur. Su idarəçiliyinin səmərəliliyi, itkilərin azaldılması, yeni infrastruktur layihələri və su ehtiyatlarının qorunması yaxın illər üçün həyati vacib olacaq.

Ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ölkələrin bir-birinə su satması təcrübəsi var. Onun sözlərinə görə, belə bir təklifi Rusiya Orta Asiya ölkələrinə edib: “Əlbəttə, Rusiya su resursları ilə çox zəngin olan bir ölkədir. Orada bol sulu çaylar çoxdur. Amma bunu Azərbaycan üçün demək olmaz. Çünki Azərbaycan aşağı axın ölkəsidir. Su ehtiyatlarının 70 faizindən çoxu Azərbaycana xarici ölkələrdən gəlir və getdikcə bu azalır. Yəni Azərbaycanın özünün suya olan tələbatı çoxdur. Digər tərəfdən, biz qonşu ölkəyə su transfer etmək istəyiriksə, düşünməliyik ki, bunu hansı yolla edəcəyik. Çünki ölkəmizdən İrana suyun fiziki yolla çatdırılması da mümkün deyil. İran daha yüksəkdədir və bunun üçün elektrik enerjisi lazım olacaq. Bir sözlə, bu fikir cəlbedici və iqtisadi cəhətdən effektiv deyil”.
Ekspert bildiri ki, İranla su əməkdaşlığı yalnız müəyyən, məhdud miqyasda - əsasən transsərhəd çayların tənzimlənməsi çərçivəsində mümkündür. Onun sözlərinə görə, Azərbaycan böyük həcmdə içməli suyu İrana ixrac edə biləcək səviyyədə resurs bolluğuna malik deyil:" Mövcud su ehtiyatlarının prioriteti ölkədaxili təminatdır: Bakının içməli su sisteminin yükü artır, kənd təsərrüfatı sahələrinin genişlənməsi suya tələbatı daha da böyüdür.
Azərbaycan yaxşı olardı ki, ilk növbədə özü özünü su ilə təmin etsin. Yəqin ki, İranla su barədə perspektivdə bizim əməkdaşlıq olmayacaq. Əlbəttə, İran Araz çayı olan anbardan daha artıq su götürə bilər. Lakin belə bir razılaşma daimi deyil, hansısa kritik vaxtlarda ola bilər. Yəni şərikli su anbarlarından onlar üçün kvotalar ayrıla bilər. Amma bu o şərtlə edilə bilər ki, ilk olaraq Azərbaycanın özünə su çatsın".
Mütəxəssislər deyir ki, texniki-logistika baxımından da içməli suyun böyük həcmdə İran ərazisinə nəqli real görünmür. Su boru xətti layihələri çox böyük maliyyət tələb edir, daşınma xərcləri isə suyu İran üçün “ucuz resurs” olmaqdan çıxarır. İranın özü də su idxalına yalnız məcbur qaldığı üçün baxır - ölkədə günü-gündən kritikləşən vəziyyət alternativ buraxmır.
Azərbaycanın suyu özünə güclə yetir, böyük həcmli ixrac texniki və strateji baxımdan mümkün deyil. Regionda su geosiyasəti getdikcə daha sərtləşir və qarşıdakı illərdə bu məsələ ölkələr arasında ən kritik mövzulardan birinə çevriləcək.