“Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir. Bu addım Avropada ”soyuq müharibə" dövründən qalan axırıncı qapalı sərhədə son qoyacaq və Cənubi Qafqazda ticarətin bərpasına şərait yaradacaq".
Bu barədə “Bloomberg” mənbələri məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə-Ermənistan sərhədinin açılması 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanın baş naziri Nikol Paşinyana mühüm siyasi dəstək qazandıra bilər.
Həmsöhbətlər bildiriblər ki, yalnız belə razılaşmalar əldə olunduqdan sonra Türkiyə Ermənistanda səfir göndərə və iki ölkə arasında diplomatik münasibətləri tam bərpa edə bilər.
Bu nədir, ehtimal, yoxsa informasiya? Qərb mediasının sərhədlərin açılacağı ilə bağlı bu əminliyi haradandır? Belə çıxır, Ankara sülh müqaviləsi imzalanmadan, sadəcə, Paşinyanın partiyasına seçki dəstəyi üçün sərhədləri aça bilər?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dönəmdə Türkiyə və Ermənistan arasında münasibətlərdə irəliləyiş var və tərəflər münasibətlərin normallaşması üçün xüsusi nümayəndələr təyin eləyiblər: “Xüsusi nümayəndələr bu günə qədər altı görüş keçiriblər və bu görüşlərdə münasibətlərin normallaşması üçün ciddi addımlar atılıb. Bir çox istiqamətlərdə müəyyən razılaşmalar mövcuddur. O cümlədən sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılması gələcəkdə Gümrü-Qars dəmiryolunu bərpası, elektrik şəbəkələrinin bir-birilə əlaqələndirilməsi və digər məsələlər artıq prinsip olaraq razılaşdırılıb. O ki qaldı ”Bloomberg" nəşrinin 6 ay ərzində Türkiyənin Ermənistanla sərhədlərini açacağı barədə iddiasına, bu iddia üçün müəyyən əsasların olduğunu, görünür ki, onlar nəzərə alırlar. Belə ki, xüsusilə də 8 avqust Vaşinqton görüşündə sülh müqaviləsinin mətninin paraflanması və Zəngəzur dəhlizi - TRİP marşrutunun açılması ilə bağlı əldə olunmuş razılaşmalar prosesə ciddi şəkildə təsir etdi. Məhz bundan sonra Azərbaycanın iki ən yaxın müttəfiqi Türkiyə və Pakistanın Ermənistanla münasibətlərində də bir ciddi irəliləyişlərin əldə olunduğunu deyə bilərik. Pakistan Ermənistanla diplomatik münasibətləri qurmaq prosesinə başladı, Türkiyə ilə Ermənistan xüsusi nümayəndələrinin 6-cı görüşü keçirilib və bu görüş kifayət qədər konstruktiv görüş oldu".
Politoloqun sözlərinə görə, ümumən götürdükdə münasibətlərin düzəlməsi istiqamətində işlər intensiv xarakter alıb, amma amma sərhədlərin konkret olaraq 6 ay ərzində açılacağının iddia, yoxsa dəqiq informasiya olduğunu söyləmək biraz çətindir: “Lakin nəzərə alsaq ki, Türkiyə tərəfinin sərhədlərin açılması üçün dəfələrlə açıqlanmış mövqeyi var. İki həftə öncə xarici işlər naziri Hakan Fidan bəyan etdi ki, sərhədlərin açılması Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına bağlı məsələdir. Nazir bir daha bəyan etdi ki, Türkiyə sərhədlərin açılması məsələsini iki şərtə bağlayır. Birinci şərt Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, ikinci şərt Zəngəzur dəhlizinin açılmasıdır. İkinci şərtin həyata keçməsi ilə bağlı artıq müəyyən addımlar atılıb, ABŞ və Ermənistan nümayəndələri arasında keçirilən görüşdə ilkin razılaşmalar əldə olunub və Paşinyanın da bəyan etdiyi kimi, bu marşrutun açılması ilə bağlı sahədə işlər gələn ilin ikinci yarısında başlanacaq. Azərbaycanla sülh sazişinə gəldikdə isə, bu Ermənistandan konstitusiya dəyişikliyinin vacibliyini özündə əks etdirir. Yəni bu məsələlər həllini tapmadıqca düşünmürəm ki, Türkiyə Azərbaycanla razılaşmadan Ermənistanla sərhədlərini açsın”.
O.Qasımov əmindir ki, nə baş verəcəksə Azərbaycanla koordinasiyalı şəkildə baş verəcək: “Sərhədlərin Azərbaycanla razılaşdırılmaqla qarşıdakı 6 ayda açılması ehtimalı çox yüksək olmasa da mümkün variantlardan biridir. Hesab edirəm ki, bu, bölgədəki vəziyyətdən ciddi şəkildə asılı olacaq. Amma böyük ehtimalla elə addımlar atıla bilər ki, sərhədlər tam şəkildə açılmasa da müəyyən məhdudiyyət çərçivədə açıla bilər. Bu da Nikol Paşinyana seçkilərdə əlavə siyasi dividendlər qazandıra bilər”.