Son günlər Azərbaycanda ard-arda baş verən yanğın hadisələri cəmiyyəti ciddi şəkildə narahat etməyə başlayıb. Artıq bir neçə gündür ki, həm paytaxt Bakıda, həm də müxtəlif bölgələrdə, şəhər və rayonlarda dəhşətli yanğınlar, tüstü boğulmaları, faciəvi ölümlər və yaralanmalarla müşayiət olunan hadisələr qeydə alınır. Hadisələrin intensivliyi və ağır nəticələri gündəmin əsas mövzusuna çevrilib.
Xüsusilə də son 24 saatda baş verən yanğınlar cəmiyyətin psixoloji durumuna ciddi təsir göstərib. Təkcə bu gün ərzində iki ağır yanğın hadisəsi qeydə alınıb ki, bunların hər ikisi insan itkisi ilə nəticələnib və ölkə gündəmini sarsıdacaq qədər dəhşətli olub. Belə ki, gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-1” yaşayış massivində çoxmərtəbəli binada baş verən yanğın dörd nəfərin ölümü ilə nəticələnib. Həlak olanlar arasında iki azyaşlı uşağın olması faciənin miqyasını daha da ağırlaşdırır.

İlkin ehtimallara əsasən, partlayış mənzildə quraşdırılmış kombidə yaranan nasazlıq nəticəsində baş verib.
Qonşuların və hadisə şahidlərinin sözlərinə görə, yanğın qısa zamanda geniş əraziyə yayılıb və insanları təxliyə etmək çox çətin olub.
Bu olaydan cəmi bir neçə saat sonra isə Yevlax şəhərində daha bir dəhşətli yanğın haqqında xəbər yayılıb. İlkin məlumata görə, yanğın nəticəsində şəhid anası həlak olub, bacı-qardaş isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bəs ard-arda baş verən yanğınların səbəbi nədir?
Mütəxəssislər müxtəlif faktorları ön plana çəkirlər: Elektrik xətlərinin köhnəlməsi və normativlərə uyğun olmayan şəkildə çəkilməsi, məişət texnikasının nasaz vəziyyətdə istifadəsi, qızdırıcı cihazların təhlükəsizlik qaydalarına əməl olunmadan işə salınması, binalarda yanğına qarşı sistemlərin, o cümlədən siqnalizasiya, tüstü detektorları, hidrantların ya ümumiyyətlə olmaması, ya da işlək olmaması, sıx və nizamsız tikinti səbəbindən təxliyə yollarının bağlanması, müasir yaşayış binalarında yanğın təhlükəsizliyinə dair standartlara əməl edilməməsi, qaz sızmaları, qayda pozuntuları və profilaktik baxışların vaxtında aparılmaması.
Ekspertlər bildirirlər ki, bu gün baş verən ağır yanğınların bir çoxu qarşısı alına bilən hadisələrdir. Sadəcə olaraq, təhlükəsizlik qaydaları nəzərə alınmalı, binalar mütəmadi şəkildə yoxlanmalı, sakinlər isə maarifləndirilməlidir.
Yanğın təhlükəsizliyini təmin etmək üçün nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov Musavat.com-a danışıb.

Ekspert öncə kombinin partlaması ehtimalından danışıb:
“Kombi heç zaman partlaya bilməz. Çünki bu cihazlar tam avtomatlaşdırılıb, ağıllı idarəetmə sisteminə malikdir. Kombi öz-özünə yanır, öz-özünə sönür, suyun təzyiqini, temperaturunu avtomatik tənzimləyir və ən kiçik nasazlıq hiss edildikdə dərhal bloklanır.
Bu səbəbdən baş verən hər hansı partlayış və ya yanğının səbəbi kombinin özü deyil, onu qidalandıran qaz xəttindəki sızma olur. Əgər evdə qaz detektoru quraşdırılmış olsaydı, sakinlər sızıntını vaxtında hiss edər və faciənin qarşısı alınardı.
Hər bir evdə, ofisdə, mağazada, restoran və digər obyektlərdə qaz detektoru quraşdırılması mütləqdir. Lakin Azərbaycanda bu tələbin olmaması çox ciddi boşluq yaradır.
Detektor necə işləyir?
Metan, propan, butan, etan kimi yanar qazların buxarını hiss edir. Hətta minimal sızma baş verdikdə yüksək səs siqnalı verir. Evin sakinləri və ya işçilər dərhal təhlükəni anlayır. Hadisə böyümədən qarşısı alınır. Bu zaman dərhal otağın havasını dəyişmək, pəncərələri açmaq və daha sonra isə “Azəriqaz”ın əməkdaşlarına dərhal xəbər vermək lazımdır”.
Ekspert qeyd edib ki, bir çox hallarda yeni tikililərdə təhlükəli səhvlər edilir:
“Bəzən tikinti şirkətləri və fərdi ev tikən şəxslər qaz kəmərinin keçdiyi ərazini nəzərə almadan tikinti işlərinə başlayırlar. Bu isə gələcəkdə çox ciddi təhlükə yaradır. Qaz kəmərləri standartlara görə yeni tikilən bina fundamentindən ən azı 2 metr uzaqda olmalı, qaz xəttinin yeraltı dərinliyi 4 metr olmalıdır. Binaların yanından keçən qaz kəmərlərində qaz sızmasnın olub-olmaması ilə bağlı gündə iki dəfə yoxlama keçirilməlidir. Çünki adətən qaz kəmərlərinin istifadə müddəti 33 il olmalıdır, amma 70-90 il istifadə edilən qaz kəmərləri var ki, bu da təhlükəli ola bilir.
Bir mətbuat orqanında oxudum ki, insanlar qaz sızmasını hiss etdiklərini deyiblər. Amma əslində qaz iysiz maddədir. Bizim hiss etdiyimiz o qoxu təbii qaza əlavə edilən xüsusi maddə azonat sayəsindədir. Azonatın məqsədi insanların qaz sızmasını qoxudan dərhal hiss etməsidir. Qışda hər kubmetrə təxminən 16 qram, yayda isə 8 qram azonat əlavə olunur. Bu maddə çürük yumurta qoxusuna bənzər iy yaradır. Sızma baş verdikdə insanlar dərhal təhlükəni anlayır”.
Nüsrət Qasımov ən çox yanğına səbəb olan elektrik naqillərindən də söz açıb:
“Son dövrlərdə baş verən yanğınların böyük qismi elektrik naqillərinin köhnə olması, düzgün seçilməməsi və yüklənməsi ilə bağlıdır. İndi isə demək olar ki, hər evdə çoxsaylı elektrik cihazları var: kondisioner, kompüter, paltaryuyan, elektrik qızdırıcıları çaydanlar və s.
Bu cihazların hamısını eyni anda işlətmək köhnə naqillərdə güclü yüklənmə yaradır və nəticədə naqillər qızaraq yanğın törədə bilər. Elektrik naqillərində ən çox rast gəlinən səhvlərdən biri budur ki, mis kabel əvəzinə alüminium kabeldən istifadə olunur, en kəsiyinin normadan kiçik seçilir, köhnə naqillərin illərlə dəyişdirilmir, eyni rozetkaya bir neçə güclü cihaz qoşulur. Bunların hər biri ciddi təhlükədir. Hər cihaz istifadə olunduqdan sonra şəbəkədən ayrılmalıdır. Qızdırıcılar pərdə, yataq dəsti və divara yaxın yerləşdirilməməlidir. Köhnə naqillər dərhal yenilənməlidir. Elektrik xətlərində qızma hiss edilərsə, bu, dərhal təmir olunmalıdır”.