Elçin Əmirbəyov Cenevrədə Tobias Privitelli ilə görüşdü - FOTO
163
15:20, Bu gün

Elçin Əmirbəyov Cenevrədə Tobias Privitelli ilə görüşdü - FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cenevrə şəhərində Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru səfir Tobias Privitelli ilə görüş keçirib.
 
Moderator.az xəbər verir ki, görüş Elçin Əmirbəyovun İsveçrə Konfederasiyasına işçi səfəri çərçivəsində baş tutub.
 
Söhbət əsnasında Cenevrə şəhərində Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin Azərbaycanda minatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğu vurğulanıb.
 
Ölkəmizdə mina və partlamamış sursatlar probleminin miqyası və onun aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən son zamanlar həyata keçirilən fəaliyyət barədə həmsöhbətə ətraflı məlumat verən Elçin Əmirbəyov ölkəmizin GICHD ilə uğurla həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsinə açıq olduğunu qeyd edib.
 
Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış "Azərbaycan Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin Edilməsinə dair" Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçün əhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nın Göygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsi imkanlarını və digər praktiki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 
Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etmək üçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləri yüksək qiymətləndirib və onun rəhbərlik etdiyi mərkəzin Azərbaycanda Minatəmizləmə Milli Agentliyi ilə praktiki əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə o, gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini vurğulayaraq, səfər zamanı azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib.
 
Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə baş çəkməsini tövsiyə edib.
Link kopyalandı!
Son xəbərlər