Bu gün dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyamın anım günüdür.
Moderator.az Kulis.az - a istinadla müəllifin rübailərini təqdim edir.
Dünən meyxanədə mən bir qocadan,
Soruşdum ki, gedib bu qədər insan,
Onlardan xəbər ver. Dedi: - Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman.
***
Əfsus gəncliyimin dövranı getdi,
Ömrümün son bahar zamanı getdi,
Gənclik dedikləri o quş bilmirəm,
Nə zaman tərk edib bu canı getdi.
***
Əkmə qəm ağacı qəlbində bir an,
Şadlıq kitabını oxu hər zaman.
Şərab iç, xoş keçin, bəlli bir şeydir
Dünyada nə qədər yaşayır insan.
***
Mey içsən, ağıllı bir insanla iç,
Ya incə gülüşlü bir cananla iç.
Çox içmə, gizlin iç, meyə alışma,
İçsən, xumar gözlü bir ceyranla iç.
***
Çətin sövdalara düşmə heç zaman,
Doldur piyaləni, nuş et durmadan.
Üzümün qızıyla oturub kef çək,
Haram qız yaxşıdır, halal anadan.
***
Biz getsək, yenə də duracaq cahan,
Bizdən qalmayacaq bir iz, bir nişan.
Biz yoxkən çəkmirdi o heç bir zərər,
Getsək də, görünməz onda bir nöqsan.
***
Madam çox yaşamır dünyada insan,
Meysiz, sevgilisiz yaşama bir an,
Axtarma qədimdir, təzədir aləm,
Biz getdik, nə olur qoy olsun cahan.
***
Bu gündən sabaha yetişərmi ad?
Xəyaldır sabahçün bəslənən əməl.
Könlün oyaq ikən vaxtı itirmə,
Daim yaşamağa vaxt verməz əcəl.
***
Gəlişimdən fayda görmədi həyat,
Getsəm də, dəyişməz qoca kainat.
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyhat.
***
Cənnət, cəhənəmə girən yox, könül,
Gedib o dünyanı görən yox, könül,
Ümid və qorxumuz o şeydəndir ki,
Onlardan heç nişan verən yox, könül.
***
Bu fələk çox insan əkib biçmişdir,
Dərd çəkmək, qəm yemək faydasız işdir,
Ey saqi, durma, tez mənə badə ver!
Mey içim, olanlar olub keçmişdir.
***
Yaşasan üç yüz il, beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil.
İstər dilənçi ol, istərsə şah ol,
Məzarda qiymət bir, iki cür deyil.
***
Sən könül qırmağı eyləsən adət,
İnsan incitməyi bilsən səadət,
Ağlın matəmində otur, ey nadan.
Bil ki, əskik deyil səndən rəzalət.
***
Dünya - ömrümüzdən keçən bir andır,
Ceyhun - gözümüzdən axan neysandır.
Cəhənnəm - çəkdiyin bihudə dərddir,
Cənnətsə xoş keçən rahat zamandır.
***
Kimin bir çörəklik buğdası vardır,
Başını çəkməyə yuvası vardır,
Nə ağadır, nə də kimsəyə nökər,
Şad olsun, zənn etsin dünyası vardır.
***
Ömrümdə heç ayıq olmamışam mən,
Qədir gecəsi də sərxoşam meydən.
Dodağımda qədəh, küplə döş-döşə,
Yatıb qalacağam yerdə sübhətək.
***
Mənə həyat verən sənsən, neyləyim,
İpimi əyirən sənsən, neyləyim!
Yaxşılıq, yamanlıq nə gəlsə məndən,
Yazıb rəva görən sənsən, neyləyim!
***
Bilmirəm yaradan nə verib mənə,
Cənnətə gedərəm, ya cəhənnəmə.
Burda saz, mey, gözəl çəmən olsa nəqd.
O nisyə cənnəti verərəm sənə.
***
Bir şüşə mey olsa, bir divan olsa,
Bir az çörək olsa, xoş zaman olsa,
Mənə xarabalıq xoşdur saraydan –
Yanımda mehriban bir canan olsa.
***
Gəl keçən günləri yadına salma,
Sabahın hayına indidən qalma.
Burax keçmişləri, gələcəkələri,
Xoş keçir halını, qüssəyə dalma.
***
Biz qəflət toruna düşmüş bir quşuq.
Dünyanın dərdindən cana doymuşuq.
Nə gəlmək arzumuz olub, nə getmək,
Bu damsız, qapısız yerə uymuşuq.
***
Qızıla, gümüşə uyma dünyada,
Vermə pul yığmaqla ömrünü bada.
Nəfəsin sönməmiş dostlarınla ye.
Öldün düşmən yeyər, bunu sal yada.
***
Bu ucsuz-bucaqsız göyün altında
Şən keçin, dövranda az deyil cəfa.
Sənə növbət çatdı heç ah eyləmə,
Hamı gedəcəkdir, çünki torpağa.
***
Mey qəmi dağıdır, kefi edir saz,
Meydə olan ətir çiçəkdə olmaz.
Dünyada kədəri dağıdacaq şey
Yaqut rəngli meydir, ipək telli saz.
***
Yazıq o qəlbə ki, odu yox əsla,
Bir gözəl eşqinə deyil mübtəla.
Sevgisiz, sevdasız keçirdiyin gün.
İnan ki, ən yaman gündür dünyada.
***
Nəşəli qəlbini kədərlə üzmə,
Xoş günü möhnətin daşıyla əzmə.
Dünyada qeybdən xəbər verən yox,
Mey iç, sevgilisiz dolanıb gəzmə.
***
Ey dördlə yeddinin məhsulu insan,
Bu dördlə yeddidə nə qovrulursan!
Mey iç ki, min dəfə demişəm sənə,
Bir kərə getdinmi, dönməzsən, inan.
***
Gül rəngli badə iç gül mövsümündə,
Neyin naləsində, sazın səsində.
Mey içib qəlbimi şad edirəm mən,
İçmirsən, özün bil, get daş ye sən də.
***
Vurub piyaləmi devirdin, Allah,
Eyşimi matəmə çevirdin, Allah!
Bu al şərabımı tökdün torpağa,
Yoxsa sərxoşluqmu sevirdin, Allah!
***
O gün ki, fələkçün at yəhərləndi,
İşıqlı ulduzlar göydə hərləndi.
Günahımız nədir bilmirəm, o gün
Qəzadan bizimçün bu qismət endi.