Qəfil ölümlərlə bağlı ÖNƏMLİ AÇIQLAMA - Tanınmış həkimdən XƏBƏRDARLIQ
96
11:52, Bu gün

Qəfil ölümlərlə bağlı ÖNƏMLİ AÇIQLAMA - Tanınmış həkimdən XƏBƏRDARLIQ

Milli Məclisin üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi - Təcrübi Tədris Mərkəzinin rəisi, Tibb elmləri doktoru Rəşad Mahmudov ürək xəstəlikləri, qəfil ürək tutmaları ilə bağlı ictimaiyyətə müraciət edib.

Moderator.az Musavat.com-a istinadla son vaxtlar ürək-damar xəstəlikləri ilə bağlı qəfil ölümlərin, hətta yeniyetmələr arasında da infarkt hallarının baş verməsi səbəbindən tanınmış ürək cərrahının fikirlərinin, məsləhətlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onları diqqətinizə çatdırır: “Əziz dostlar, dəyərli həmvətənlər! Son illərdə həm dünyada, həm də Azərbaycanda infarktın yaşının nəzərəçarpacaq dərəcədə cavanlaşması müşahidə olunur. Əgər əvvəllər infarkt daha çox 50–60 yaşdan sonra rast gəlinirdisə, bu gün artıq 25–35 yaş arasında olan gənclərdə belə ağır ürək-damar hadisələri qeydə alınır. Bu narahatedici artım həyat tərzinin dəyişməsi, stressin yüksəlməsi, hərəkətsizliyin artması, zərərli qidalanma və siqaret kimi faktorların birgə təsiri ilə bağlıdır. Xüsusən də yüksək xolesterin, arterial hipertoniya, şəkərli diabet və insulin rezistentliyi kimi “səssiz qatil” adlandırılan xəstəliklərin gənclərdə belə geniş yayılması infarkt riskini daha erkən yaşlara çəkir”.

R.Mahmudovun sözlərinə görə, digər mühüm məqam insanların vaxtında həkimə müraciət etməməsidir: “Təəssüf ki, bu gün pasiyentlərin böyük bir qismi ürəkdə narahatlıq və ya tipik ağrılar olmasına baxmayaraq, həkimə getmir və yalnız infarkt baş verdikdən, yəni ürək toxuması artıq zədələndikdən sonra müraciət edir. Bu, təhlükəli tendensiyadır, çünki infarkt zamanı zədələnmiş ürək əzələsinin böyük qismi geri dönüşü olmayan bir prosesə daxil olur. Zədə baş verdikdən sonra görülən tibbi müdaxilə yalnız qalan toxumaların qorunmasına və riskin müəyyən qədər azaldılmasına imkan verir, amma tam bərpa çox zaman mümkün olmur. Ona görə də erkən müraciət, vaxtında diaqnoz və profilaktik yanaşma həyati önəm daşıyır”. R.Mahmudov hesab edir ki, burada xüsusilə bir məqama diqqət çəkmək vacibdir: “Əgər fiziki gərginlik zamanı – məsələn, gəzinti etdikdə, pilləkən qalxarkən, yoxuş yuxarı hərəkət edərkən – sinə nahiyəsində çənəyə, qollara, kürəyə və ya mədə nahiyəsinə vuran bir ağrı yaranırsa və bu ağrı dayanıb dincəldikdən sonra 1–2 dəqiqə ərzində keçirəcəksə, bu, artıq ürək mənşəli şikayətin tipik əlamətləridir. Eyni zamanda soyuq havada küləyə doğru addımlayarkən ağız açıq vəziyyətdə nəfəs alanda sinədə narahatlıq yaranması, amma ağız bağlandıqda və sakitləşdikdə bu narahatlığın keçməsi də ürək damarlarının daralmasına işarə edə bilər. Həyəcanlanma zamanı yaranan təngnəfəslik, sıxıntı və ritm pozuntusu ilə müşayiət olunan narahatlıqlar da eyni şəkildə dəyərləndirilməlidir”.

Tanınmış ürək və damar mütəxəssisi hesab edir ki, bu cür simptomlar heç vaxt “keçib gedər” düşüncəsi ilə nəzərə alınmamalıdır: “Onlar infarktın çox mühüm xəbərdaredici əlamətləridir və bu mərhələdə vaxtında həkimə müraciət edilsə, problem infarkta çatmadan həll edilə bilər. Xəstənin həyatı, ürəyin funksiyası və gələcək sağlamlığı çox böyük dərəcədə ilkin şikayətlərin vaxtında qiymətləndirilməsindən asılıdır. Nəticə olaraq, infarktın cavanlaşmasının qarşısını almaq üçün sağlam qidalanma, aktiv həyat tərzi, siqaretdən tam uzaq durmaq, stressi idarə etmək və ildə ən az bir dəfə check-up müayinəsindən keçmək vacibdir. Ən əsası isə, fiziki fəaliyyət zamanı yaranan və dincəldikdən sonra keçən hər bir sinə ağrısını ürək siqnalı kimi qiymətləndirib vaxtında mütəxəssisə müraciət etmək həyat qurtara bilər”.

Link kopyalandı!
Son xəbərlər