Yeniyetmənin gizli şəkildə telefonunda qorxulu səhnələrlə dolu videolara baxması faciə ilə nəticələndi - psixoloqdan tövsiyə
Paytaxtın Binəqədi rayonunu silkələyən dəhşətli hadisə bir daha göstərdi ki, uşaqların virtual mühitdə nə ilə qarşılaşdığı valideynlər üçün ən böyük naməlumluğa çevrilib. Rəsulzadə qəsəbəsində 13 yaşlı qızın ani və müəmmalı ölümü ailəni, yaxınlarını və bütövlükdə cəmiyyəti sarsıdıb. Yeniyetmənin meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. İntihardan sonra mərhumun telefonunda qarşılaşdıqları ailəni ikinci dəfə şoka salıb. Atasının sözlərinə görə, qız gecələr hamı yatandan sonra gizli şəkildə telefonunda qorxulu, mistik səhnələrlə dolu videolara baxırmış:
“Polis araşdırandan sonra məlum oldu ki, cin, şeytan, qəbiristanlıq kimi dəhşətli görüntülərə çox baxıb. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Bundan xəbərim olmayıb”. Hadisənin dəqiq səbəbi ekspertiza nəticələrindən sonra məlum olacaq. Lakin mütəxəssislər yeniyetmələrin psixikasına ağır təsir göstərən qorxu videolarının, mistik məzmunlu kontentin, qaranlıq internet qruplarının böyük risk yaratdığını dəfələrlə vurğulayıblar. Uşaqların gecə saatlarında gizli şəkildə belə materiallara baxması, xüsusilə də emosional həssaslıq dövrünə təsadüf edən yeniyetmələrdə kəskin psixoloji travma, panik atak, qorxu nevrozu və qəfil davranış dəyişikliklərinə səbəb ola bilər.
Ekspertlər bildirirlər ki, son illər sosial şəbəkələrdə uşaqları “qorxu çətinliklərinə” sürükləyən, psixoloji təzyiq yaradan, hətta özünəqəsd yönümlü çağırışlarla manipulyasiya edən gizli səhifələrin sayı artıb. Bu kontentə çıxış çox vaxt valideynlərin xəbəri olmadan baş verir. Telefonun gecə istifadəsi, otaqda tək qalma, qaranlıq vizuallar, ritmik qorxu səsləri və digər manipulyativ effektlər yeniyetmə psixikasını zədələyən əsas amillərdəndir.
Mütəxəssislər valideynlərə uşaqlarına xüsusi diqqət göstərməyi, onların davranışındakı kiçik dəyişiklikləri belə gözdən qaçırmamağı tövsiyə edirlər. Yuxu rejiminin pozulması, səksəkə, özünə qapanma, qəfil həyəcanlanma, gecə saatlarında gizli telefon istifadəsi, mistika, ölüm, qorxu motivlərinə həddən artıq maraq, dəftər və ya kağızlarda qaranlıq rəsmlərin çoxalması, ailə üzvlərindən uzaqlaşma və izolyasiya normal hallar deyil.
Sosioloqların fikrincə, bu cür faciələrin qarşısını almağın yeganə yolu valideyn nəzarətini gücləndirmək, uşaqların psixoloji vəziyyətinə qarşı həssas olmaq, internetə girişə real nəzarət tətbiq etməkdir. Təkcə texniki filtrlər yox, həm də ailə içi ünsiyyət, etibar və psixoloji dəstək mütləqdir.
Binəqədidə baş verən bu ağır hadisə cəmiyyət üçün açıq siqnaldır: internetin görünməyən qaranlıq tərəfi real təhlükəyə çevrilib. Valideynlərin bu təhlükəni nə qədər tez dərk etməsi, övladları ilə ünsiyyəti nə qədər gücləndirməsi birbaşa həyat qurtara bilər.

Mövzu ilə bağlı psixoloq Günel İsmayıllı “Yeni Müsavat”a danışıb: “Bu intihar hadisəsi mənə "Mavi balina" adlı oyunu xatırlatdı. Bir dövrlər Azərbaycanda da geniş yayılmışdı. Oyunda xüsusi əmrlər verilirdi və bildirilirdi ki, yeniyetmə əmri yerinə yetirməsə, ya onun özünə, ya da ailə üzvlərinə zərər veriləcək. Hətta bu, təhdid edən tonda olan fikirlərdən ibarət olurdu. Nəzərə alaq ki, yeniyetmələrdə bioloji, psixoloji və sosioloji istiqamətlərdə dəyişikliklər gedir. Sözün əsl mənasında ən kritik dönəmlərdən biridir. Doğrudur, yeniyetməlikdən öncə də yaş böhranları olur. Lakin yeniyetməlik artıq böyüklüyə addım atılan bir dönəmdir ki, bu zaman bioloji dəyişikliklərlə bərabər hormonal sistemdə tarazlıq pozulur, şəxsiyyət kimliyi ilə bağlı axtarışlar baş verir. Həm psixoloji, həm də bioloji dəyişmələr yeniyetmənin sosial çevrəsindəki əlaqələrində də özünü büruzə verir.
Valideyn düşünür ki, bir uşağın özünü yaxşı hiss etməsi üçün isti evi, yaxşı yeməyi, geyimi və əşyası olmalıdır. Ancaq bunlar da hamısı deyil. Əksər vaxtı onlar düşünmür ki, uşaqlar, sadəcə, bədəndən ibarət bir varlıq deyil. Övladının bir ruhu və psixoloji tələbatları da var. Bu, bizim aidiyyət hissimizlə bağlıdır. Biz özümüzü aid hiss etmək istəyirik. Yəni bizim sözümüz, duyğumuz, fikirlərimiz, seçimlərimiz və qərarlarımız bu ailədə nə dərəcədə önəmlidir, qəbul edilir və dinlənilir? Burada əsas məsələ bizi bir ömür boyu formalaşdıran valideyn sevgisidir. Əsas sual isə budur: biz bu sevgi ilə nə qədər qidalana bilirik? Aid olmaq, qəbul olunmaq və sevilmək - bu 3 tələbatı valideyn ödəmirsə, mütləq boşluq yaranır. Lakin baş verən hadisələr bizi bir daha düşündürür, deməli, nə isə yerində deyil və ya əskikdir. Bir çox valideynlər uşağı böyütməklə onu yetişdirməyi ayırd edə bilmirlər və yetişdirmək məsələsində məsuliyyətdən qaçırlar. Nəticədə uşaqlar psixoloji tələbatı sosial şəbəkədə, oyunlarda axtarır. Beləliklə, uşaqlarımızı biz deyil, internet, müxtəlif oyunlar, sosial şəbəkələr idarə edir".
Psixoloq bildirir ki, internet hər zaman təhlükəsiz deyil: “Ora hər zaman bizim mənəvi tələbatı ödəyən yer olmur, əksinə, bir sıra təhlükəli vəziyyətlə üz-üzə qoyur. Yeniyetmə natamam olan tərəfini hansısa oyunlarla, sosial şəbəkə və videolarla doldurmağa çalışır, həyəcan keçirir və şiddətli duyğuların altında əzilir. Əzilən yeniyetmə bu duyğulardan, ağrılardan qurtulmaq üçün həyatına qəsd edir. Çünki onun beyni düzgün şəkildə o duyğuları analiz edib tənzimləyə bilmir. Nəticədə bu cür hadisələr baş verir. Biz hər zaman deyirik ki, yeniyetmə ilə fiziki məsafə saxlayın, amma duyğusal yaxın olun. Onlar bədənlərindəki hormonal dəyişikliklərlə əlaqədar olaraq onlara çox toxunulmasını istəmirlər, öz dünyaları olur, otaqlarına çəkilirlər və şəxsi zonaları olur. Bu o demək deyil ki, bu müddətdə onlarla maraqlanmayaq. Onları danlamadan, tənqid etmədən elə bir ünsiyyət qurmaq olar ki, duyğusal yaxınlıq olsun. Belə olan halda yeniyetmələrə yaşadıqları böhranı aşmaqda yardımçı olmaq olar. Valideyn uşağın yetişdirilməsi ilə bağlı maariflənməli, məlumatlı olmalıdır. Bu yoxdursa, övladlarımızı göz görə-görə itirə bilirik. Valideynlər yaşanan hadisədən dərs çıxarmalıdır ki, növbəti qurban onun övladı olmasın. Yeniyetmənin telefonu, istifadə etdiyi sosial şəbəkələr, baxdığı videolar valideyin tərəfindən yumşaq şəkildə nəzarətə alınmalıdır. Bunu zorakılıqla etmək olmaz. Məsələn, "sənin baxdığın video mənə də maraqlıdır, gəl birlikdə izləyək" deməklə nəzarətdə saxlamaq olar. Övladla dostluq münasibəti çərçivəsində olmaq mütləqdir. Onu anlayan və dəstəkləyən bir dialoq olmalıdır. Bu, valideyndən istək, məsuliyyət və maariflənmə istəyir. Yeniyetmənin valideynə qarşı həqiqi güvəni varsa, o, kənar təsirlərə düşməyəcək".