Quru sərhədlərin açılmasına əsas əngəl
179
08:51, Bu gün

Quru sərhədlərin açılmasına əsas əngəl

Parlamentdə hökumətə çağırış edildi - ekspertlər də artıq vaxtın yetişdiyini bildirir 

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Milli Məclisdə bir daha quru sərhədlərimizin açılması ilə bağlı hökumətə çağırış edilib. Deputat Qüdrət Həsənquliyev iclasda iştirak edən hökumətə müraciətlə deyib: “Hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə baxılsın. Siyavuş müəllim (Novruzov - red.) qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər”.

Qeyd edək ki, bu məsələ məlum səbəblərdən hələ də öz aktuallığını saxlayır. Bəs sərhədlərin açılmasına əsas əngəl nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Azərbaycanın qonşu ölkələrlə sərhədi vaxtilə koronavirus səbəbi ilə bağlanmışdı. Başqa dövlətlər də bu səbəbdən sərhədlərini bağlamışdılar. Koronavirusun yayılması təhlükəsi artıq yoxdur. Bu mənada Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərini açmasına ehtiyac var. Sərhədlər bağlı qaldıqca, turistlərin Azərbaycana gəlişlərində artım olmayacaq, əksinə, bu il azalma müşahidə edilib. Bu, Azərbaycanın gəlirlərinə mənfi təsir edir. Sərhədlər bağlı qaldıqca, qonşu ölkələrdə yaşayan soydaşlarımızla əlaqə mümkün olmayacaq. Təyyarə qiymətləri bahadır. Qonşu ölkələrdə yaşayan azərbaycanlıların heç də hamısı təyyarə ilə Azərbaycana gələ bilmirlər”. 

Politoloq qeyd edir ki, əslində soydaşlarımızla əlaqənin yüksək səviyyədə saxlanılması təhlükəsizlik baxımından Azərbaycan üçün əhəmiyyətlidir: “Ancaq quru sərhədlər bağlı qaldıqca bu əlaqəni yüksək səviyyədə saxlamaq mümkün olmayacaq. Sərhədlər bağlı qaldıqca sərhəd bölgələrimizdə ticarətlə məşğul olanların problemləri həll olunmayacaq. Sərhədlərimiz açıq olduqda sərhəd bölgələrində yaşayan insanlarımız qonşu ölkələrlə alış-veriş edirdilər. Misal üçün, son aylarda bir neçə dəfə Ağstafada olmuşam. Ağstafanın Gürcüstanla sərhədə yaxın kəndilərində boşalmanın əlamətlərini müşahidə etdim. İmkanı olanlar Bakıya, imkanı zəif olanlar isə Ağstafa şəhərinə köçürlər. Halbuki sərhədlər açıq olanda sərhəd kəndlərində canlanma var idi və sərhəd kəndlərini tərk edənlərin sayı çox deyildi. Sərhədlərin bağlı saxlanılmasının əsas arqumenti təhlükəsizliklə əlaqləndirilir. Əlbəttə, bu amili diqqətdən qaçırmaq olmaz. Ancaq sərhədlər əbədiyyətə qədər bağlı saxlanıla bilməz. Azərbaycan güclü dövlətdir, ərazi bütövlüyümüzü təmin etmişik, güclü ordumuz və sərhəd qüvvələrimiz mövcuddur. Qonşu dövlətlərdən istənilən təhlükəni önləmək iqtidarındayıq. Ona görə millət vəkili Qüdrət Həsənquliyevin təklifinə qatılaraq quru sərhədlərimizin açılmasına tərəfdaram”. 

Quru sərhədlərin bağlı qalması ən çox da turizmə zərbə vurur. İqtisadçı Eyyub Kərimlinin mövzu ilə bağlı fikirləri diqqət çəkir: “2025-ci ilin yanvar-oktyabr ayları dövründə ölkəyə edilən turist səfərlərinin sayı 183 ölkədən  2 171 000 olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.7% azalma deməkdir. Avropa ölkələrindən olan turist sayı 167 740 olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21.7%  azalma deməkdir. Bu dövrdə səfərlərin 24.4%-i Rusiyadan, 17.4%-i Türkiyədən, 8%-i İrandan, 6.6%-i Hindistandan, 2.4%-i Çindən olub. Bəs turist səfərlərinin azalması nə ilə əlaqəli ola bilər? İlk olaraq quru sərhədlərimizin bağlı olması, digər tərəfdən regionda bu sahədə güclü rəqabətin mövcud olması, əsasən də Gürcüstan və Türkiyədə”. 

İqtisadçı Natiq Cəfərlinin fikrincə isə artıq Azərbaycanın quru sərhədlərinin bağlanmış vəziyyətdə qalmasını əsaslandıra biləcək real, obyektiv və ictimai təhlükəsizliklə bağlı bir səbəb qalmayıb. Onun sözlərinə görə, dövlətin institutları kifayət qədər güclüdür, hüquq-mühafizə, sərhəd və gömrük orqanları müasir tələblərə uyğun fəaliyyət göstərir və açıq sərhəd rejimi şəraitində ölkənin təhlükəsizliyini təmin etməyə tam qabildir.

İqtisadçı bildirir ki, əgər regionun digər ölkələrində - Gürcüstanda və Ermənistanda sərhədlər tamamilə açıqdırsa və bu, nə epidemioloji, nə təhlükəsizlik, nə də miqrasiya baxımından problem hesab olunmursa, onda Azərbaycan üçün sərhədlərin bağlı saxlanmasının əsaslandırılması daha da çətinləşir. Onun fikrincə, uzun müddət davam edən bu rejim həm vətəndaşların sərbəst hərəkətinə, həm də dövlətin beynəlxalq imicinə və iqtisadi cəlbediciliyinə mənfi təsir göstərir.

Natiq Cəfərli qeyd edir ki, turizm, sərhədyanı ticarət, logistika və xidmət sektoru ən çox zərər görən sahələrdir. İqtisadi aktivliyin müəyyən qədər zəifləməsi, insanların gediş-gəlişinin məhdudluğu və biznes əlaqələrinin zəifləməsi ümumi iqtisadi dinamikanı aşağı salan amillərdəndir. Onun fikrincə, müşahidə edilən bir sıra iqtisadi geriləmələr məhz sərhədlərin uzun müddət qapalı saxlanması ilə əlaqədardır: "Quru sərhədlərin açılması həm iqtisadi baxımdan vacib addımdır, həm də dövlətin strateji maraqlarına uyğundur. Açıq sərhəd siyasəti vətəndaşların narazılığını aradan qaldıra, iqtisadi canlanmanı sürətləndirə və Azərbaycanın regionda mərkəzi mövqelərini daha da gücləndirə bilər. Bu prosesin uzadılması hər hansı müsbət nəticə vermir, əksinə, problemləri daha da kəskinləşdirir. Buna görə də hesab edirəm ki, Azərbaycan sərhədlərin açılması üçün tam hazırdır". /“Yeni Müsavat”/

Link kopyalandı!
Son xəbərlər