"Kreml dialoqu "konstruktiv" adlandırsa da, Qərb mətbuatı görüşü nəticəsiz və kompromisssiz proses kimi qiymətləndirir..."
Moskva görüşü ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kremlin beş saatdan çox davam edən dialoquna baxmayaraq, nəticə verməyib.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Putin danışıqlara hazır görünmür
Nəşr qeyd edir ki, görüşdən əvvəl Vladimir Putin Avropanı "sabotajda" günahlandırıb və Rusiyanın "Avropa ilə müharibəyə hazır olduğunu" bəyan etməklə ab-havanı daha da gərginləşdirib.
Jurnalistlərin müşahidəsinə görə, Putin təklif olunan yenilənmiş sülh planını rədd edib və Avropanın Ukraynanın əks-təklifini "tamamilə qəbuledilməz" şərtlərlə təqdim etdiyini bildirib. "The Times" yazır ki, Kreml nümayəndəsi Yuri Uşakov dialoqu "konstruktiv" adlandırsa da, tərəflər Ukrayna üzrə heç bir həllə yaxınlaşmayıb.
Əsas maneə ərazi məsələsidir
"The Wall Street Journal" nəşri yazır ki, tərəflər arasında ən böyük maneə hələ də yerində durur - ərazi kompromisi yoxdur. Rusiya Donbasın tam şəkildə verilməsini tələb edir, lakin Kiyev bunu rədd edir. Uşakovun sözlərinə görə, amerikalıların bəzi ideyaları "məqbul görünür", lakin onların mühüm hissəsi Moskvanı qane etmir.
Nəşr qeyd edir ki, Putin Avropanı müharibəni uzatmaqda ittiham edib və Vaşinqtonun təqdim etdiyi dəyişiklikləri "tamamilə qəbuledilməz" adlandırıb. NATO rəsmiləri isə Putinin "Avropa ilə müharibə" bəyanatlarını ciddiyə almadıqlarını və Rusiyanın Alyansa qalib gəlmək gücündə olmadığını bildirib.
Kreml üç əsas tələbdən geri çəkilmir
"NBC News"-un məlumatına görə, Rusiya ən azı üç maddə üzrə kompromissə getməyəcəyini bəyan edib: Donbassın bütövlükdə ələ keçirilməsi, Ukrayna ordusunun ciddi şəkildə məhdudlaşdırılması və Qərbin Rusiyanın iddia etdiyi əraziləri tanıması. Ancaq Moskva bəzi məsələlərdə, xüsusilə dondurulmuş aktivlər üzrə çeviklik göstərə bilər.
Ekspertlərin fikrincə, Putin ABŞ prezidentinin təzyiqindən qaçmaq istəmir və Trampın israrı olarsa, döyüşlərin müvəqqəti dayandırılmasına razılaşa bilər. Lakin analitiklər qeyd edir ki, bu, müharibənin real sonu demək deyil - Kreml fürsət düşdükdə yenidən hücuma keçə bilər.
Qərb mətbuatı Moskva görüşünü ümumilikdə nəticəsiz və gərginliklə yüklənmiş proses kimi təqdim edir. Vurğulanır ki, Putin sülh üçün lazım olan əsas məsələlərdə geri addım atmır və danışıqların gələcəyi ABŞ-ın təzyiqindən, həm də Kremlin real niyyətlərindən asılı olacaq.