142
14:59, Bu gün

"Vaşinqton-Moskva danışıqları: Ukrayna üzrə kompromis yenə alınmadı" - "Deutsche Welle"

 
"Ağ Ev emissarlarının Kreml səfəri müharibənin taleyini dəyişmədi, tərəflər əsas məsələ - ərazi şərtlərində ilişib qaldı..."
 
Kremldə ABŞ və Rusiya nümayəndələri arasında aparılan uzun danışıqlar Ukrayna müharibəsinin dayandırılması üçün real irəliləyiş gətirmədi.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Beş saatlıq danışıqlarda kompromis əldə edilmədi
 
Vladimir Putinlə ABŞ prezidentinin xüsusi emissarı Stiv Uitkoff, həmçinin Donald Trampın kürəkəni Cared Kuşner arasında keçirilən görüş beş saata yaxın davam etsə də, kompromis variantı tapılmadı. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Vaşinqtondan ilkin sənədə əlavə olaraq daha dörd yeni sənəd əldə ediblər, lakin "birtəhər qəbul edilə bilən bəzi ideyalar" olsa da, "Rusiyanı qətiyyən qane etməyən maddələr də az deyil". Danışıqlarda açıq şəkildə ərazi məsələləri müzakirə olunub və Moskva bəzi şərtlərin dəyişməz olduğunu bildirib.
Uşakov vurğulayıb ki, danışıqlar tam məxfi keçirilib və heç bir tərəf detallar barədə ictimai açıqlama verməyəcək. ABŞ nümayəndələri Trampa şəxsi şəkildə hesabat verdikdən sonra Moskva ilə növbəti telefon təması gözlənilir. Eyni saatlarda Zelenski isə "Telegram"-da yazaraq "asan həll gözləmədiyini", ABŞ nümayəndələrinin Moskvadan sonra Kiyevə çatdıracağı siqnalların növbəti addımları müəyyən edəcəyini qeyd edib.
 
Brüsseldə gözlənilən görüş ləğv olundu, Zelenski geriyə dönür
 
Kreml danışıqlarından sonra Uitkoff və Kuşnerin Brüsseldə Zelenski ilə görüşəcəyi gözlənilirdi, lakin jurnalistlərin məlumatına görə, görüş naməlum səbəbdən ləğv edilib və Ukrayna prezidenti artıq Kiyevə dönür. Bu arada NATO rəsmiləri bəyan edib ki, Moskvanın danışıqlarda "mühüm güzəştlərə hazır olduğuna dair heç bir əlamət yoxdur.
 
"Sky News"-un məlumatına görə, Rusiyanın ABŞ nümayəndə heyətinin gəlişindən əvvəl Donetskin strateji şəhəri sayılan Pokrovskun "ələ keçirildiyini" elan etməsi də Kreml tərəfindən siyasi təzyiq siqnalı kimi dəyərləndirilir. "The Wall Street Journal" yazır ki, danışıqlarda əsas "maneə daşı" ərazi məsələsi dəyişməz olaraq qalır və ABŞ-ın irəli sürdüyü düzəlişlərin böyük hissəsini Rusiya "tamamilə qəbuledilməz" adlandırır.
 
Əsas mübahisə Donetskin 20 faizi üzərindədir
 
ABŞ Dövlət katibi Marko Rubio "Fox News"-a müsahibəsində bildirib ki, hazırda danışıqların mərkəzində qalan əsas məsələ Donetskin Ukrayna nəzarətində olan son 20 faizlik hissəsidir. Onun sözlərinə görə, tərəflərin razılığa gəlməsi üçün "ən münasib zaman" məhz indidir: "Sonda hər şey onlardan - Kiyev və Moskvadan asılıdır. Əgər istəmirlərsə, müharibə davam edəcək. Biz sadəcə onu bitirməyə çalışırıq", - Rubio qeyd edib.
O, əlavə edib ki, ABŞ sonsuz dəstək göstərməyəcək və həm iqtisadi, həm də siyasi reallıqlar buna imkan vermir. Rusiya üçün də müharibəni daha 4-5 il davam etdirmək "tamamilə qeyri-real" sayılır. Rubio həmçinin bildirib ki, düzgün təhlükəsizlik təminatları ilə Ukrayna gələcəkdə sürətlə bərpa oluna və hətta "on il ərzində ÜDM baxımından Rusiyanı ötə bilər".
 
Tərəflər eyni mövqedə qalıb, diplomatik marafon isə davam edir
 
Kreml danışıqları "konstruktiv" adlandırsa da, mahiyyətcə tərəflər əsas məsələdə - ərazi şərtlərində bir addım da yaxınlaşmayıblar. Vaşinqton emissarlarının Moskvadan çıxıb Avropaya, daha sonra isə ABŞ-a yollanması diplomatik dövrənin yenidən başlayacağını göstərir. Lakin əsl irəliləyiş üçün həm Rusiya, həm də Ukraynanın siyasi iradəsi hələ görünmür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər