Pensiyalarla bağlı yeni qərar - kim nə qədər alacaq?
339
10:56, Bu gün

Pensiyalarla bağlı yeni qərar - kim nə qədər alacaq?

Yeni pensiya qaydası uzun illər işləyən pensiyaçını “cəzalandırır”; pensiyaçılar üçün geriyə hesablama məhdudlaşdırıldı

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək.

Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması arayışa əsasən həyata keçiriləcək. Bəs bu yenilik nələri ehtiva edir? Kimlər fayda, kimlər zərər görəcək?  

İqtisadçı Eldəniz Əmirov  mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Hazırda qeyd edilən dəyişiklik iki istiqaməti əhatə edir. Bunlardan birincisi, işləyən əmək pensiyaçıları üçün pensiyanın yenidən hesablanma qaydasının dəyişdirilməsidir. İkincisi isə qulluq stajına görə pensiya alan şəxslərlə bağlı dəyişikliklərdir. Birinci dəyişiklik ondan ibarətdir ki, işləyən pensiyaçıların əvvəlki dövrdə, yəni bu dəyişiklikdən əvvəl, hər il pensiya kapitalları avtomatik artırılırdı və yaxud onlar müraciət etdikdə geriyə doğru müəyyən dövr üzrə hesablanma aparılırdı. Çünki pensiya kapitalı yığılır və həmin yığılmış vəsait sistemdə nəzərə alınaraq yeni pensiya məbləği formalaşdırılırdı.

İndi isə bu dəyişiklikdən sonra artıq müəyyən limitlər tətbiq olunur. Bu limit birbaşa yalnız müraciət tarixinə, yəni həmin günə qədər toplanmış pensiya kapitalına əsasən müəyyən edilir. Müraciət tarixindən sonra isə qüvvəyə minir. Əsas dəyişiklik ondan ibarətdir ki, geriyə dönüş müddəti maksimum 3 il ola bilər. Məsələn, son 3 ildə işləyən bir şəxsin hesabında ciddi pensiya kapitalı yığılıbsa və o müraciət edir, həmin son 3 ildə pensiya kapitalına toplanmış vəsait pensiyasının hesablanmasında nəzərə alınır. Yəni, müvafiq prosedurlar və hesablama mexanizmləri əsasında onun pensiyanın məbləğini artırır. Bu dəyişiklik daha çox qeyri-dövlət sektorunda yüksək maaş alan və sığorta haqları yüksək olan şəxslər üçün daha böyük müsbət təsir yaradır. Hansı təbəqə üçün bu dəyişiklik mənfi hesab edilə bilər? Bu, əsasən o şəxslərə aiddir ki, pensiyaya çıxdıqdan sonra 3 ildən artıq bir müddətdə işləyirlər, lakin indiyə qədər heç vaxt müraciət etməyiblər ki, həmin dövrdə aldıqları əməkhaqqına uyğun toplanmış vəsait pensiya kapitalına əlavə olunsun və pensiya yenidən hesablansın. Çünki yeni qaydada geriyə doğru hesablama prosesi maksimum 3 il nəzərdə tutur. İnsan düşünürdüsə ki, 10 il işləyim, sonra müraciət edərəm, yaxud 5 il işləyim, sonra müraciət edərəm, artıq bu kateqoriyadan olan insanlar üçün həmin “artıq yığılan müddət” nəzərə alınmayacaq. Bu, onların şansının əlindən qaçması anlamına gəlir".

İqtisadçı əlavə edib ki, digər dəyişiklik qulluq stajına görə pensiyaya əlavə alan şəxslərlə bağlıdır: “Burada qeyd olunur ki, qulluq stajına görə əlavə pensiya alan şəxslər, xüsusilə də dövlət qulluğuna yaxın vəzifələrdə çalışan və qulluq stajına görə 50% əlavə alanlar yeni qaydaya əsasən işdən azad olduqdan sonra pensiyalarının hesablanması həmin işdən çıxma anındakı faktiki əmək haqqına əsasən hesablanacaq.

Sadə dildə desək, belə şəxslər pensiyaya çıxır, qulluq stajına görə əlavə alır, işdən azad olunurlar və bundan sonra onların pensiyası məhz işdən çıxarkən aldıqları son real əmək haqqına əsasən yenidən hesablanır. Bunun üçün rəsmi arayış təqdim olunur və hesablama daha şəffaf və aydın şəkildə aparılır.

Bu dəyişiklik bilavasitə qulluq stajı olan və yüksək maaş alan şəxslər üçün müsbətdir. Çünki onların real, daha yüksək son əməkhaqqı əsas götürüldüyü üçün daha yüksək pensiya almaq imkanı yaranır. Məsələn, illər əvvəl maaşı aşağı ola bilərdi, amma bu gün real maaşı yüksəkdirsə, həmin şəxsin pensiyası da buna uyğun artırılacaq.

Amma təbii ki, bu dəyişikliyin mənfi təsir göstərə biləcəyi qrup da var. Onlar qulluq stajına görə 50% əlavə alsalar da, maaşı aşağı olan şəxslərdir. Bu halda onların artım gözləntiləri faktiki olaraq özünü doğrultmaya bilər, çünki baza maaş aşağı olduğu üçün yenidən hesablanma zamanı onların pensiyasında artım olmayacaq. Qısaca yekunlaşdırsaq, bu dəyişikliklərin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət təsir göstərən əsas iki kateqoriya var, son 3 ildə aktiv işləyən və yüksək maaş alan pensiyaçılar. Yəni həm işləyib pensiya kapitalı toplayan, həm də yüksək əməkhaqqına malik olan şəxslər bu dəyişiklikdən ən çox faydalanan qrupdur. İkincisi isə qulluq stajına görə 50% əlavəsi olan və işdən çıxarkən yüksək məvacib alan şəxslər. Onların pensiyası məhz son real maaşa əsasən yenidən hesablandığı üçün daha yüksək pensiya almaq imkanı yaranır. Qazanmayan iki kateqoriya isə uzun illərdir pensiyaya çıxıb işləyən, amma indiyə qədər müraciət etməyən şəxslərdir. Onlar indi müraciət etsə belə, geriyə yalnız 3 il hesablanacaq və əvvəlki illərin topladığı vəsait nəzərə alınmayacaq. Növbəti kateqoriya qulluq stajına görə 50% əlavəsi olsa da, maaşı aşağı olan şəxslər. Onların son əməkhaqqı aşağı olduğuna görə yenidən hesablanma pensiyalarında ciddi artım yaratmayacaq. Beləliklə, dəyişikliklər daha çox yüksək maaş alan və son illərdə aktiv işləyən pensiyaçılar üçün müsbətdir. Digər qruplar üçün isə praktiki təsiri aşağı ola bilər".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər