Anasının Ağdamdakı məzarını axtaracaq: “DNK də etdirəcəm, təki tapılsın, əhd etmişəm ki...”
67
09:20, Bu gün

Anasının Ağdamdakı məzarını axtaracaq: “DNK də etdirəcəm, təki tapılsın, əhd etmişəm ki...”

“Səhhətim normaldır, fizioterapiyaya gedib-gəlirəm. Sağ olsun Kübra Əliyeva, Elgiz Əkbər, İlham Mirzəyev mənə bu çətin günlərimdə dəstək oldular. Əliqismət Lalayev hər zaman mənə diqqət göstərir. Kübra Əliyeva məni qatdı qabağına, əl çəkmədi. Danlaya-danlaya məni apardı həkimə. İndi qolumun açılması üçün masaj edirlər. Təmənnasız müalicələrim gedir. Təmənnasız olmasaydı heç bunlara maddi imkanım da çatmazdı. Yeriyə bilirəm, qolumu yavaş-yavaş hərəkət etdirirəm. Bu çox ağır bir xəstəlikdir. Həyatdan çox zərbələr almışdım, onlara dözdüm amma bu xəstəliyə dözmək çox müşküldür. Məni Allah qorudu. Bu xəstəlikdən sağalmaq hər adamın işi deyil. Danışdığıma görə şükür edirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib.
O daha sonra anasının məzarının axtarışlarına başlayacağını bildirib:
 
“Anam dünyasını dəyişəndən 3 gün sonra Ağdam işğal olundu. Heç yas məclisini verə bilmədik. Ana müqəddəsdir, onun məzarını tapmaq istəyirəm. Uzundərə deyilən ərazidə dəfn etmişdik. Mən əhd etmişəm, əgər anamın qəbrini tapsam, onun ətrafındakı qəbirlərin də üstünü götüzdürəcəm. Mən təxmin edə bilirəm ki, hansı məzar ola bilər. Amma dəqiq deyə bilmərəm. Lap lazım olar DNK analizindən də keçirərəm. Təki tapılsın. Ən böyük arzum budur. Arzularım çoxdur, tükənməzdir”, - deyə sənətkar bildirib.
 
Fatma Mahmudova sənətdəki paxıllıqlardan da danışıb:
“Hər şey bu həyatda insanın canına qurban. Allah bizi paxıl və mərdimazar insanlardan qorusun. Paxıl insan mərdimazardan da betərdir. Bu sənətin paxılları çoxdur. Görəsən bunlar nə aparacaqlar bu dünyadan? Özünə güvənən adam heç kimin paxıllığını çəkməz. Tofiq Qarayevdən böyük sənətkar olmayıb, amma o heç kimin paxıllığını çəkmədi. Çünki o fikirləşirdi ki, məndən yüksək heç kim yoxdur. Hər istedadı olan adam özü haqqında bu cür fikirləşməlidir. Mən həmişə fikirləşmişəm ki, güclüyəm və qarşımda da güclü sənətkarlar axtarıram. Teatr aləmində nə qədər güclü gənclər olsa bir o qədər yaxşıdır. Ordu güclü olanda qalib gəlir. Amma ordunun biri güclü, biri gücsüz olanda heç kimə qalib gəlmək olmur. Bu sənət aləmi də belədir. Əgər bir aktyor güclü, onun ətrafındakı 20 aktyor zəifdirsə o səhnədə heç nə edə bilməz”, - deyə xalq artisti bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər