Bizi sosial şəbəkələrdən izləyin:
“Eşitmişəm ki, bir qrup ziyalı “Azərbaycanfilm” kinostudiyasının yenidənqurma və təmiri üçün aidiyyatı qurumlara müraciət ünvanlayıb. Bu çox yerində olan müraciətdir. Görünür buna reaksiya verəcəklər. “Azərbaycanfilm” kinostudiyası təmir olunmalıdır. Bu təşəbbüsü ancaq alqışlaya bilərəm. Biz də öz növbəmizdə müraciətlər ünvanlamışıq”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.
O daha sonra bildirib ki, kinomuzun inkişafı zamana bağlıdır:
“Azərbaycanda kinonun inkişafı bir az zaman işidir. Bu bir az vaxt alacaq. Yəqin ki, o günlər elə də uzaqda deyil. Mən görməsəm belə o günləri gənclər görəcək. 5-10 il geciksək də bu inkişaf baş tutacaq. Mən hələ də düşünmürəm ki, arzuladığım bütün obrazları oynamışam. Xeyr! Hələ də kino üçün edəcəklərim var. Sadəcə olaraq şərait olmalıdır. Yaşım imkan verir, kaş kinostudiyanın qaynar həyatı olardı. Mən işdən çıxıb işə getmək istəyirəm. İnsan doğulub, yaşayır və nəhayət ki, dünyasını dəyişir. Nə qədər ki, sağam istəyirəm ki, məndən istifadə etsinlər. Yaşlı vaxtımda da rol oynamaq istəyirəm. Tələsirəm ki, ömrüm birdən buna yetməz. Axı mən aktyoram, mənim də arzularım var”, - deyə sənətkar bildirib.