Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
176
14:00, Bu gün

Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək

5-9 dekabr 2025-ci il tarixində 16-cı Bakı Beynəlxalq Film Festivalı keçiriləcək.
 
Moderator.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşır.
 
Festivalın açılış mərasimi dekabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.
 
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
 
Bu il Festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.
 
Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda dörd müsabiqə proqramı var. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir.
 
Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının “Ən yaxşı prodüser” mükafatına layiq görülən Zeynəb Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kino mütəxəssis İqor Soukman qiymətləndirəcək.
 
Festivalın Yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşıları müəyyənləşdirəcək münsiflər heyətində filmləri Serbiya, Rusiya, Polşada keçirilən festivallarda mükafatlar qazanan rejissor, prodüser Fariz Əhmədov, xaricdə Azərbaycan dilində çəkilmiş filmlərin təbliğ olunması ilə bağlı müxtəlif layihələr həyata keçirən iranlı rejissor, prodüser Rza Siami, dövri mətbuatda kino, televiziya, mədəniyyət sahəsinə aid publisistik və analitik yazılarla çıxış edən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova, Azərbaycan tənqidçiliyində rezonansa səbəb olan məqalələr müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova təmsil olunur.
 
Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən, sənədli filmləri beynəlxalq festivallarda mükafatlara layiq görülmüş rejissor Rüfət Əsədov, Yeni Zelandiyalı tənqidçi və film proqramçısı Karmen Qrey isə Beynəlxalq qısametrajlı film müsabiqəsində yarışan filmlər arasından nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcəklər.
 
Asiya istedadları müsabiqəsinin jüri heyətində prodüseri olduğu filmlərlə Kann, Tampere, Kazan, Daşkənd, Düşənbədə mükafatlar qazanan Əli- Səttar Quliyev, “Şərq-Qərb. Klassika və avanqard” beynəlxalq kinofestivalının proqram direktoru Roman Dorofeyev, beynəlxalq festivallar qalibi kinorejissor, operator Daniel Quliyev yer alır.
 
Bildiyiniz kimi Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı “Qızıl Nar”dır. Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.
Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların diqqətinə təqdim edilir. Belə proqramlardan olan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.
 
Bakı Beynəlxalq Film Festivalının “British Council”la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir.
 
Festivalın bağlanış-mükafatlandırma mərasimi 9 dekabr saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.
 
Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV”, Yunis Əmrə İnstitutudur.
 
Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşlarıdır.
 
Link kopyalandı!
Son xəbərlər