157
15:34, Bu gün

"NATO Rusiyaya preventiv zərbə endirə bilər" - Admiral Draqone

 
"Preventiv zərbə ritorikası Qərb-Rusiya münasibətlərində yeni təhlükəli mərhələ yaradır..."
 
NATO ölkələri Rusiya ilə artan hibrid qarşıdurma fonunda öz strategiyasını dəyişir və artıq təkcə reaksiya vermək deyil, qabaqlayıcı addımlar atmaq ehtimalını müzakirə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşr yazır ki, Alyans rəhbərliyi, xüsusilə də NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone preventiv zərbənin artıq nəzəri deyil, real müzakirə mövzusuna çevrildiyini təsdiqləyib.
 
"Reaksiya vermək yox, qabaqlayıcı hərəkət"
 
Admiralın sözlərinə görə, Rusiya tərəfindən kibertəxribatlar, dron insidentləri, dəniz və enerji infrastrukturuna yönəlmiş diversiyalar artırsa, NATO daha sərt cavab verməyə hazır olacaq.
 
Draqone bildirib: "Biz düşünürük ki, sadəcə reaksiya vermək əvəzinə daha aqressiv və qabaqlayıcı davranmaq lazımdır. Gələcəkdə sarsıdıcı təzyiq riskini nəzərə alaraq, preventiv zərbə də müdafiə forması sayıla bilər".
 
O, etiraf edib ki, bu yanaşma NATO-nun ənənəvi davranış modelindən kənara çıxır və əsas maneə hüquqi baza, icra mexanizmi və qərarı kimin verəcəyi ilə bağlı suallardır. Buna baxmayaraq, xüsusən Şərqi Avropa ölkələrindən olan diplomatlar artıq açıq şəkildə Alyansın Rusiya qarşısında yalnız müdafiədə qalmasının riskli olduğunu deyirlər.
 
NATO rəsmiləri həmçinin "Baltic Sentry" əməliyyatının Baltik dənizində kabel və infrastruktur hücumlarını dayandırdığını xatırladaraq bildiriblər ki, bəzən təzyiq göstərmək yumşaq cavabdan daha təsirlidir
 
"Biz gözləməyəcəyik,  birinci vuracağıq"
 
Bu açıqlamalar Rusiyada sərt reaksiya doğurub. Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik NATO-nun bu bəyanatını "növbəti eskalasiya pilləsi" adlandırıb və bildirib ki, Moskva belə planları cavabsız qoymayacaq.
Onun sözlərinə görə, "əgər NATO preventiv zərbə ideyasını gündəmə gətirirsə, cavab çox gözlənməyəcək. Biz gözləməyəcək, özümüz birinci zərbə endirəcəyik. Vəziyyət çox təhlükəli istiqamətə gedir". Deputat Vladimir Putinin məşhur sözünü də xatırladıb: "Əgər dava qaçılmazdırsa, birinci vurmaq lazımdır".
 
Kreml isə ittihamları "əsassız və siyasi isteriya" adlandırır və bildirir ki, Rusiya NATO ölkələrinin infrastrukturuna hücum etmir. Putin son açıqlamasında hətta istehza ilə deyib: "Bizim elə dronlarımız yoxdur ki, Lissabona çatsın".
 
Hər iki tərəf ritorikanı sərtləşdirir və preventiv zərbə termini artıq siyasi bəyanatdan çox strateji dialoqun hissəsinə çevrilib. Hazırkı diskurs həm NATO-da, həm də Moskvada risk hesablamalarının dəyişdiyini göstərir və sual açıq qalır: bu, sadəcə psixoloji təzyiqdir, yoxsa qarşıdurmanın real təkmilləşmiş mərhələsi başlayır?
Link kopyalandı!
Son xəbərlər