Minsk qrupunun ləğvi - Azərbaycanın böyük diplomatik qələbəsi - ŞƏRH
68
15:04, Bu gün

Minsk qrupunun ləğvi - Azərbaycanın böyük diplomatik qələbəsi - ŞƏRH

ATƏT-in Minsk qrupu 1992-ci ilin mart ayında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılsa da, işğal olunmuş torpaqların qaytarılması və ərazi bütövlüyünün bərpası istiqamətində uzun illər ərzində səmərəli nəticələr verməyib. Qrupun üzvləri ilkin olaraq Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, Türkiyə, İsveç, Finlandiya və ABŞ-ni əhatə edirdi, sonradan Fransa da daxil olaraq ümumilikdə 11‑dən 13‑ə qədər ölkəni birləşdirdi.

Rəsmi həmsədrlik institutu 1994‑cü ilin dekabrında Budapeşt Zirvə Toplantısı çərçivəsində təsis edilib. Lakin praktikada bu, Ermənistanın hərbi təcavüzünü məhdudlaşdıra bilmədi. 1994-cü il fevralın 21-də ATƏT-in vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə olunsa da, işğal edilmiş ərazilərin qaytarılması istiqamətində real irəliləyiş nəzərə çarpmadı. 1997-ci ilin iyul ayında Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfəri zamanı o dövrdə Fransa prezidenti olan Jak Şirakla görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi barədə razılığa gəlsə də, uzun illər ərzində qrupun vasitəçiliyi Azərbaycanın hüquqlarının tam təmin olunmasına səbəb olmadı. Minsk qrupunun fəaliyyəti danışıqların formalaşmasına şərait yaratsa da, beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından səmərəsiz hesab olunur.

Effektsiz vasitəçilik

Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa müəyyən bir müddət ərzində qurumun fəaliyyətini faktiki olaraq mənimsəyərək digər üzv ölkələrin onun işinə təsir imkanını məhdudlaşdırdılar ki, bu da qrupun neytrallığını və effektiv vasitəçilik potensialını ciddi şəkildə zəiflətdi. Həmsədrlərin uzun müddət davam edən dominant rolu işğal olunmuş ərazilərin qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində konkret və sürətli addımların atılmasını əngəllədi. Eyni zamanda, digər üzv ölkələrin, məsələn, Almaniya, Türkiyə və İtaliyanın səs hüququ və təsir imkanları praktiki olaraq məhdudlaşdı ki, bu da Azərbaycanın beynəlxalq dəstək potensialını zəiflətdi. Bu yanaşma Azərbaycan üçün diplomatik çətinliklər yaratdı, çünki qrupun qərarvermə prosesində balansın pozulması tərəflər arasında bərabər imkanların təmin olunmasına mane oldu və Ermənistanın işğalçı siyasətinə qarşı beynəlxalq reaksiya zəiflədi. Yaranan vəziyyət isə Minsk qrupunun səmərəliliyini əhəmiyyətli dərəcədə azaldaraq, Azərbaycanın hüquqlarının tam şəkildə qorunmamasına və uzun illər ərzində işğal altında qalan torpaqların qaytarılmasında ciddi gecikmələrə səbəb oldu.

Minsk qrupunda, eyni zamanda, struktur problemləri mövcud idi. Konsensusəsaslı qərarlaşma mexanizmi səbəbindən qurum çox vaxt passiv və formal diplomatiya ilə məhdudlaşırdı. Əslində isə konstativ diplomatik fəaliyyət yürütməsi daha məqsədəuyğun olardı və münaqişənin həllinə töhfə verə bilərdi. Minsk qrupu ikili standartlarla işləyib: digər regionlarda daha odlu diplomatik müdaxilə və təzyiq mexanizmləri tətbiq edilərkən Dağlıq Qarabağ münaqişəsində bu tip sarsıdıcı addımlar atılmayıb. Hətta ABŞ tərəfdən keçmiş həmsədr Keri Kavano Minsk qrupunun struktur etibarilə zəif olduğunu etiraf etmişdi. Bəzi fikirlərə görə isə qrup "birqütblü dünyanın artefaktı"dır və çox zaman real diplomatik təsirdən məhrum olub.

Rəsmi Bakının haqlı narazılığı - ermənipərəst mövqe

Burada diqqət ediləsi məqamlardan biri də həmsədr ölkələrlə bağlıdır. ABŞ, Fransa və Rusiya kimi həmsədr ölkələrin müxtəlif geosiyasi maraqları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əsas maneə olan faktorlardandır. Qrupun həmsədr ölkələrinin maraqları çox vaxt Azərbaycan və Ermənistanın maraqları ilə üst-üstə düşmürdü. Bu, qərarların konsensusa əsaslanmasına gətirib çıxarırdı və real, strukturlaşdırılmış sülh sazişlərinin qəbul edilməsini çətinləşdirirdi. Eyni zamanda, hər həmsədr ölkə üçün Azərbaycan-Ermənistan münaqişəsinin həlli yox, öz geosiyasi maraqları daha üstün olub.

Bundan əlavə, qrupun ermənipərəst mövqedən çıxış etməsi də rəsmi Bakının haqlı narazılıq səbəbi idi. Çünki Minsk qrupu status-kvonun qorunmasına xidmət edib, çoxsaylı danışıqlar aparsa da, ədalətli və yekdil qərarlar almayıb. Bu da onun ikili siyasət yürütməsi, daha çox İrəvanın mövqeyindən çıxış etməsini ortaya qoyur. Aparılan çoxsaylı danışıqlar, səfərlər heç bir nəticə ortaya qoymadı. Bu isə işarə edir ki, Minsk qrupu həqiqi sülh yaratmaqdan çox, maraqlı qüvvələrin aləti kimi çıxış edib. Bu da münaqişənin həlli yox, dondurulması, status-kvonun qorunması ilə nəticələnib. Ortaq dövlət modeli, 2001-ci il Kazan prinsipləri və 2007-ci il Madrid prinsipləri Azərbaycan baxımından qrupun qərəzliliyinin və beynəlxalq hüququn tələblərinə məhəl qoymamasının açıq göstəricisi olub.

Ortaq dövlət modeli işğal olunmuş ərazilərdə Azərbaycanın suverenliyini məhdudlaşdıraraq Ermənistanın təsirini qanuniləşdirməyə yönəlmişdi.

Kazan prinsipləri ərazi bütövlüyü ilə bağlı prinsipləri səthi şəkildə təqdim edir və işğal olunmuş torpaqların dərhal qaytarılmasını təmin etmirdi, bu isə beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünə verdiyi üstünlükdən uzaq idi.

Madrid prinsipləri isə uzun illər davam edən danışıqlara baxmayaraq, Ermənistanın faktiki işğalını hüquqi status kimi təqdim etməyə çalışır və Azərbaycanın hüquqlarını ciddi şəkildə məhdudlaşdırırdı.

Azərbaycan bu təkliflərə kəskin etirazını bildirib, onların heç birinin işğal altında qalan ərazilərin dərhal azad olunmasını təmin etmədiyini və sülh prosesini Ermənistanın maraqlarına uyğun uzatdığını vurğulayıb.

Bununla yanaşı, təmas xəttindəki gərginlik, 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan hökumətinin absurd açıqlamaları Azərbaycanı hərəkətə keçirdi. 2020-ci ildə baş tutan 44 günlük müharibə nəticəsində işğal altındakı torpaqlar azad edildi, regionun geosiyasi balansı dəyişdi. Beləliklə, Azərbaycanın təkbaşına həm BMT TŞ-nin qərarlarını icra etməsi, həm də ATƏT kimi qurumun 27 illik fəaliyyəti dövründə əldə edəcəyi həll yoluna 44 gün ərzində nail olması o demək idi ki, səmərəsiz fəaliyyət göstərən qrup artıq ləğv edilməlidir.

Minsk qrupunun ləğvi - Azərbaycan üçün həm hüquqi, həm də diplomatik qələbə

2020-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin tam şəkildə başa çatdığını və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu əsas gətirərək qrupun fəaliyyətinin artıq zəruri olmadığını vurğuladı. Prezident İlham Əliyevin açıqlamaları Minsk qrupunun qərəzli və effektiv vasitəçilik imkanlarının məhdud olduğunu bir daha təsdiqləyir və qurumun ləğv edilməsinin həm Azərbaycanın hüquqlarının tam təminatı, həm də regionda davamlı sabitliyin qorunması baxımından məntiqli olduğunu ortaya qoyur. Amma Ermənistan tərəfi uzun müddət Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən boyun qaçırıb. Erməni hökuməti qrupun ləğvinə mane olmaq üçün Qərb və digər havadarlarından istifadə edir, diplomatik və siyasi addımlar atırdılar. Çünki Paşinyan hakimiyyəti elə düşünürdü ki, Minsk qrupu onun üçün sığorta və qalxan funksiyasını yerinə yetirəcək. Bu məsələdə də əsas arqument qrupun "regionda sabitliyi təmin edən yeganə platforma" olması iddiasına əsaslanırdı ki, bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişənin bitməsi reallığı ilə tamamilə ziddiyyət təşkil edirdi və beynəlxalq hüquq baxımından absurddur.

Maraqlı faktlardan biri budur ki, Ermənistan tərəfi hətta Minsk qrupunun həmsədrlərinin bəzi görüşlərini "təhlükəsizlik mexanizmi" kimi təqdim edirdi. Eyni zamanda, Ermənistanın bu cəhdləri ATƏT-ə üzv dövlətlər arasında ciddi rezonans doğurdu, həmsədrlərin artıq münaqişənin həlli üçün əsas rol oynamadığını və 9 noyabrda imzalanmış Üçtərəfli Bəyanatla vəziyyətin hüquqi olaraq həll olunduğunu göstərirdi. Erməni tərəfinin bu cəhdləri həm absurd, həm də reallığı inkar edən bir diplomatik taktika kimi qiymətləndirilir, çünki Minsk qrupunun mövcudluğu artıq regionda hüquqi və hərbi balans yaratmaq baxımından heç bir əhəmiyyət daşımır.

2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT qarşısında Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciəti imzaladılar ki, bu, Azərbaycan üçün diplomatik və siyasi bir uğur kimi qiymətləndirilir. Bu qərar uzun illər davam edən münaqişə müddətində Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin edilməsi istiqamətində əldə etdiyi real nəticələrin beynəlxalq səviyyədə rəsmi şəkildə tanınması deməkdir. Minsk qrupunun həmsədrlərinin uzun illər boyunca qərəzli vasitəçilik siyasəti və Ermənistanın işğalçı mövqeyinə qarşı konkret addımlar atmaması Azərbaycanın diplomatik və hüquqi səylərini uzatmışdı, lakin 2020-ci ilin noyabrındakı müharibə və 2025-ci ilin avqustunda Vaşinqton görüşü bu uzunmüddətli səmərəsizliyi aradan qaldırdı. Ermənistanın müraciətdə iştirakı və qrupun ləğvinin qəbul edilməsi onun regiondakı yeni reallığı dərk etdiyini göstərir, çünki Minsk qrupunun format kimi saxlanılması artıq heç bir praktik və hüquqi üstünlük yaratmırdı.

Azərbaycan üçün isə bu qərar yalnız Minsk qrupunun ləğvi deyil, həm də uzun illər beynəlxalq hüququn və ərazi bütövlüyünün təmin olunması istiqamətində aparılan siyasətin legitimləşdirilməsi və regionda yeni balansın formalaşması kimi qiymətləndirilir. Eyni zamanda, bu addım Azərbaycanın diplomatik təsir imkanlarını möhkəmləndirir, Ermənistanın uzun illər əsas dayaq kimi gördüyü mexanizmlərin artıq işləmədiyini beynəlxalq səviyyədə nümayiş etdirir və gələcəkdə bölgədə sülh və stabilliyin Azərbaycan reallıqlarına uyğun qurulmasının yolunu açır.

Minsk qrupunun rəsmi olaraq ləğv edilməsi Azərbaycan üçün həm hüquqi, həm də diplomatik qələbədir və uzun illər davam edən məqsədyönlü siyasətin beynəlxalq səviyyədə təsdiqidir. Bu qərar Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində tanınmasını, sülh prosesinin hüquqi bazasının möhkəmlənməsini və Ermənistanla sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır. Eyni zamanda, Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik strategiyasının uğurunu, hüquqi və siyasi alətləri sistemli şəkildə istifadə qabiliyyətini nümayiş etdirir və regionda Azərbaycanın liderlik mövqeyini möhkəmləndirir. /Report.az/

Link kopyalandı!
Son xəbərlər