
- Erməni kilsəsinin proseslərə təsir imkanları nədən ibarətdir?
- Hazırda Paşinyan və onun komandası artıq erməni cəmiyyətinin böyük bir hissəsini inandıra bilib ki, Qriqoryan kilsəsi XX əsrin əvvəllərindən bəri Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə edilən bir qurumdur. Artıq erməni cəmiyyətində kilsə faktiki olaraq, iki yerə bölünüb və yeni formalaşmış din xadimləri Paşinyanı dəstəkləməyə hazırdırlar. Hətta bir neçə gün öncə yeni din xadimlərinin baş nazirlə görüşü də baş tutdu. Onlar erməni kilsəsini köhnə sterotiplərdən təmizləməyi üzərilərinə öhdəlik kimi götürüblər. İndi bir çoxları bunu Paşinyanın kilsə daxilində təmizləmə əməliyyatı kimi dəyərləndirir.
- Bir çox ekspertlər Rusiyanın bölgəyə mümkün təsirlərinin artacağını, Ukrayna müharibəsindən sonra Kremlin regiona daha açıq şəkildə müdaxilə edəcəyi ilə bağlı iddialar səsləndirir. Bu nə dərəcədə məntiqlidir?
- Rusiya-Ukrayna müharibəsinin artıq 4 ildir davam etməsi Kremlin mövqelərinin ciddi şəkildə zəifləməsinə səbəb olub. Bunun da təsirləri var. Rusiya-Ukrayna müharibəsi fonunda Orta Asiya və Cənubi Qafqaz ölkələri artıq yeni təhlükəsizlik formatları və çətirləri axtarmağa başladılar. Bunun ən uğurlu nümunəsini də məhz Azərbaycan yaratdı. Çünki Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etməklə yanaşı, təhlükəsizlik çətiri yaradan və onu işlək səviyyəyə gətirə bilən ölkəyə çevirildi. Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi, Pakistan, İsrail və Böyük Britaniya ilə hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələr bunun bariz nümunəsidir. Həmçinin son zamanlarda ABŞ ilə bu istiqamətdə əldə edilən uğurlar var.

- Kremlin Ermənistandakı daxili proseslərə təsir imkanlarını necə dəyərləndirirsiniz?
- Əslində keçmiş Qarabağ münaqişəsinin həlli Ermənistanın da müstəqil siyasət yürütməsinə imkanlar açır. Bu xüsusda Zəngəzur dəhlizi (Tramp marşrutu) Ermənistan üçün təhlükəsizlik çətiri rolunu oynayır. Bütün bunlar Rusiyanın Ukrayna müharibəsindən sonra bölgəyə mümkün müdaxilə cəhdlərini də azaldır. Çünki bu gün Rusiyanın bölgədə maraqları çox zəifləyib. Cənubi Qafqazda, Orta Asiyada o cümlədən Ermənistanda cəmiyyət Rusiyanı qəbul etmir. Ona görə də kənardan gətirib kimisə rəhbər elan etmək indiki şəraitdə elə də asan deyil.