“Böyük haqsızlıq etdilər, teatrdan və universitetdən çıxardılar, heç 90 illik yubileyini də qeyd etmədilər” - FOTO+ÖZƏL
375
10:16, Bu gün

“Böyük haqsızlıq etdilər, teatrdan və universitetdən çıxardılar, heç 90 illik yubileyini də qeyd etmədilər” - FOTO+ÖZƏL

“Ağakişi müəllimin bu günlərdə 90 yaşı tamam oldu. Çox təəssüf ki, 90 illik yubileyini görmək ona qismət olmadı. Mənə həmişə deyirdi ki, “sən narahat olma, mən 90 yaşıma kimi yaşayacam, qalanı da Allah nə ömür versə bəsimdir”. Əslində onun sözlərinə inanırdım, çünki Ağakişi müəllim özünə baxan insan idi, sağlam qalmışdı. Amma teatrdan uzaqlaşdırılması, universitetdəki işindən çıxarılması təəssüf ki, ona çox pis təsir etdi, səhhətində böyük problemlər yaratdı. Sonu da gəldi çox pis nəticələndi. Ağakişi müəllim bir yaradıcı, öz sənətinə vurğun adam kimi bu vəziyyətə dözə bilmədi. Düzdür, bizə bildirməsə də, hiss edirdim ki, o içindən çox çəkir. Bu da onun xəstəliklərini çoxaltdı, sonra da insult oldu və sonu gəldi. Mən şəxsən fikirləşirəm ki, yaradıcı insanlarla bir az ehtiyyatlı davranmaq lazımdır. Həyatını, ömrünü teatra həsr edən bir adamı birdən-birə teatrdan uzaqlaşdırmaq, bir pedaqoq kimi işini bilən adamı universitetdən çıxarmaq mənə elə gəlir ki, heç düzgün bir iş olmadı”.
 
Bunu Moderator.az-a açıqlamasında mərhum sənətkar, görkəmli rejissor, xalq artisti Ağakişi Kazımovun həyat yoldaşı əməkdar artist Mehriban Abdullayeva deyib.
O daha sonra əlavə edib:
 
“Əslində ondan istifadə etmək lazım idi. Ağakişi müəllim çox gözəl tələbələr yetişdirirdi. Onun yetişdirmələri indi də səhnədədirlər, seriallara çəkilirlər. Ağakişi müəllimin özünəməxsus yaradıcılığı, heç kimə bənzəməyən iş prosesi var idi. Hər kəs onun məşqlərindən böyük həzz alıb gedirdi. Onun hər tamaşası tamaşaçıya böyük bir mesaj idi. Ağakişi müəllimin yaradıcılığından çox danışmaq olar. Danışdıqca qurtarmaz. Mənə elə gəlir ki, onun ürəyində çox arzuları yarım qaldı. 90 illik yubileyində Sumqayıt Dövlət Dram Teatrından başqa onu heç bir teatr yada salmadı. Hərçənd elə bir teatr yoxdur ki, orada imzası olmasın. Məncə bu Ağakişi müəllimə qarşı böyük haqsızlıqdır”, - deyə əməkdar artist bildirib.
 
Mehriban Abdullayeva Ağakişi Kazımovun son günlərini belə xatırlayıb:
“Hər zaman deyirdi ki, “birdən mənə nəsə olsa heç vaxt qorxma, məni təmtəraqla sən yola salacaqsan, kişi kimi arxamda durub bu işləri görməlisən”. Deyirdim ki, mənə elə söz demə, heç vaxt bunu bacarmaram. Elə bilirdim zarafatca deyir bu sözləri. Son vaxtlar danışmırdı, fikrini aydın deyə bilmirdi. Nəsə deyirdi, amma başa düşə bilmirdim. Ölümündən bir gün əvvəl çox narahat idi, nəsə demək istəyirdi amma deyə bilmirdi. Qəfildən dili açıldı və dedi ki, “deyəsən mən ölürəm axı”. Dedim ki, o nə sözdür? Elə şeylər fikirləşmə! Sən məni tək qoyub, hara gedəcəksən?! Gözlərini açdı, mənə baxdı və yumdu. Axşam saat 10 olardı, mənə dedi ki, oturmaq istəyirəm. Çünki bir həftə idi ki, yataq şəraitində idi, oturmağa halı yox idi. Elə bil mənə yalvarırdı ki, oturmaq istəyirəm. Gücüm çatmadı onu otuzdurmağa. Dedim ki, səhər adam tapıb, səni birtəhər otuzduraram. Səhərə kimi sakitcə uzandı. Günorta saat 2 idi ki, artıq dünyasını dəyişdi. Peşmananam ki, onu otuzdura bilmədim, bəlkə də bu onun son arzusu idi?”, - deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər