Bizi sosial şəbəkələrdən izləyin:
“Bu günlərdə 87 yaşım tamam oldu, 88-ə keçdim. Ən böyük arzum budur ki, cəmiyyətimiz düzəlsin. Azərbaycandan gözəl vətən yoxdur. Buradakı insanların yaxşı yaşamağa haqqı var. Biz türk millətiyik, türklər qoçaqdır. Vaxtilə hələ böyük Alman filosofu Hegel deyib ki, “ey insanlar, özünüzə müsəlman bir padşah seçin, o ədalətlə, düzgünlüklə, haqla dünyanı idarə edəcək”. Biz dəqiq insanlarıq, vətənimizi sevirik. Elə bir xalq tanıyırsınızmı əri öləndə arvadı özünü öldürsün? 20 yanvar hadisələrində İlham rəhmətə getdi, onun həyat yoldaşı Fərizə özünü öldürdü. Elə bir millət yoxdur! Mən belə bir cəmiyyət istəyirəm. Özüm bunu yaşamasam da, nəvələrim yaşayacaq”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov deyib.
O daha sonra boşanmaların sayının artdığını bildirib:
“Televiziyalar milləti yalaq-yaltaq etdi. Əlimdə imkan olsaydı bəzi verilişləri bağlayardım. Nəinki bəzi verilişləri, elə əksəriyyətini bağlayardım. Niyə boşanmalar artıb? Hamısı bu verilişlərin təsirindəndir. Arvad baxır görür ki, müğənni rahat həyat yaşayır, əri arvadı ilə bacarmır. Televiziyada gördüyünü sabah ondan istəyir. Bir də qız analarının üzərinə böyük məsuliyyət düşür. Qız ata evindən ər evinə gəlin köçəndə ana onun işinə qarışmamalıdır. Ana qızın işinə qarışsa onun evini yıxacaq”, - deyə Rəşid Mahmudov bildirib.