“Teatra görə serialı ləğv etmişəm, bizim teatrda söhbət böyümür, danışıb həll edirik” - FOTO+ÖZƏL
225
09:31, Bu gün

“Teatra görə serialı ləğv etmişəm, bizim teatrda söhbət böyümür, danışıb həll edirik” - FOTO+ÖZƏL

“Bakı Uşaq və Gənclər teatrına 2018-ci ildə, universiteti bitirəndən bir il sonra gəlmişəm. Həmin bu bir il ərzində Pərviz Məmmədrzayevin müstəqil (özəl) “Human” və Ceyhun Dadaşovun müstəqil (özəl) “Rebus” teatrında çalışmışam. Uşaqları sevdiyim üçün və onları əyləndirmək, bilikləndirmək, maarifləndirmək və gələcəyə düzgün fərd olaraq yetişdirmək mənə daha da cəlbedici gəldiyi üçün bu teatrı seçdim. Təsəvvür edirsiz gələcəyin müəlliminə, həkiminə, polisinə və başqa peşə sahiblərinə, ataya, anaya, dosta, qardaşa, yoldaşına sevgisini, münasibətini biz aşılayırıq. Hiylənin nə olduğunu, pis əməllərin necə acınacaqlı bir vəziyətə gətirib çıxaracağını biz öyrədib, onları gələcəyə yetişdiririk”.
 
Bunu Moderator.az-a açıqlamasında aktyor Sənan Fərzəliyev deyib.
O daha sonra əlavə edib:
 
“Bu gün həvəsli, istedadlı gənclər var. Özlərini göstərmək, sübut etmək üçün məsləhətim onlara bu ola bilər ki, qorxmasınlar. Atdıqları addım səhv olsa da addımlasınlar. Biz aktyorlar alıcılar (rejissor, prodüser, kast menecer) üçün bir məhsuluq. Necə keyfiyyətli olduğumuzu  göstərməliyik ki, bizi seçsinlər. O ki, qaldı aktyorun rol bölgüsünə.. Nəzəriyyədə belə qəti qərar, ya da qadağa qeyd olunmayıb ki, aktyor rejissorun verdiyi hansısa rola məhkumdur. Burada məhkumluqdan söz gedə bilməz. Mənim fikrimcə aktyorun rolu seçmə haqqı var. 10 il əvvəl rol arzumla bağlı mənə sual versəydinizcavablarım sətirləri doldurardı (gülür). Amma heyif ki, hal-hazırda bir aktyor kimi əlçatmaz arzularım yoxdur”, - deyə sənətçi bildirib.
 
Sənan Fərzəliyev bildirib ki, Bakı Uşaq və Gənclər teatrı hər zaman qalmaqallardan uzaq olub:
 
“Kollektivimiz sayca yığcamdır. Əksəriyyətimiz də cavan heyətdir. Gəlib teatrda yeni tanıdığım insanlar yalnız teatrın “rəsmi” heyəti olub. Teatrda bir-birimizin ailəsini bilirik, dostluq, yoldaşlıq edirik. Hər bir ailədə söz-söhbət olur. Bizdə də olur, yerindəcə danışıb həll edib, barışırıq. Söhbət böyümür. Bizə gələn aktyor da bizə oxşayar. Nəyi necə görürsə, onu da elə götürür”, - deyə aktyor bildirib.
 
Aktyor hazırda “Qırmızı zona” serialında, tam fərqli bir rolda çəkildiyini bildirib. O bununla belə teatrdakı işini hər zaman əsas tutur:
“Sizi və tamaşaçıları intizarda saxlayım. Çünki, serialın niyə məhz “Qırmızı zona” adlandırıldığı ekran işinin gedişatında bilinməyə başlayır. O ki, qaldı teatr yoxsa serial? Teatrı audiovizual sənətə dəyişmərəm. Bir neçə dəfə teatra görə ekran işini ləğv etmişəm. Amma bunun əksi qeyri-mümkündür”, - deyə aktyor bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər