Bizi sosial şəbəkələrdən izləyin:
Banklar və maliyyə qurumları müştəri məlumatlarının qorunmasına ciddi riayət etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci maddəsinə əsasən, bank müştərinin şəxsi və maliyyə məlumatlarını açıqlamamağa zəmanət verir.
Bu fikirləri Moderator.az-a açıqlama verən hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib. Əlavə olaraq onu da qeyd edib ki, əgər şəxs kredit götürərkən müəyyən şəxslərin telefon nömrələrini öz razılığı ilə bankla paylaşırsa, bank həmin şəxslərlə əlaqə saxlaya bilər. Bu zaman bank sadəcə məlumat verə bilər ki, “Filan şəxs sizi əlaqə nömrəsi kimi göstərib, xahiş edirik məlumatı ona çatdırın”. Belə vəziyyətdə bank sirrinin pozulması söz mövzusu deyil.
Hüquqşünas əlavə olaraq onu da qeyd edib ki, əgər bank əməkdaşının kobud və ya təhqiramiz davranışı baş verərsə, vətəndaş məhkəməyə müraciət edərək ona dəyən mənəvi ziyanın əvəzini tələb edə bilər. Həmçinin vətəndaş istəyə bilər ki, bank onunla bu mövzuda ümumiyyətlə əlaqə saxlamasın, çünki o, bankla müqavilə bağlamayıb və öhdəlik daşımır.
Əkrəm Həsənov vurğulayıb ki, əgər vətəndaş razılıq verməyibsə və bank özbaşına onun kontakt siyahısındakı şəxslərə zəng edirsə, bu artıq bank sirrinin pozulması sayılır. Belə hallarda vətəndaş həm mənəvi, həm də hüquqi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycanda bu tip hallar praktikada da müşahidə olunub.
Pərvin Şakirqızı