Mütəxəssislərə görə, kişilər bütün yaş qruplarında qadınlarla müqayisədə daha yüksək qəfil ölüm riski daşıyır; “40 yaşdan sonra...”
Son vaxtlar Azərbaycanda qəfildən dünyasını dəyişənlərin sayı artmaqdadır. Xüsusən də bu kimi hadisələr avtobus dayanacaqlarında və iş yerlərində baş verir. Noyabrın 23-də paytaxtın Biləcəri qəsəbəsində dayanacaqda ölüm faktı qeydə alınıb. Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev avtobus dayanacağında qəflətən ölüb. Müayinə zamanı onun infarktdan vəfat etdiyi bildirilib.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bəyaz” şadlıq sarayında isə Gürcüstan vətəndaşı 49 yaşlı Dursun Məmmədov rəqs edərkən qəfil yıxılıb və həyatını itirib. Onun da ürək problemi səbəbilə vəfat etdiyi məlum olub.
Qəfil ölüm hallarının yaranmasına gətirən səbəbləri necə sıralamaq olar? İnsanlar daha çox nələrə diqqət etməlidir?
Rəsmi qurumların açıqlamarına nəzər salsaq, Azərbaycanda son illərdə ürək-damar sistemi xəstəliklərindən ölüm göstəriciləri ümumi ölüm səbəbləri arasında ən yüksək paya sahib olaraq qalır. Mövcud statistikalara görə, ölkədə ölüm hallarının təxminən 55-60 faizi məhz bu xəstəliklərin payına düşür. Açıq mənbələrdən toplanan məlumatlar ürək və qan dövranı sistemi problemlərinin uzun illərdir əsas sağlamlıq yükü yaratdığını göstərir.
Ötən il ölkədə qan dövranı sistemi xəstəliklərindən 33 min 289 ölüm qeydə alınıb. Bəzi illər üzrə hər 100 min nəfərə düşən ölüm nisbətləri də açıqlanıb. Məsələn, 2015-ci ildə bu nisbət 344,5, 2016-cı ildə 353,7, 2017-ci ildə isə 345,8 olaraq göstərilib.
Statistikalar ümumilikdə onu göstərir ki, ürək-damar sistemi xəstəlikləri Azərbaycanda uzun illərdir ölümün əsas səbəbləri arasında sabit şəkildə ilk sıradadır. Bununla belə, “qəfil ürək ölümü” kimi spesifik kateqoriya dövlət statistikasında ayrıca göstərilmir. Bu hal ritm pozuntuları, mədəcik fibrilasiyası və qəfil ürək dayanması kimi xüsusi səbəblərdən baş verdiyinə görə ümumi ürək-damar xəstəlikləri qrupunda itir.
Kardioloq, professor İdris Xəlilov “Yeni Müsavat”a mövzu ilə bağlı deyib ki, bütün doğulan uşaqlar ana bətnində olarkən anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə exokardioqrafiya (EXO) müayinəsindən keçirilir. Sonrakı yaş dövrlərində isə EKQ və digər kardioloji müayinələrin aparılması vacib sayılır. Həkim xüsusilə 35 yaşdan yuxarı insanların və idmanla məşğul olmaq istəyən şəxslərin müntəzəm “check-up”dan keçməsinin önəmini vurğulayır: “Qəfil ürək ölümü çox müxtəlif səbəblərdən baş verə bilər və ən çox ürəyin işemik xəstəliyi ilə əlaqələndirilir. Bu hallar adətən 1-2 saat ərzində qəfil şəkildə baş verir və çox vaxt mədəciklərin fibrilasiyası nəticəsində ürəyin dayanması ilə müşahidə olunur”.
Professor qəfil ürək ölümünün daha çox rast gəlinən kateqoriyalarını da açıqlayıb. Onun sözlərinə görə, ürək xəstəliyi olan şəxslər ən yüksək risk qrupuna daxildir və belə halların təxminən 80%-i ürək damarlarının daralması ilə bağlı olur. Həkim qeyd edir ki, gizli ürək xəstəliyi olan, lakin müayinədən yayınan insanlar da risk altındadır. Bu şəxslər çox vaxt həkimə müraciət etmək əvəzinə qeyri-tibbi üsullara üstünlük verirlər. Bəzi ürək ritmi və keçiricilik pozuntularının tranzitor xarakterli olması səbəbindən onlar müayinələr zamanı aşkarlanmayaraq qəfil ürək ölümü riskini artırır. Bu qrup pozuntulara səyirici aritmiyalar, ventrikulyar ekstrasistolalar, Bruqada sindromu və digər ritm patologiyaları daxildir. Qəfil ürək ölümü bəzən tam sağlam görünən şəxslərdə də, xüsusilə idmançılarda fiziki və emosional yüklənmənin yüksək olduğu hallarda baş verə bilər.

İdris Xəlilov
İdris Xəlilov yaşa görə dəyişən statistikanı da təqdim edib. Onun bildirdiyinə görə, 18 yaşadək olan qrupda qəfil ürək ölümü ildə 100.000 nəfərə 1-2 hal təşkil edir və əsas səbəblər anadangəlmə ürək xəstəlikləri və genetik sindromlardır: “18-35 yaş aralığında bu göstərici ildə 100.000 nəfərə 2-5 haldır. 35-65 yaş qrupunda isə qəfil ürək ölümünün yayılma tezliyi xeyli artır - ildə 100.000 nəfərə 50-100 hal müşahidə olunur. Bu yaşda əsas səbəblər koronar arteriya xəstəliyi, infarkt, ürək çatışmazlığı, həmçinin dərman, narkotik və alkoqolun təsiri ilə bağlıdır. 65 yaşdan yuxarı şəxslərdə ən yüksək insident qeydə alınır - ildə 100.000 nəfərə 150-200-dən çox hal”.
Həkim vurğulayır ki, kişilər bütün yaş qruplarında qadınlarla müqayisədə daha yüksək qəfil ürək ölümü riski daşıyırlar. Bu fərqin yaranmasında zərərli vərdişlər, fiziki aktivliyin azlığı, hipertoniya, şəkərli diabet, piylənmə və ailəvi risk faktorları mühüm rol oynayır.
Professor profilaktik tədbirlərin vaxtında görülməsinin vacibliyini də qeyd edir. O, 40 yaşdan sonra müntəzəm kardioloji müayinələrin aparılmasını, ürək, qarın və ya kürək nahiyəsində yaranan hər hansı diskomfortda həkimə müraciəti, risk faktorlarının düzgün idarə edilməsini, genetik xəstəliklərin skrininqinin həyata keçirilməsini və yüksək riskli xəstələrdə implantasiya olunan kardioverter-defibrilatorlardan (ICD) istifadə olunmasını tövsiyə edir.