"Zəif razılaşma nəinki Ukraynanı, həm də Qərbi təhlükə altına qoyacaq..."
Donald Tramp administrasiyası Ukrayna müharibəsinə dair sülh razılaşmasını mümkün qədər tez yekunlaşdırmaq istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
ABŞ-ın təzyiqi və Avropanın narahatlığı
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton təhlükəsizlik zəmanətlərini yalnız sülh müqaviləsi bağlandıqdan sonra müzakirə etməyə hazırdır.
Avropa diplomatı deyib ki, bu mövqe şübhə yaradıb: bəzi ölkələr Tramp administrasiyasının razılaşmada Rusiyanın maraqlarına meyllənəcəyindən ehtiyat edir. Bununla belə, Ağ Ev israr edir ki, "istənilən yekun plan Ukrayna üçün real təhlükəsizlik mexanizmlərini özündə əks etdirməlidir".
"Pis sülh" daha böyük risk yarada bilər
"Bloomberg"-in təsisçisi Maykl Blumberq xəbərdarlıq edir: zəif razılaşma nəinki Ukraynanı, həm də Qərbi təhlükə altına qoyacaq. Onun fikrincə, ilkin təqdim olunan plan Moskvanın prioritetlərini xatırladıb - Donbasın verilməsi, Ukrayna ordusunun məhdudlaşdırılması və NATO-ya qəbuldan imtina.
Blumberq hesab edir ki, belə bir anlaşma Rusiyaya strateji üstünlük verər, NATO resurslarını tükəndirər, Avropada qeyri-sabitlik yaradardı. Onun sözlərinə görə, ABŞ üçün ən optimal nəticə uzunmüddətli təhlükəsizlik mexanizminə malik, bütünlüklə Avropaya inteqrasiya olunmuş güclü Ukraynadır.
Tramp tələsir, Kreml isə vaxt qazanır
"The Telegraph" yazır ki, Tramp Qəzza danışıqlarındakı uğurdan sonra Ukrayna mövzusunda da eyni modelə əl atıb - qısa, kəskin şərtlərlə "bir səhifəlik plan" hazırlayıb. Lakin bu dəfə əsas maneə tərəflərdən biridir: Kremlin mövqeyi dəyişməyib.
Jurnalistlər qeyd edir ki, Moskva kompromisə hazır deyil, Zelenski isə geniş ərazi güzəştinə gedən sənədi qəbul etməyəcək, Avropa paytaxtları isə bu planı "Rusiyanın mükafatlandırılması" kimi görür. Ekspertlər hesab edir ki, Kreml vaxtı uzatmaqla həm Qərbin birliyini sınağa çəkir, həm də sanksiyalar mexanizmini zəiflətməyə çalışır.
Sülh axtarışı davam etsə də, həqiqi sülh hələ yaxın görünmür
Bu gün proseslərin ritmi sürətlənib, lakin mahiyyət dəyişmir: tərəflər masaya oturur, sənədlər yazılır, lakin real nəticə əldə olunmur. Ekspertlərin ortaq fikri belədir: "Ukrayna üçün sülh yalnız müharibənin dayanması deyil, təhlükəsizliyin təmin olunmasıdır. Əks halda, bu sadəcə növbəti fəslin başlanğıcı olacaq". Hazırkı dinamika göstərir ki, danışıqlar masasında sülh axtarışı davam etsə də, həqiqi sülh hələ yaxın görünmür.