447
12:31, Bu gün

"Vaşinqtonda diplomatik qalmaqal: Trampın emissarı Rusiyaya işləyirmi?" - "The Times"

 
"Uitkoff danışıqlardan kənarlaşdırılmalıdır, onun davranışı elədir ki, sanki ruslardan maaş alır..."
 
ABŞ prezidenti Donald Trampın qeyri-rəsmi emissarı Stiv Uitkoffun Kremlin yüksək rəsmiləri ilə gizli təmasları həm Vaşinqtonda, həm də Avropada narahatlıq yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, məlum olub ki, Trampın yaxın dostu və biznesmen olan Uitkoff Ukrayna üzrə danışıqlarda fərqinə varmadan Rusiyanın mövqelərinə yaxınlaşır. "Bloomberg"-in yayımladığı səs yazısı qalmaqalı daha da böyüdüb: Uitkoff Putin administrasiyasının rəsmisi Yuri Uşakova hansı ritorikanın Trampın xoşuna gələcəyini izah edir və Putinə "hörmət etdiyini" bildirir.
 
Təcrübə, yoxsa sadəlövhlük?
 
"The Times" yazır ki, Uitkoff diplomatik və təhlükəsizlik məsələlərində təcrübəsizdir. Qəzza və Yəməndə əldə etdiyi vasitəçilik uğurlarına görə Tramp komandasının "Mr. Fix-it" adlandırdığı Uitkoff Ukrayna müharibəsi kimi nüvə güclərini əhatə edən danışıqlarda vəziyyəti düzgün qiymətləndirmir. Hazırlanan ilkin sülh planında Kremlin tələbləri demək olar dəyişməyib: NATO-ya qadağa, Qərb qoşunlarının çıxarılması və silah yardımlarının dayandırılması. Ukraynanın əsas tələbi olan təhlükəsizlik zəmanətləri isə sənəddə zəif şəkildə əksini tapıb. Uitkoffun "Düşünmürəm ki, Putin pis adamdır" sözləri də geniş rezonans doğurub.
 
Vaşinqtonda siyasi qəzəb
ABŞ Konqresində Uitkoffa qarşı tənqid güclənir. Konqresmen Don Bikon deyib: "Uitkoff danışıqlardan uzaqlaşdırılmalıdır. Onun davranışı elədir ki, sanki ruslardan maaş alır". Senator Miç Makkonnell isə xəbərdarlıq edir: "Ukraynaya dəstəyin azaldılması sülh yox, yeni müharibə gətirəcək". Tramp isə hələlik emissarını müdafiə edir və Uitkoff yaxın günlərdə yenidən Moskvaya gedəcəyini təsdiqləyib.
 
Sızdırılmış audio kimə sərf edir?
 
"The Guardian" yazır ki, dialoqun mediaya ötürülməsi təsadüfi görünmür. Versiyalara görə, məlumatı Ukrayna, ABŞ xüsusi xidmətləri, Avropa kəşfiyyatı və ya Rusiya elitası sızdırmış ola bilər. "Bloomberg"-in həm audioya, həm transkriptə çıxışı bunun yüksək səviyyəli mənbədən gəldiyini göstərir.
 
Riskli diplomatiya
 
Ekspertlərin fikrincə, bu yanaşma təkcə Ukraynanı deyil, Avropanın təhlükəsizliyini də riskə atır. Analitik Rocer Boyes xəbərdarlıq edir: "Əgər proses belə davam edərsə, Avropanı ən azı bir onillik qeyri-stabil dövr gözləyir". Siyasi sual isə hələ də açıqdır: Uitkoff sülh axtarır, yoxsa Kremlin oyununa alət olub?
Link kopyalandı!
Son xəbərlər