“Tamaşama baxan azyaşlı uşaq mənə irad tutub dedi ki, keçən dəfə...” - MARAQLI+FOTO
224
10:35, Bu gün

“Tamaşama baxan azyaşlı uşaq mənə irad tutub dedi ki, keçən dəfə...” - MARAQLI+FOTO

“Bu sənətə uşağlıqdan marağım olub. Artıq 7-ci ildir ki, teatrda çalışıram. Bakı Uşaq və Gənclər Teatrında çalışmağıma səbəb sənət ocağının rəhbərliyinin gənclərə şərait yaratmasıdır. Universitetdən dostluq etdiyim insanlar bu teatrda çalışırdı və mənə dedilər ki, İntiqam Soltan gənclərlə işləməyi xoşlayır. Ona görə də bu teatra gəldim. Bu gün teatra həvəs göstərən yetərincə aktyorlar var. Hətta deyərdim ki, onların sayı son illərdə daha da artıb. Bu çox sevindirici haldır”.
 
Bunu Moderator.az-a açıqlamasında aktyor Toğrul İsabəyli deyib.
O daha sonra əlavə edib:
 
“Uşaqlarla çalışmaq çox maraqlıdır. Onlar tamaşaya çox diqqətlə baxır. Hətta elə olub ki, bir uşaq eyni tamaşaya iki dəfə baxıb və mənə irad tutub ki, keçən dəfə bu sözü demişdin, bu tamaşada demədin. Yəni elə diqqətlə tamaşaya baxırlar. Əslində öz işini məsuliyyətlə görsən o qədər də çətinlik çəkməzsən. Fərqi yoxdur, istər uşaq tamaşası olsun, istərsə də böyük əsas odur ki, oynadığın rola birinci özün inanasan. Əgər tamaşa zamanı özünü inandıra bilmirsənsə, deməli tamaşaçını da inandıra bilməyəcəksən. Amma onu etiraf edim ki, uşaqlar daha diqqətlə tamaşaya baxırlar. Uşaq tamaşasının ən təlükəli tərəfi odur ki, əgər tamaşada bir anda temp düşsə, onu təkrar bərpa etmək çox çətindir. Uşağın fikri tamaşadan yayınsa, yenidən onu ələ almaq çətin olur. Hal hazırda öz teatrımızda yetərincə maraqlı və fərqli rollar oynayıram. Amma yenə də böyüklər üçün tamaşalarda daha çox rol almaq istərdim”, - deyə gənc aktyor bildirib.
 
Aktyor maddi qazancından da danışıb:
“Ara-sıra seriallara, filmlərə də dəvət alıram. Sonuncu çəkildiyim serialda “Vətəndaş A” olub. Maddi vəziyyətim aydan-aya dəyişir. Elə ay olur ki, çəkilişlər və tədbirlər olur, elə ay da olur ki, yalnız teatrın maaşı ilə dolanmağa məcbur olursan. Ümumiyyətlə gərək bu sənəti, bu işi sevəsən ki, teatrda işləyə biləsən. Əgər bu işə ancaq maddiyat olaraq baxsan, yolun çoxda uzun olmayacaq”.
Link kopyalandı!
Son xəbərlər