Ermənistanda seçkilərin vaxtı dəyişdirilir: Paşinyan konstitusiya islahatlarına gedir - MÜSAHİBƏ
19
15:25, Bu gün

Ermənistanda seçkilərin vaxtı dəyişdirilir: Paşinyan konstitusiya islahatlarına gedir - MÜSAHİBƏ

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Natiq bəy, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh və regional kommunikasiyaların açılması istiqamətində əldə edilən razılaşmalar fonunda tərəflərin atdığı addımlar diqqət mərkəzindədir. Prosesin hazırkı səviyyəsini necə dəyərləndirmək olar? Tərəflər əldə edilən razılaşmalara nə dərəcədə sadiqdir?

- Əslində sülh istiqamətində Azərbaycanın atdığı addımlar daha çox diqqəti cəlb edir. Bu, qalib tərəf kimi rəsmi Bakının vacib jestlərindən biridir. Ermənistanda Baş nazir Nikol Paşinyana müxalif olan qüvvələr də bunu görür. Danışıqların heç də boş olmadığı, Azərbaycan tərəfindən də mühüm jestlərin olduğunu onlar da dərk edir. Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti institutlarının Ermənistana səfəri fonunda onların da Bakıda vacib görüşləri baş tutdu. Bununla yanaşı, Paşinyan Zəngəzur dəhlizi (Tramp marşrutu) açılana qədər alternativ yollar da təklif etdi. Azərbaycandan Türkiyəyə avtomobil vasitəsi ilə Ermənistandan keçməklə yol təklif olundu.

- Bu yolun perspektivi nədən ibarət idi?

- Əslində bu yolun perspektivi yoxdur. Qış aylarında bu yollar əlverişsiz olur. Dağlıq ərazilərdən keçdiyi üçün qış aylarında bu marşrutdan istifadə etmək mümkün deyil. Amma Azərbaycanın atdığı addımlara adekvat olaraq Ermənistan da belə bir jest etməyə çalışdı. Onlar iddia edirlər ki, Zəngəzur yolu açılana qədər bu yoldan da istifadə etmək mümkündür.

- Buna Azərbaycanın reaksiyası necə oldu?

- Rəsmi Bakı bu məsələyə reaksiya vermədi. Çünki bu, mənasız idi. O yoldan istifadə noyabr ayından başlayaraq mart-aprel aylarına qədər çox çətin olur. Qarlı-çovğunlu, sərt dolanbaclı dağ yollarından istifadə təhlükəsizlik baxımından da sərfəli deyil.

- Ermənistanda gözlənilən parlament seçkilərinə bu prosesin təsirini necə dəyərləndirmək olar?

- Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu baxınmdan Bakı və İrəvan arasında atılan addımlar bu prosesə necə təsir edə bilər? İstənilən addım, jest Ermənistanda daxili siyasət, eyni zamanda Paşinyan və onun komandası üçün istifadə olunmağa çalışılır. Bunu nəzərə alaraq Ermənistan tərəfi də müsbət mesajlar verir. Gələn ilin parlament seçkilərindən sonra Paşinyan və onun komandasının hakimiyyətdə qalması Azərbaycanla aparılan sülh danışıqları və ümumilikdə prosesi intensivləşdirə bilər.

- Amma rəsmi İrəvanın ehtiyatlı davranışı da nəzərdən qaçmır. Bu nə ilə bağlıdır?

- Bu, daha çox seçkilərlə bağlı olan bir prosesdir. Bu yaxınlarda Ermənistanın Eçmiədzin bölgəsində bələdiyyə seçkiləri keçirildi. Erməni kilsəsinin əsas özəyi burada yerləşir. İndiki halda Paşinyanla kilsə arasında ciddi konflikt var. Amma bütün bunlara rəğmən Paşinyanın partiyası Eçmiədzində keçirilən bələdiyyə seçkilərində qalib gəldi. Görünən odur ki, bu xətt erməni cəmiyyətinə yaxşı təsir göstərir. Bu xətt davam etsə, parlament seçkilərində Paşinyan komandasının qalib gəlməsi labüd ola bilər. Beləliklə, sülh prosesinin irəliləməsi və Zəngəzur dəhlizinin açılması bir qədər sürətlənər.

- Ermənistanda gələn ilin yayında keçirilməsi nəzərdə tutulan seçkilərin vaxtının önə çəkilməsi ehtimalı varmı?

- Seçkilərin vaxtının önə çəkilməsi daha məntiqlidir. Gələn ilin may ayında Ermənistanda Avropa Siyasi Birliyinin tədbiri keçiriləcək. Ola bilər ki, Paşinyan həmin tədbirin vaxtına qədər Ermənistanda seçkiləri keçirib qələbə qazansın və təbrikləri bunun fonunda qəbul etmək istəsin. Belə bir ehtimal var.

- Konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi ehtimalını necə dəyərləndirirsiniz? Rəsmi İrəvan sülh üçün yeganə maneə olan bu məsələnin də qısa zamanda həllinə nail ola biləcəkmi?

- Ehtimal var ki, Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı referendum parlament seçkilərindən sonra keçirilsin. Əgər Paşinyan komandası seçkilərdə qalib gəlsə, daha rahat şəkildə konstitusiya islahatlarına gedə bilər.

- Seçkinin vaxtının dəyişidirilməsi Paşinyan üçün risklər yarada biləcəyi də ehtimal edilir…

- Təbii ki, bunun riskləri var. Seçkinin vaxtı dəyişdirilməsə belə, o vaxta bir ay qalmış Avropa liderlərinin İrəvana səfəri, Paşinyan üçün bir piar olacaq. Bununla da o erməni cəmiyyətinə sülh və avrointeqrasiya ilə bağlı imkan və fürsət yaradacaq. Çünki Avropa liderlərinin Ermənistana mühüm seçkilərdən bir ay öncə səfəri Paşinyanın mövqelərini daha da gücləndirə bilər. Bu tədbirə Azərbaycan və Türkiyə liderləri dəvət edilib. Sözsüz ki, yüksək səviyəli səfərlər olmasa da, Azərbaycan və Türkiyədən nümayəndə heyətinin İrəvana səfərinin baş tutması mümkündür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər