Azərbaycan Turizm və Menecment Universitetində maarifləndirici tədbir keçirilib - FOTO
222
15:59, Bu gün

Azərbaycan Turizm və Menecment Universitetində maarifləndirici tədbir keçirilib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetində müəllimlər və universitetin akademik heyətinin iştirakı ilə İnsan alveri cinayətlərinin aradan qaldırılmasına dair maarifləndirici tədbir keçirilib.
 
Tədbiri ATMU-nun Baş Hüquqşünası Aydın Kərimov açmış, yığıncağın məqsədi haqqında iştirakçılara məlumat verərək bildirmişdir ki, dünyada insan alveri qurbanlarının səsləri artıq daha aydın eşidilir. Onlar görünməz zəncirlərlə bağlı, cəmiyyətdən uzaqlaşdırılmış şəxslərdir.
 
Qeyd edilib ki, dünya miqyasında insan alverinin yeni formalara keçməsi, böhranlar, milli və dini zəmində baş verən münaqişələr fonunda artması müşahidə olunur. Bu artım hər birimizi güclü və koordinasiyalı fəaliyyətə çağırır. Gücümüzü birləşdirsək bu cinayətlərin qarşısını almaq mümkündür.
 
Daha sonra layihənin rəhbəri “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev çıxış etmişdir. O, insan alveri cinayətlərini insanların şüuruna, ümidinə, gələcəyinə, hüquq və azadlıqlarına, insan ləyaqətinə edilən qəsd kimi qiymətləndirib, qurbanların müdafiəsini hər kəsin insanlıq borcu kimi dəyərləndirmişdir.
 
Şəmsəddin Əliyev insan alverinə qarşı mübarizənin üç əsas istiqamətdə — profilaktika, maarifləndirmə və qurbanların cəmiyyətə reinteqrasiyası, yəni Protection (qurbanların qorunması) və Prevention (qorunma) faktorları əsasında effektiv strategiya tələb etdiyini vurğulamışdır. O, müdafiə tədbirləri olmadan təqib prosesinin səmərə verməyəcəyini, profilaktika olmadan isə qurbanların sayının azalmayacağını qeyd etmişdir.
 
Tədbirdə ATMU-nun psixoloqu Nuranə Şahin çıxış edərək, insan alveri qurbanlarının psixoloji vəziyyətinin və onların reabilitasiyasının vacibliyini vurğulamışdır. O, belə cinayətlərdən zərər çəkmiş şəxslərin uzun müddətli psixoloji travmalarla üzləşdiklərini və bu travmaların aradan qaldırılması üçün psixoloji dəstəyin əhəmiyyətini qeyd etmişdir.
 
İştirakçıların diqqətinə insan alverinə qarşı mübarizədə vacib olan konkret addımlar da çatdırılıb:
 
Qurbanların yardıma ehtiyacı olan şəxslər kimi tanınması;
 
Uzaq bölgələrdə, məktəblərdə, iş yerlərində və onlayn platformalarda insan alverinin mexanizmləri barədə davamlı maarifləndirici işlərin aparılması;
 
Riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər görülməsi və vətəndaşların yardım xətləri barədə məlumatlandırılması;
 
Qurbanların real statistikasının və istismar növlərinin izlənməsi üçün güclü məlumat və monitorinq sistemlərinin qurulması.
 
Tədbirdə həmçinin ATMU-nun  tələbələri insan alver ilə bağlı maraqlı sualları ilə çıxış etdilər. 
 
Sonda cəmiyyətə mesaj olaraq bildirilib ki:
 
“İnsan alveri transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli formalarından biri olaraq XXI əsrdə də qlobal problem olaraq qalır. Əşya kimi alınıb-satılan, azadlığı və ləyaqəti əlindən alınan insanlar var. Yalançı vədlərlə hüquqları məhdudlaşdırılan, aldadılan şəxslər əsasən həssas kateqoriyaya aid olur və cinayətkar qruplar tərəfindən istismara məruz qalırlar. Zorakılıqdan, aldadılmaqdan və istismardan qurtulmaq üçün birlikdə mübarizə aparaq, gələcəyimizi qoruyaq!”
 
“Polisə Dəstək” İB-nin mətbuat xidməti
 
 
Link kopyalandı!
Son xəbərlər