Son günlər əhali arasında yüksək hərarət, üşütmə, zökəm və halsızlıq kimi əlamətlərlə müşahidə olunan xəstəlik dalğası geniş yayılmağa başlayıb. Bu xəstəliyin mövsümi virus olub-olmaması və ya yeni bir infeksiyanın yayılması ehtimalı cəmiyyətdə narahatlıq doğurur.
Bununla yanaşı, hansı profilaktik tədbirlərin görülməli olduğu da insanları maraqlandırır.
İnfeksionist Aytən Ziyadova Sfera.az-a açıqlamasında bildirib ki, hazırda dövriyyədə bir neçə növ virus mövcuddur, lakin hansı virusun daha çox yayıldığını bilmək olmaz. Onun sözlərinə görə, əhali arasında aparılacaq kütləvi virus testlənməsi yolu ilə dominant virus növünü müəyyənləşdirmək mümkündür:

“Mövsümi respirator viruslar, qrip, paraqrip, parainfluenza, koronaviruslar, adenovirus, respirator-sinsitial virus (RSV), rinoviruslar, klinik olaraq bir-birinə çox bənzər əlamətlərlə müşahidə oluna bilər. Xəstələrdə yüksək hərarət, halsızlıq, boğaz ağrısı, öskürək, qusma, iştahsızlıq, əzələ ağrıları və bəzi hallarda ishal görülə bilər. Əlamətlərin ağırlığı şəxsin yaşı, yanaşı xəstəlikləri və immunitet vəziyyətindən asılı olaraq dəyişir. Virus infeksiyalarından sonra bəzi hallarda bakterial ağırlaşmalar, pnevmoniya və plevrit kimi ciddi fəsadlar yarana bilər. Bu səbəbdən xəstəliyin ilk günlərində düzgün yanaşma çox vacibdir”.
İnfeksionist virus infeksiyalarına yoluxmanın qarşısını almaq və yoluxduqda həyata keçirilməsi lazım olan tədbirlərdən də söz açıb:
“Xəstə şəxsin digər insanlarla təmasını məhdudlaşdırması və izolasiya qaydalarına əməl etməsi, ictimai yerlərdə maska istifadəsi, bol maye qəbulu və lazım olduqda həkimin məsləhət gördüyü hərarətsalıcıların qəbulu vacibdir”.
Müsahibimiz bildirib ki, antibiotiklər viruslara təsir etmir:
“Bu səbəbdən antibiotik istifadəsinə yalnız həkim müayinəsindən sonra və müvafiq tibbi göstəriş olduqda icazə verilir”.
A. Ziyadova payız-qış mövsümündə respirator infeksiyalardan qorunmağın ən təsirli yollarını da qeyd edib:
“Payız-qış mövsümündə respirator infeksiyalardan qorunmağın ən təsirli yolları gigiyena qaydalarına əməl etmək, maskadan istifadə etmək, immuniteti gücləndirmək və xəstəlik hallarında vaxtında həkimə müraciət etməkdir”.